Qılıncla qurulan, taxt savaşları ilə parçalanan İmperiya
Məlikşahın ölümündən sonra üç nəfər taxt üçün iddiada bulundu. Sultanın həyat yoldaşı Tərkən xatun isə Bağdadda 5 yaşındakı oğlu Mahmudu sultan elan etməklə kifayətlənmədi, üstəlik Xəlifənin bu qərarı təsdiqləməsinə də nail oldu. Digər tərəfdən Məlikşahın 11 yaşındakı digər oğlu Bərkiyaruk da vəfat etmiş vəzir Nizamülmülkün adamları tərəfindən paytaxt İsfahanda sultan elan edildi. Həmin ərəfədə başqa bir hadisə də yaşandı. Məlikşahın qardaşı Tutuş bəy Şamda özünü hökmdar elan edib Fəratın qərbində bunu qəbul etdirdi. Qutalmışoğlu Süleyman bəyin varisi Qılıc Arslan da Məlikşahın yoxluğundan istifadə edib Anadoluda səltənət sürməyə başladı.
Səlcuqlu taxtı uğrunda mübahisə, taxt davası iki yarım il sürdü və Bərkiyaruk nəhayət digər sülalə üzvlərini kənarlaşdırıb hakimiyyət başına keçərək ölkənin dörd bir yanında çıxan üsyanları yatırtmaqla məşğul oldu. O, üsyanlarla mübarizə apararkən müqəddəs torpaqları almaq üçün yola çıxan Səlibçilər Anadoludan keçib Aralıq dənizinin şərqinə doğru irəlilədilər.
Bu vaxt Suriyada iki qüvvə var idi. Bunlar Şamda Dudaq bəy, Hələbdə isə Rıdvan bəy idi. Onların hər ikisi Tutuş bəyin oğulları idi. Səlibçilər 1098-ci ildə Urfanı tutub Antakyanı mühasirəyə aldıqdan sonra Dudaq bəy və Rıdvan bəy Səlcuqlu sultanından yardım istədilər. Sultan Bərkiyaruk Mosul valisi Kürboğanı bölgəyə göndərsə də, Kürboğa uğur qazana bilmədi. Səlibçilər Səlcuqlulara və Fatimilərə bağlı yerləri ələ keçirib türk və müsəlman əmirlərinin davamlı olaraq bir-biri ilə çəkişmələrinə nail oldular.

Qüdrətli sultanlar, üsyankar şahzadələr və parçalanan İmperiya
Sultan Bərkiyaruk Səlib hücumları ilə məşğul olarkən digər bir qardaşı Məhəmməd Tapar Azərbaycanda üsyan etdi. İki qardaşın mübarizəsi illərlə sürdü, nəticədə 1104-cü ildə dünyaya meydan oxuyan Səlcuqlu İmperiyası Alp Arslanın və Məlikşahın övladları, nəvə-nəticələri arasında bölüşdürüldü. 1104-cü ilin sonuna doğru vərəmə yoluxan Sultan Bərkiyaruk sağala bilməyib İsfahanda dünyasını dəyişdi.
Əldə olunan faktlar onu da sübut edir ki, Sultan Bərkiyarukun dövrü taxt davaları ilə müşaiyət olunub. Bu taxt davaları sayəsində Səlibçilər və Fatimi qüvvələri saraya sızaraq sui-qəsdlər təşkil ediblər ki, bu da haşhaşilər kimi tanınan İsmaililərə güc qazandırıb. Uzaq bölgələrdəki Səlcuqlu valiləri idarəçilik sistemindəki boşluqdan istifadə edib mərkəzi hakimiyyətdən uzaqlaşıblar. Digər tərəfdən də, müharibələrdən üzülən xalq ordudan və dövlətdən üz çevirdiyi üçün Səlcuqlu şəhərləri də iqtisadi böhrana sürüklənib. Bunun nəticəsi olaraq Səlcuqlu İmperiyası sürətlə gücdən düşməyə başlayıb.

İsmaili fədailərinin sığındığı Əlburz dağlarındakı bəzi qalalar fəth edildi, Ələmut qalası belə mühasirəyə alındı
İqtidasi və siyasi gərginliklərin hökm sürdüyü belə bir dövrdə Məhəmməd Tapar qardaşı oğlu II Məlikşahı asanlıqla hakimiyyətdən kənarlaşdırıb 1105-ci ildə dövlətin başına keçdi. Onun hakimiyyət başına keçməsi ilə sarayda və ölkə daxilində məsələr öz axarına düşməyə başladı. Daxili və xarici təhdidlərə daha çox diqqət yetirildi.
Anadoludakı Səlcuqluların şərqə yayılmasının qarşısı alındı. Digər tərəfdən Saray daxili vəzifə pillələrindən İsmaililər təmizləndi. İsmaili fədailərinin sığındığı Əlburz dağlarındakı bəzi qalalar fəth edildi. Hətta 1111-ci ildə İsmaililərin mərkəzi olan Ələmut qalası belə mühasirəyə alındı, lakin ələ keçirilə bilmədi.
Səlibçi dövlətlərinin üzərinə qüvvələr göndərilib onlarla mübarizə aparıldı. Bu mübarizələr bölgədəki əmirlərin bir-bir Səlibçilərlə ittifaqa girməsi ilə nəticələndi.

