Bakıya illər sonra qayıdan İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz paytaxtımızda baş verən dəyişikliklərdən, Azərbaycanın bölgələrinə səfərlərindən, milli mətbəximizdən, insanlarımızın qonaqpərvərliyindən danışır.
Səfirin Baki-baku.az-a müsahibəsini təqdim edirik:
– Bildiyimizə görə, bu, ölkəmizdəki ilk fəaliyyətiniz deyil. Siz təxminən 10 il əvvəl də diplomatik missiya rəhbərinin müavini kimi Azərbaycanda çalışmısınız. O dövrdən bu günə qədər Azərbaycanla bağlı hansı dəyişiklikləri müşahidə etmisiniz?
– Mən buradakı fəaliyyətimi 11 il əvvəl başa vurmuşdum. Uzun illər sonra geri qayıtdım və Bakının nə qədər inkişaf etdiyini görmək həqiqətən heyrətamiz idi. O dövrdəki bəzi küçələri hələ də xatırlayıram, indi isə onlar tamamilə fərqli görünür. Yeni parkları, genişləndirilmiş bulvarı, bütövlükdə “Port Baku” ərazisini və “Crescent Mall”u gördüm – bunların heç biri o vaxt mövcud deyildi.
Bu, yalnız Bakı ilə bağlıdır. Azərbaycana qayıtdıqdan sonra ölkənin müxtəlif bölgələrinə də kifayət qədər səfər etmişəm. Yol infrastrukturunun inkişafı, məsələn, Qəbələ və Şamaxıya aparan yollar məndə böyük təəssürat yaradıb. Əlbəttə, Qarabağı da xüsusi qeyd etmək istəyirəm. 15 il əvvəl Azərbaycanda olduğum dövrdə Qarabağa heç vaxt getməmişdim. Azərbaycana qayıtdıqdan sonra isə artıq üç dəfə bölgəyə səfər etmişəm. Orada gedən inkişaf prosesini görmək həqiqətən inanılmazdır.
– Burada olduğunuz müddətdə Azərbaycanı daha yaxından tanımaq imkanınız yaranıb. Ölkəmizdə ən çox hansı məkanlar, yeməklər və Azərbaycan xalqının hansı xüsusiyyətləri sizdə daha güclü təəssürat yaradıb?
– Məncə, Azərbaycanda görməyin çox xoş olduğu əsas xüsusiyyətlərdən biri insanların səmimiyyəti və istiqanlılığıdır. Haraya gedirəmsə və yerli insanlarla danışıramsa – istər Bakıda, istərsə də şəhərdən kənarda – hər yerdə çox qonaqpərvər, mehriban insanlarla qarşılaşıram. Onlar daim yeni şeylər öyrənməyə, əməkdaşlıq üçün imkan və yollar axtarmağa həvəslidirlər. Düşünürəm ki, İsraillə əməkdaşlığı inkişaf etdirmək istəyən, buna böyük maraqla yanaşan insanlarla söhbət etmək hər zaman müsbət haldır. Bu, gələcək əməkdaşlıq və yeni layihələrin həyata keçirilməsi üçün çox yaxşı təməl yaradır.

– Bəs Azərbaycan milli mətbəxindən artıq əsas sevimli yeməklərinizdən birinə çevrilən hansısa təam varmı?
– Azərbaycan mətbəxini həqiqətən çox sevirəm. Hətta deyə bilərəm ki, işlədiyim digər ölkələrdə də Azərbaycan restoranlarına gedirdim. Burada əvvəlki fəaliyyətim dövründə isə tanıdığım və Azərbaycana qayıtdıqdan sonra yenidən dadmaq fürsətim olan bir yeməyi xüsusi qeyd etmək istərdim – bu, xaşdır.
– Sizcə, bu gün Azərbaycan və İsrail xalqları bir-birini nə dərəcədə yaxşı tanıyır? İki cəmiyyəti bir-birinə daha da yaxınlaşdırmaq üçün əlavə olaraq nələr etmək olar?
