Bakının mərkəzində, Nəsimi rayonu, Vidadi küçəsi 107 ünvanında yerləşən və dövlət tərəfindən qorunan yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunan, 1907-ci ilə aid binanın həyətində yaranmış tullantı problemi aradan qaldırılıb.
Baki-baku.az xəbər verir ki, daha əvvəl binada təmir işləri aparan sakin tərəfindən tullantıların daxili həyətdə toplandığı, təmir işləri başa çatsa da ərazinin təmizlənmədiyi barədə məlumat yayılmışdı.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edilmişdi.
Xidmətin əməkdaşları əraziyə baxış keçirərək sakinlə söhbət aparıb və sakin tullantıların bir neçə gün ərzində ərazidən kənarlaşdırılması ilə bağlı öhdəlik götürüb.
Hazırda sakin tərəfindən götürülən öhdəlik yerinə yetirilib və binanın həyətindəki tullantılar ərazidən təmizlənib.
Beləliklə, dövlət tərəfindən qorunan tarixi binanın həyətində yaranmış problem aradan qaldırılıb və ərazi əvvəlki vəziyyətinə qaytarılıb.