Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində dayanacaq pavilyonu quraşdırılıb.
Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, pavilyonların quraşdırılması Moskva prospektində, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolda cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil edilməklə 4 pavilyon quraşdırılır.
Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə “20 Yanvar” metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq mövcud 2 dayanacaq pavilyonunun yanında daha 1 pavilyonun quraşdırılmasına başlanılıb.
Bununla da vətəndaşların rahatlığı üçün Moskva prospektində 6 yeni müasir dayanacaq təşkil edilir.