– Mən yenə də bugünkü vəziyyəti 15 il əvvəl xatırladıqlarımla müqayisə edirəm. O vaxt Azərbaycana gələn israilli turistlərin sayı o qədər də çox deyildi. 15 il əvvəl israillilər Azərbaycan haqqında çox şey bilmirdilər. Bu gün isə Azərbaycan haqqında daha çox məlumatlıdırlar – ölkələrimiz arasındakı münasibətlər, enerji, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq barədə daha çox bilirlər.
İsraillilər Azərbaycanı kəşf etdikdən sonra buraya daha çox gəlməyə başlayıblar. Bu gün Bakının küçələrində gəzərkən hər yerdə ivrit dilini eşitmək mümkündür – hotellərdə, restoranlarda, bulvarda, demək olar ki, hər yerdə. Mən deyərdim ki, Azərbaycan bu gün israilli turistlər üçün əsas turizm istiqamətlərindən birinə çevrilib. İki ölkənin insanları arasında qarşılıqlı əlaqələr nə qədər çox inkişaf edərsə, bir-birimiz haqqında məlumatımız və qarşılıqlı anlayışımız da bir o qədər artar.
– İsrailli turistə “Bakıdan başqa Azərbaycanda mütləq bu yerləri görməlisiniz” desəydiniz, hansı üç istiqaməti tövsiyə edərdiniz?
– Əvvəla, Bakının ətrafında mütləq görülməli yerlər var. Yanardağ, Qobustan və palçıq vulkanlarını qeyd edərdim. Məncə, Bakıya gələn hər kəs bu yerləri mütləq görməlidir. Bakıdan kənarda, səyahət etmək üçün kifayət qədər vaxtı olan turistlərə digər bölgələr haqda məlumat versək, İsraildən gələn turistlər – həm yəhudilər, həm də müsəlman israillilər üçün – Qubadakı Qırmızı Qəsəbəni ziyarət etmək çox vacib və maraqlı olar, çünki bu, olduqca unikal bir məkandır.
Vaxtları olarsa, Şəkiyə, Qəbələyə, Şamaxıya və İsmayıllıya getməyi də tövsiyə edərdim. Azərbaycanda görüləsi çox gözəl yerlər var. Mən ölkənin bir çox bölgəsində olmuşam, Lerikdə də olmuşam.
Şəki çox gözəldir və şəxsən mən oranı çox sevirəm. Quba rayonundakı Xınalığı da xüsusi qeyd edərdim. Xınalıqda dəfələrlə olmuşam. Kimsə məndən “Hara getməyi tövsiyə edərdiniz?” soruşsa, Xınalığa da mütləq getməyi məsləhət görərdim.

– Azərbaycana gələn israilli turistlərin sayını artırmaq üçün hansı addımlar atıla bilər?
– 15 il əvvəlki vəziyyəti bu günlə müqayisə etsəm, müsbət istiqamətdə dəyişən əsas məsələlərdən biri uçuşların sayıdır. O vaxt həftədə cəmi bir reys var idi. Bu gün isə İsraillə Azərbaycan arasında həftədə təxminən 40 uçuş həyata keçirilir və təyyarələr dolu olur.
O vaxt iki ölkəni yalnız bir aviaşirkət – AZAL birləşdirirdi. İndi isə AZAL-la yanaşı, “Arkia” və “Israir” də uçuşlar həyata keçirir. Ümid edirik ki, oktyabr ayında daha bir aviaşirkət qoşulacaq.
Bu, çox yaxşı göstəricidir. Sərnişinlərin əhəmiyyətli hissəsi Azərbaycanı ziyarət etmək üçün gəlir, lakin bir çoxları Azərbaycandan tranzit məntəqəsi kimi də istifadə edir. Onlar Bakıya uçur, daha sonra isə başqa istiqamətlərə yollanırlar.
Düşünürəm ki, ölkələrimiz arasında bu qədər yaxşı inkişaf etmiş hava əlaqəsi mövcud olduğu müddətdə daha çox israilli Azərbaycana gələcək, ölkəni tanıyacaq və onu sevəcək.
– İsrailə səfər edən azərbaycanlı turistlərə hansı şəhər və istiqamətləri tövsiyə edərdiniz?
