Şirvanşahların su pərisinə, dəniz qızlarına peşkəş olan paytaxtı
Bu il yaddaşlara “Şəhərsalma və memarlıq ili” kimi yazıldı. Taleyin sərt üzündən tarixi torpaqları ilə həmsərhəd olan Odlar Yurdu Azərbaycanın Təbriz, Bakı, Gəncə, Dərbənd, İrəvan, Lənkəran, Bərdə, Şuşa, Şamaxı, Naxçıvan, Sarvan kimi qədim-qayım şəhərləri olub. Sulara qərq olan iki şəhəri ilə bağlı isə çoxsaylı əfsanələr, nağıllar düzülüb. Səbayel qəsri və Bəndovan şəhər mədəniyyətimizin inciləri kimi dünyanın məhşur səyyahlarının və tədqiqatçı alimlərin daima diqqətini çəkib. Bəndovan, Şamaxı kimi zəngin mədəniyyəti, əzəmətli memari inciləri ilə yüzillər boyu dəyərlər tariximizə şahidlik edib. Şirvan Milli Parkının ətəyində yerləşən Bəndovan haqqında illər, əsrlərdir əfsanələr, rəvayətlər söylənsə də, tarixi faktlar onun təkcə nağıl deyil, gerçək olduğunu sübuta yetirib. Alimlərin qənaətinə görə bu qədim şəhər əsasən IX-XIII əslər araslnda mövcud olub. Kür çayının mənsəbinə yaxın ərazidə yerləşən Bəndovan haqqında fərziyyələr irəli sürən tarixçilər onu “Kuştaspi” , yəni “Küştəspi” adlandığını və bir müddət Şirvanşahlar dövlətinin paytaxtı olduğunu qeyd ediblər.

Abbasqulu ağa Bakıxanov: “Bəndovan qəfil baş vermiş təbi fəlakət nəticəsində yox olub”
Bəndovan şəhəri haqqında məlumat verən ilk tarixçi alim, mütərcim, şair və yazıçı Abbasqulu ağa Bakıxanov olub. O 1840-cı ildə Bəndovan ərazisində sualtında qalmış şəhər qalıqları haqqında məlumat verib. Onun qənaətinə görə Bəndovan qəfil baş vermiş təbi fəlakət nəticəsində yox olub. Bəzi tədqiqatçılar bunu zəlzələ bəziləri isə dəniz səviyyəsinin qalxması, qasırğa və fırtına ilə əlaqələndirib. Bəndovan şəhərinin qalıqlarının quruda və dənizdə, Xəzərin təkində aşkar edilməsi, şəhərin tədricən mərhələli şəkildə su altında qalması düşüncəsini gücləndirib. Digər bir rəvayətə və qənaətə görə Bəndovan şəhəri qızıl, gümüş və qiymətli daş-qaşlarla zəngin olub.

Bəndovanın əski sakinlərinin yaddaşında Dəniz qızları və bu kimi əfsanəvi varlıqlar yer tutub
Şəhər su altında qalarkən xəzinələr də onunla birlikdə sulara qərq olub. Müxtəlif vaxtlarda Bəndovanla bağlı aparılan arxeoloji qazıntılar, ekspedisyalar zamanı əldə olunan çoxsaylı nümunələr onun daha qədim dövrlərə aid olan şəhər mədəniyyəti ilə ilgili olduğunu sübut edib. XII-XIII yüz ilə aid qabların birinin üzərində Yunan-Roma mədəniyyətinə aid nümunələrdə rast gəlinən qadın başlı, quş bədənli mifoloji varlıqların təsviri aşkar edilib. Bu tapıntı arxeoloq və mifoloqları inandırıb ki, Bəndovanın əski sakinlərinin yaddaşında Dəniz qızları və bu kimi əfsanəvi varlıqlar yer tutub.
Əldə olunan məlumatlarda əks olunan təsvirlər onu da sübut edib ki, yunanların Qafqaza səfərləri zamanı ölkəmizdə Bəndovan kimi ciddi şəhər mədniyyəti mövcud olub və Yunan-Roma mədəniyyəti onun mənəvi – dəyərlər sisteminə təsir edib.