Sultan Səncərin iradəsi ilə Səlcuqlular yenidən ayağa duracaq, əzəmət çağını yaşayacaqdı
Sultan Məhəmməd Tapar 1118-ci ildə dünyasını dəyişdikdən sonra yerinə oğlu II Mahmud keçdi. Gənc Mahmudun səltənəti Xorasanda vali olan Əhməd Səncər tərəfindən tanınmadı. Əhməd Səncər Məlikşahın kiçik oğlu, Bərkiyaruk və Məhəmməd Taparın qardaşı idi. O, qardaşları arasındakı taxt davalarına çox qarışmamış, Xorasanda güclü bir quruluş-idarəçilik sistemi yaratmışdı. Bu səbəbdən də qardaşı oğlunun üzərinə yeriyib onu məğlub etmiş və taxtı öz əlinə alməşdı.
Belə bir həssas dönəmdə Sultan Səncər Səlcuqlu mülkünün nə qədər böyük olduğunun və idarəetmə çətinliyi çəkdiyini dərk etdiyindən qədim türk dövlətlərində olan ikili təşkilata bənzər bir quruluş formalaşdırdı. Qardaşı oğlu II Mahmudı Həmədanda taxta oturdub onu İraq-ı Əcəm və İraq-ı Ərəb padşahı etdi. Ölkənin qərbinin nəzarətini ona həvalə etdi. Bundan sonra II Mahmud və xəlifələri İraq Səlcuqluları kimi tanınmağa başladılar. İmperiyanın şərqini isə böyük sultan olaraq Sultan Səncər idarə edəcəkdi.
Paralanmış, parçalanmış, Xaçlı yürüşləri üzündən üzülmüş Səlcuqlu İmperiyası məhz onun iradəsi ilə Mərvdə möhkəmlənərək tarixi ənənələrini davam etdirəcəkdi. Sultan Səncərin iradəsi ilə Səlcuqlular yenidən ayağa duracaq, əzəmət çağını yaşayacaqdılar. Sultan Səncər Xorasandakı bütün üsyanları yatırmaqla kifayətlənməyəcək, dövlət idarəçiliyini bütünlüklə ələ alacaq, oğlu olmadığı üçün qardaşı oğlu II Mahmudu vəliəhd elan edəcək, qardsaşı oğulları Mahmud, Məsud və Toğrul arasındakı taxt davalarına müdaxilə edəcək, qardaşı oğullarının dövlətin nizamını pozmasının qarşısına sədd çəkəcəkdi.

Sultan Səncər: Süquta gedən İmperiyanı ayaqda saxlayan son böyük hökmdar
Səlcuqlu İmperiyasındakı taxt davası ən çox Abbasi xəlifəsi Müstərşid Billaha sərf edirdi. Xəlifə Toğrul bəydən sonra o, Səlcuqluların iradəsi ilə hərəkət edirdi. İmperiyadan olan asılılıqdan qurtulmaq üçün Abbasi xəlifəsi taxt davalarından yararlanaraq dirçəlmək istəsə də Sultan Səncər qardaşı oğlu II Mahmudu 1127-ci ildə Bağdada göndərib xəlifəni cəzalandırdı.
Sultan Mərvə qayıtdıqdan sonra vəzirinin İsmaililər tərəfindən öldürüldüyünü öyrəndi. İsmaili təriqəti hər zamanki kimi Səlcuqlunun başına bəla olmağa davam edirdi. Bu hadisədən sonra Sultan Səncər idarəçilik təlimini dəyişib İsmaililərə daha yumşaq davrandı. Hətta bəzi tarixçilər sultanın bu təşkilatdan müəyyən məsələlərdə istifadə etdiyini belə qeyd edirlər.
Sultan Səncər 1130-cu ildə Qaraxanlıların, 1136-cı ildə Qəznəlilərin üzərinə yeridi. Hər iki dövləti yenidən Səlcuqluların təsir dairəsinə saldı. Üsyan halında olan Xarəzm valisi Qızıl Arslan Atsızı 1139-cu ildə Ürgəncə səfər edərək cəzalandırdı.
1131-ci ildə II Mahmud dünyasını dəyişdikdən sonra İraq-Səlcuqlu taxtı üstündən yenidən savaş başladı. 1133-cü ildə Məsud taxta çıxdı və Sultan Səncər onu Sultan olaraq təsdiqlədi. Taxt davasından yararlanmaq istəyən xəlifə Müstərşid Məsudun üzərinə yerisə də məğlub oldu. Əsir düşən Xəlifə Sultan Məsud və Səncər tərəfindən 1136-cı ildə qətlə yetirildi.