– İsraildə mütləq ziyarət edilməli iki əsas şəhərdən biri, şübhəsiz ki, paytaxt və müqəddəs şəhər olan Qüdsdür. Qüdsə gələn insan üç əsas dinə aid müqəddəs məkanlarla tanış ola və şəhərin gözəlliyini görə bilər.
Digər şəhər isə Təl-Əvivdir. Əslində, söhbət yalnız Təl-Əvivdən getmir, Yaffanı da qeyd etmək lazımdır. Yaffa Təl-Əvivin yanında yerləşir və əslində vahid şəhərin bir hissəsidir. Biz onu Təl-Əviv–Yaffa adlandırırıq.
Yaffada əsasən müsəlman və xristian dininə mənsub olan israilli ərəblər yaşayırlar. Ölkənin bir çox şəhərində də bunu görmək mümkündür. Qüdsdə də israilli ərəblər yaşayırlar. Eyni mənzərə Yaffada, Hayfada, Akkoda və ölkənin bir çox başqa şəhərlərində mövcuddur.
Bundan başqa, tarixi məkanları – Qeysəriyyəni, Masadanı ziyarət etmək də çox maraqlı olar. İsraildə tarixi minilliklərə gedib çıxan çoxlu sayda maraqlı abidə və məkan var.
– İsrailə səfər edən azərbaycanlı turistlərin sayını artırmaq üçün nələr etmək olar? Turizm şirkətləri, birgə marşrutlar və ikitərəfli turizm layihələri bu prosesdə hansı rol oynaya bilər?
– Düşünürəm ki, hər iki ölkənin insanları bir-biri haqqında nə qədər çox məlumatlı olsalar, bu, ümumilikdə turizm sahəsinin inkişafına da kömək edəcək.
Turizm təşkilatlarının və turizm şirkətlərinin qarşılıqlı səfərlərinin artması, ölkələrin tanıdılması, insanlara orada nələri görmək və hansı imkanlardan istifadə etmək barədə məlumat verilməsi çox vacibdir.
Nəticədə insanlar tətil üçün mövcud seçimlərə baxarkən bir-birimizin ölkələrini də mümkün istiqamət kimi nəzərdən keçirə biləcəklər.
– Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlıq daha hansı istiqamətlərdə genişləndirilə bilər?
– Ölkələrimiz arasında səhiyyə və tibb sahəsində artıq mövcud əməkdaşlıq var. Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndələri İsrailə səfərlər ediblər. TƏBİB nümayəndələri də İsraildə olub, orada tətbiq olunan müxtəlif layihələr və fəaliyyət modelləri ilə tanış olublar. Ümid edirəm ki, iki ölkə arasında bilik və təcrübə mübadiləsi davam edəcək.
Bundan başqa, praktiki tibbi xidmətlər sahəsində də qarşılıqlı əməkdaşlıq görürük. İsraildən həkimlər Azərbaycana gəlir, burada çalışır və yerli pasiyentlərə tibbi xidmət göstərirlər. Eyni zamanda, Azərbaycandan olan pasiyentlər müalicə üçün İsrailə gedirlər. Yəni proses qarşılıqlıdır.
Həmçinin İsraildən Azərbaycana öyrənmək məqsədilə gələn həkim qrupları da var. Məsələn, kosmetoloji müalicələrlə məşğul olan həkimlər Azərbaycanda keçirilən xüsusi təlimlərdə iştirak edirlər. Onlar burada əldə etdikləri bilikləri İsrailə aparır və öz klinikalarında tətbiq edirlər.

– Xəstəxanalar, klinikalar və tibb universitetləri arasında birbaşa əməkdaşlığı gücləndirmək, eyni zamanda gənc həkim və tədqiqatçılar üçün təlim imkanlarını və birgə elmi layihələri genişləndirmək üçün hansı addımlar atıla bilər?
– Bu məsələ əslində universitetlər arasındakı əməkdaşlıqla da sıx bağlıdır. Biz bu istiqamətdə də çalışırıq. Bir qədər əvvəl Qarabağdan danışdım. Xankəndidə Qarabağ Universitetinin yeni Tibb fakültəsini ziyarət etmişəm. Universitetdə oldum və hazırda Qarabağ Universiteti ilə İsrail universitetləri arasında müəyyən müzakirələr aparılır. Ümid edirəm ki, bu əməkdaşlıq real layihələrə çevriləcək. Qeyd etdiyim kimi, həm Azərbaycandan İsrailə, həm də İsraildən Azərbaycana müxtəlif nümayəndə heyətlərinin səfərlərini görürük. Onlar müxtəlif təlim kurslarında iştirak etmək və praktiki təcrübə qazanmaq məqsədilə səfər edirlər.
