Herodot: Qüllənin alt mərtəbəsində Tanrı Mardukun II məbədi və Böyük heykəli var, 24 tonluq bu heykəl xalis qızıldan tökülüb və qarşısında qurbanlar kəsilib
Misirin Xeops ehramı, Babilin – Semiramidanın Asma bağları, Olimpdə Zevsin heykəli, İzmirdə Artemida məbədi, İskəndəriyyə mayakı, Bodrumun Halikarnas mavzoleyi kimi Babil qülləsi də dünya insanının heyrət ünvanlarından biridir. Bəzi rəvayət və müqəddəs kitablarda adı keçən Babil Akkad dilində “Bab-illu” – yəni Tanrının qapısı deyə səslənir. Tədqiqatçı alimlərin qənaətinə görə isə, Babil həm də “Cəhənnəmin qapıları” mənasını ifadə edir. Bunu ərazidə baş verən təbii fəlakətlərlə əlaqələndirən alimlər kifayət qədər dəlillər irəli sürürlər.

İnsanın Tanrıya uzanan əli, yaxud bölünən dili
Əldə olunan məlumatlardan bəlli olur ki, 1500 il mövcud olan Babilistanın paytaxtı Babil şəhəri Bağdaddan 100 km cənubda yerləşib. Fərat çayı şəhərin düz ortasından keçib. Digər bir rəvayətə görə Nuhun tufanından sonra onun törəmələri Mesopotamiyada məskən salıblar. Eyni dildə danışan bu insanlar Babil şəhərinin təməlini qoyublar. Tanrıya yaxın olmaq üçün Qüllə tikməyə başlayıblar. Deyilənlərə görə Tanrı bundan qəzəblənib və insanlara müxtəlif dilləri göndərib. Günlərin bir günü yuxudan ayılan adamlar bir-birlərini başa düşməyiblər. Bu səbəbdən də, inşaat işləri dayanıb. Daha sonra sel və güclü külək Qülləni yerləbir edib. Orada yaşayan insanlar dünyanın müxtəlif istiqamətlərinə səpələnib. Onu da qeyd edək ki, İslam tarixində də Musa peyğəmbər, Firon, Harun və kərpicdən tikilən qüllə barədə rəvayətlər var.

Tanrı Marduka kəsilən qurbanın ünvanı
Əfsanəyə görə, Babil Qülləsi yeddi mərtəbəli olub. Tarixi mənbələrə əsasən isə Babil qülləsi min illər öncə Tanrı Mardukun şərəfinə inşa edilib. Qüllənin nə vaxt tikilməsi barədə dəqiq məlumat olmasa da, bir neçə dəfə dağıldığı və yenidən tikildiyi bəllidir. Arxeoloji qazıntılar zamanı əldə olun gil lövhələrə görə şəhər eramızdan əvvəl 275-ci ildə tərk edilib. Bəzi mənbələrə görə Herodot eramızdan əvvəl IV əsrdə Babilistanda olub. O, Babil qülləsinin 85 milyon kərpicdən tikildiyini və qüllənin zədəli olduğunu qeyd edib. Herodota, tarixin atasına görə qüllənin alt mərtəbəsində Tanrı Mardukun II məbədi və Böyük heykəli olub. 24 tonluq heykəl xalis qızıldan tökülüb və qarşısında qurban kəsilib.

Tanrının qəzəbindən Makedoniyalı İskəndərin sevgisinə
Makedoniyalı İsgəndər Babilə gəldiyi zaman qüllənin dağıldığını gördüyü də əldə olunan məlumatlar sırasındadır. Məlumatlardan o da bəlli olur ki, İsgəndərin əmri ilə qüllə yenidən inşa edilmək üçün sökülür. Tikinti işlərinin başladığı dövrdə Makedoniyalı İsgəndər dünyasını dəyişib. Digər bir nüfuzlu tarixçi Əl-Təbəri isə Babil qülləsini Nəmrudun inşa etdiyini yazır. Eyni zamanda o, Tanrının qülləni yıxdıqdan sonra insanları 72 dilə ayırdığını qeyd edir.

Herodotdan Piter Bregerə, Salerno kafedralından Babil qəsrinə…
Əldə olun digər məlumatlardan o da bəlli olur ki, İntibah dövründə bir çox rəssam Herodotun qeydlərinə istinad edərək qülləni təsvir edib. Babil qülləsinə aid ən məşhur əsər isə Piter Bregerin 1563-cü ildə çəkdiyi rəsm qəbul olunub. Qüllənin ən qədim təsviri isə İtaliyadakı Salerno kilsəsinin barelyefində əks olunub.

Robert Koldevey – əfsanənin gerçəyi
1899-cu ildə Alman arxeoloq Robert Koldevey Babilin xarabalıqlarını aşkar edib. Arxeoloqun apardığı qazıntılar 15 il çəkib. Bununla da, Babil qülləsinin və Semiramidanın – Babilin Asma bağlarının əfsanə deyil, gerçək olduğu sübut edilib. Əldə olunan bir başqa məlumatda isə qeyd olunur ki, “Babil qülləsi” ifadəsi həm də “yarımçıq qalan, uğursuzluqla nəticələnən bir iş” mənasını verir. Bu faktdan çıxış edərək deyə bilərik ki, hələ də o, dünyanın yeddi möcüzəsindən biri kimi qalır və qəbul edilir. Avropa İttifaqının binasının Babil qülləsinin formasında bilərəkdən yarımçıq şəkildə inşa edilməsi də, şübhəsiz ki, dünyanın hələ çox-çox yarımçıq işlərinin, problem və qayğılarının mövcudluğuna işarədir. Yer üzünü bircə “Ol!” kəlamından xəlq edən Ulu Tanrı müqəddəslərə, müqəddəsliklərə, eyni zamanda dünyanın yeddi möcüzəsi xatirinə insanın, insanlığın qayğısını, Yer üzünün problemlərini azaltsın. Düyünlərini çözüb, müşkülünü asan etsin.
Şərəf Cəlilli