Bəndovanla bağlı dolaşan əfsanələrin əksəriyyəti şəhərin tarixini Antik dövrə qədər aparıb çıxarır
Deyilənlərə görə yunanlar Tiflis, Başkeçid, Sarvan yörəsindən keçərkən Qafqaz Albaniyasınının mərkəzi şəhərlərində – Şəkidə, Qəbələdə, Bərdədə, Şirvan şahlığında, hətta sular şəhəri Bakıda, Səbayel qəsrində belə olublar. Üstəlik Bəndovan burnunda – Abşeron arxepalaqında məskən salıblar. Bəndovanla bağlı dolaşan əfsanələrin əksəriyyəti bu müəmmalı və möcüzəli şəhərin tarixini daha əski çağlara, Antik dövrlərə qədər aparıb çıxarır.

Arxeoloq alimlər Bəndovanın tarixini şərti olaraq iki yerə ayırırlar: I Bəndovan və II Bəndovan. Alimlər həmçinin onun ərazisində bir neçə yaşayış məskəninin olduğunu və ya şəhərin müxtəlif dövrlərdə inkişaf edib genişlədiyini deyirlər. Əldə olunan məlumatlara istinad edərək qeyd edə bilərik ki, Bəndovan şəhərinin qalıqları ilk dəfə ötən əsrin 60-cı illərində, 1961-1971 – ci illərdə aparılan arxeoloji qazıntılar zamanı üzə çıxıb. 1969-cu ildə Salyan rayonunun Xəzər sahilində tarixçi alim Viktor Kvaçidzenin apardığı davamlı tədqiqatlar nə az, nə çox düz 18 il sürüb. Araşdırmalar nəticəsində Bəndovanla, daha doğrusu qədim yaşayış məskənləri ilə dünyanın inkişaf trayetkrotiyasında mühüm yer tutan ölkəmizin şəhər mədəniyyəti ilə bağlı mühüm faktlar aşkarlanıb.

Bəndovan şəhərsalma tariximizdə mühüm yeri və məqamı olan şəhərlərdəndir
1970-ci ildə Bəndovan burnunda, Qaradağ rayonu ərazisində və Xəzər dənizinin təkində tarixi əhəmiyyətə malik olan əvəzsiz tapıntılar aşkarlanıb. Əldə olunan dulus küpləri, bəzək əşyaları, əmək alətləri və Şirvanşahlar dövlətinə aid sikkələr, Bəndovanın orta əsrlərin inkişaf etmiş şəhərlərdən biri olduğunu sübut edib. Səkkiz yüz ildən çox su altında qalan, sulara qərq olan, saxsı qabların bişirildiyi sobaların qalıqları, saxsı qablar da suyun altından çıxarılıb.
Bütün bu faktlar sübut edir ki, Təbriz , Dərbənd, Gəncə, Bərdə, İrəvan , Naxçıvan, Lənkəran, Şamaxı, Bakı, Səbayel kimi Bəndovan da şəhərsalma tariximizdə mühüm yeri və məqamı olan şəhərlərdəndir. Bunu təkcə əfsanələr, rəvayətlər, nağıllar deyil, eyni zamanda aparılan arxeoloji qazıntılar da sübut edir.

Bəndovan sulara qərq olan Səbayel qəsri kim yaddaş yerimiz, keçmişimiz və gələcəyimizdir
Bəndovan sulara qərq olan Səbayel qəsri kim yaddaş yerimiz, sirli, möcüzəli tariximiz, zəngin mədəniyyəti ilə seçilən əski şəhərimiz, eyni zamanda keçmişimiz və gələcəyimizdir. Bəndovanın tarixi ilə təkcə tarixçilər, arxeoloqlar deyil, mifoloq, türkoloq və dilçi alimlər də maraqlansalar gərəkli faktlar əldə edə bilərlər. O faktlar mütləq mənada milli mənlik və milli kimlik tariximiz üçün də əhəmiyyətli ola bilər. Tərtəmiz türk etnotoponimi olan Bəndovan ifadəsində iki incə məqam var: Bənd və ovan! Hər ikisindən ana dilimizin, özəl və gözəl türkçəmizin iyi, ətri, havası gəlir.
Bəndovan ətəyini alagözlü Xəzərdə yuyan, su pərisinə, dəniz qızlarına peşkəş olan yaddaş yerimizdir. Bəndovan həm də tellərini Xəzri darayıb, Gilavar sığallayan qədim-qayım şəhərimizdir. Şirvan Milli Parkına – Bəndovana gəlin. Sirli, möcüzəli şəhərimizin başına gələnləri öyrənin, qəlbindən keçənləri dinləyin. Millət, məmləkət, şəhər, kənd də insan kimidir, yaddaşı ilə yaşayır. Doğulur, yaranır, inkişaf edir, əfsanəyə, nağıla, xatirəyə çevrilir!
Şərəf Cəlilli