İnanıram ki, gələcəkdə bu cür proqramların sayı daha da artacaq. Səfirlikdə fəaliyyətimiz zamanı biz də bu istiqamətə xüsusi diqqət yetiririk.
– Azərbaycan və İsrail arasında mədəni əlaqələri daha da intensivləşdirmək, musiqi, kino, ədəbiyyat və mədəniyyətin digər sahələri vasitəsilə hər iki ölkənin xalqlarının bir-birini daha yaxından tanımasına kömək etmək üçün nələr etmək olar?
– Şübhəsiz ki, mədəniyyət çox vacibdir. Sadaladığınız sahələrə idmanı da əlavə edərdim. Bu yaxınlarda…
– “Sabah” – “Hapoel”…
– Bəli! “Sabah”ı təbrik edirəm, çox möhtəşəm oyun göstərdilər. Mən stadionda idim və oyunu canlı izləmək həqiqətən inanılmaz idi. Çempionlar Liqasının püşkatmasından sonra Azərbaycana nəhəng klublar gələcək və biz bunu səbirsizliklə gözləyirik. Mədəniyyət, ədəbiyyat və musiqiyə gəlincə, bəli, biz bu istiqamətlərin inkişafı üçün də çox fəal çalışırıq. Azərbaycana müxtəlif qruplar və ifaçılar gəlir. Məsələn, bu yaxınlarda Bakıda keçirilən Piano Festivalında İsrail nümayəndələri iştirak etdilər.
Ötən il Bakıda keçirilən teatr festivalında İsrail teatrı iştirak etmişdi və ümid edirik ki, bu il də iştirak edəcək.
Azərbaycanlı sənətçilər də İsraildə çıxış edirlər. Məsələn, Emin Ağalarov bir neçə ay əvvəl İsraildə olub. Başqa azərbaycanlı sənətçilər də İsrailə gedərək çıxış ediblər.
Səfirlik olaraq ivrit dilindən Azərbaycan dilinə kitabların tərcüməsi üzərində də çalışırıq. Ümid edirik ki, oktyabrda keçiriləcək kitab sərgisinə qədər kitablardan birinin tərcüməsi hazır olacaq.
Mədəniyyət dedikdə kino sahəsini də unutmaq olmaz. Oktyabr ayında keçiriləcək “DokuBaku” festivalında İsrailin iştirakı nəzərdə tutulur. İsrail filmi nümayiş etdiriləcək və İsrail nümayəndələri festivalda iştirak edəcəklər.
Dediyim kimi, ümumilikdə mədəniyyət ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini yüksəltmək baxımından çox vacibdir.
– Universitetlər, muzeylər, kitabxanalar, yaradıcı peşə sahibləri və gənclər arasında əməkdaşlığı, o cümlədən tələbə və peşəkar mübadilə proqramlarını genişləndirmək üçün yeni təşəbbüslər nəzərdə tutulurmu?
– Deyə bilərəm ki, məhz indi, biz burada söhbət etdiyimiz vaxt Azərbaycan Dillər Universitetindən bir qrup tələbə İsraildədir və ivrit dilini öyrənir. Onlar ivrit dili biliklərini təkmilləşdirmək üçün İsraildə təhsil alırlar. Tələbələr artıq bir aydır ki, İsraildədirlər və gələn həftə geri qayıdacaqlar.
Gəncədəki Aqrar Universitetin tələbələri üçün də proqramlar üzərində işləyirik. Proqram “Agrostudies” adlanır. Tələbələr İsrailə gedərək həm təhsil alacaq, həm işləyəcək, həm də praktiki təcrübə qazanacaqlar. Təxminən 50 tələbədən ibarət bir qrupun İsrailə səfər edəcəyinə ümid edirik. Hazırda bu layihə üzərində iş gedir.
Bakıdakı Turizm Universiteti ilə də əməkdaşlıq üzərində çalışırıq. Mən 15 il əvvəl burada işlədiyim vaxt belə bir proqramımız var idi. Hər il universitet tələbələrini beş ay müddətinə İsrailə göndərirdik. Onlar orada həm işləyir, həm öyrənir, həm də praktiki təcrübə qazanırdılar.

– Əgər danışdığımız sahələrdən – turizm, səhiyyə, mədəniyyət və ya təhsildən yalnız birini seçməli olsaydınız, hazırda Azərbaycan və İsrail arasında əməkdaşlığın gücləndirilməsi baxımından ən böyük, lakin hələ tam istifadə olunmamış potensialı hansı sahədə görərdiniz?
– Bu sahələrin hamısında artıq yaxşı əməkdaşlıq qurulub, lakin sadaladığınız istiqamətlərdən yalnız birinə daha çox diqqət ayırmalı olsaydım, təhsili seçərdim. Təhsil son dərəcə vacibdir. Əvvəla, bu sahədə ikitərəfli əməkdaşlığımız mövcuddur. Təhsil Nazirliyi ilə yaxşı əməkdaşlığımız var. İsrail qurumları tərəfindən həyata keçirilən STEAM proqramları mövcuddur. Bundan başqa, daha əvvəl qeyd etdiyimiz Kiber Akademiya da fəaliyyət göstərir. Təxminən bir ay əvvəl artıq yeddinci qrup proqramı başa vurub. Bu sahədə, xüsusilə təlimlər istiqamətində hələ çox iş görülməlidir. Ümumilikdə isə hesab edirəm ki, hər iki tərəfin bilik və təcrübəsini bir araya gətirmək üçün daha çox imkan tapmaq lazımdır. Söhbət yalnız İsraildən Azərbaycana mütəxəssis və bilik gətirilməsindən getmir. Proses əks istiqamətdə də olmalıdır, çünki Azərbaycanın yüksək təcrübəyə malik olduğu sahələrdə bizim də öyrənəcəyimiz çox şey var. Bunlardan biri energetikadır. Azərbaycan uzun illərdir enerji sahəsində böyük təcrübəyə malikdir. İsrail isə bu baxımdan hələ gənc ölkədir. Biz Aralıq dənizində enerji resurslarımızı nisbətən yaxın dövrdə aşkar etmişik. Başqalarının təcrübəsindən öyrənmək məsələsinə gəldikdə, hesab edirəm ki, bu sahədə Azərbaycanın təcrübəsindən çox şey öyrənə bilərik.
Mən daha çox israillinin Azərbaycana səfər etməsini, ölkənin yalnız turizm deyil, biznes potensialı ilə də tanış olmasını istərdim.
Hesab edirəm ki, Azərbaycana gələn israilli turistlərin sayının artması ölkə və burada mövcud olan biznes imkanları barədə məlumatlılığın yüksəlməsinə də kömək edir. İnsanlar Bakını və Azərbaycanın bölgələrini gəzmək, istirahət etmək üçün buraya gəlirlər. İsrailə qayıtdıqdan sonra isə anlayırlar ki, Azərbaycanla biznes qurmaq üçün də imkanlar var.
Beləliklə, növbəti dəfə Azərbaycana artıq turist kimi deyil, iş adamı kimi qayıda bilərlər.
Düşünürəm ki, görüləsi işlər çoxdur və potensial həqiqətən böyükdür. Çünki rəqəmlər də kifayət qədər yüksəkdir. Əgər ötən il Azərbaycana 70 min israilli turist gəlibsə, ümid edirik ki, bu il onların sayı daha çox olacaq. Bu isə biznes əməkdaşlığının yaradılması və inkişaf etdirilməsi üçün imkanları və fəaliyyət sahəsini daha da genişləndirir.
– Və sonda, Bakını cəmi üç sözlə təsvir etməli olsaydınız, paytaxtımızın ruhunu hansı sözlərlə ifadə edərdiniz?
– Əslində, bu sual haqqında əvvəlcədən düşünmüşdüm və cavabımı hətta yazmışdım:
“Mədəniyyətlərin, dadların və səslərin gözəl vəhdəti.”
Hacı Cavadov