Yıxıldığı yerdən qalxan Sultan
Sultan Səncərin ən güclü olduğu dövrdə Qərbi Qaraxanlı hökmdarı Mahmud xan Qarluqlara qarşı mübarizədə Səlcuqlulardan yardım istədi. Sultan Səncər bu təklifi qəbul edib böyük ordu ilə Ceyhun çayını keçdi. Qarluqlar həmin ərəfədə həm də Qaraxitaylardan da yardım istəmişdilər. Qaraxitayların dövləti yıxıldıqdan sonra Çinin şimalından Türküstana köçən Qarluqlar 1128-ci ildə burada dövlət qurmuşdular. Qısa müddətdə genişlənib Şərqi Qaraxanlı torpaqlarının böyük bir hissəsini ələ keçirmiş, Qarahoca Uyğurlarını diz çökdürmüşdülər. Yaranan bu durum Qərbi Qaraxanlı dövləti üçün təhlükə mənbəyinə çevrilmişdi.
Qarluqların yardım istəyini fürsət bilən Qaraxitaylar Mavəraünnəhrə hücum edib 1141-ci ildə Səlcuqlu ordusu ilə Qatvanda qarşılaşdı. Baş verən döyüşdə Sultan Səncər ordusunun demək olar ki, böyük bir qismini itirib Bəlh tərəflərinə çəkildi. Mavəraünnəhrı ələ keçirdikdən sonra Xarəzmi də vergiyə məcbur edən Qaraxitaylıların fütuhatına baxmayaraq Sultan Səncər yıxıldığı yerdən qalxmağı bacardı. Paytaxt Mərvə dönüb yenidən dirçəldi. Sultan Səncərin yoxluğundan istifadə edib ortalığı qarışdıran Xarəzm valisinin üzərinə iki dəfə hücum edib Qurluları 1158-ci ildə Əvbəh döyüşündə məğlub etsə də, əvvəlki qüdrətini bərpa edə bilmədi. Bu ərəfədə təkcə o, yox, qərbdəki İraq Səlcuqluları da gücdən düşmüşdü.
Sultan Məsud qüdrətli, bacarıqlı sərkərdə və dövlət xadimi olmasına baxmayaraq qardaşları ilə üzləşdiyi taxt davaları Səlcuqlu İmperiyasını sarsıtmışdı. Əmirlər və atabəylər Həmədandan müstəqil hərəkət etməyə başlamış, eldənizlər, zəngilər, salqurlar, tuğtekinlər kimi türk boyları ortaya çıxmışdı. Hətta Abbasi xəlifəsi belə yenidən ordu toplayıb müstəqil hərəkət etməyə başlamışdı. Sultan Səncərin şərqdə cərəyan edən hadisələr üzündən qərbə doğru hərəkət edə bilməməsi də bu birliklərin asanlıqla ürüyüb artmasına səbəb olmuşdu.

Əsir düşən Sultan, dağılan İmperiya
Qatvan savaşının ən mühüm nəticəsi Oğuzların köçü idi. Mavəraünnəhrdə Qaraxanlı idarəsində yaşayan böyük bir Oğuz tayfası vardı. Onlar Qaraxitayların bölgəyə gəlməsi ilə çətin vəziyyətə düşmüşdü. Qarluqların təzyiqi ilə yurdlarını tərk edib axın-axın Ceyhun çayını keçən bu Oğuz tayfası, Toharistanda Bəlh yaxınlığında çadırlarını qurub Səlcuqlulara vergi verməyə başladılar. Fəqət bir müddət sonra onların vergi məsələsi ilə bağlı mərkəzlə münasibətləri pozuldu. Sultan Səncər 1153-cü ildə onların üzərinə hücum təşkil etsə də məğlub olub əsir düşdü. Oğuzlar Sultanın əsir düşməsindən istifadə edib Xorasan şəhərini yağmaladılar. 1156-cı ildə əsarətdən qurtulan Sultan Səncər iflasın və qocalığın gətirdiyi kədər içində 1157-ci ildə dünyasını dəyişdi. Onun vida mərasimindən sonra Səlcuqlular Xorasanda çox qala bilmədilər. Dəmiryaylı Dudaq bəyin oğlu Səlcuq bəyin təməlini qoyduğu, Alp Arslanın, Məlikşahın əzəmətini göylərə qaldırdığı Böyük Səlcuqlu İmperiyası süqut etdi.
Şərəf Cəlilli