Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baki-baku.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları, Xəzər dənizinin sahil sularında sıralanan gəmilərdən fasiləsiz fit səsi verilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib.