İkinci yazı
Qara İskəndərin son qalası, Cahanşahın parlayan ulduzu
Qaraqoyunlu İmperiyasının iki rəqibi ilə tarixi savaşları onun qüdrətlənməsi ilə yanaşı, həm də son anda iflası ilə nəticələndi. Teymurlular və Şirvanşahlarla daim cəngi-cidada olan Qaraqoyunlular 1427-ci ildə yenidən Şirvana hücum edərək Qara İskəndərin başçılığı altında Şamaxı şəhərini talan etdilər. 1429-cu ilin payızında Sultan Şahrux ən çox güvəndiyi sərkərdəsi Əliyyə Kükəltaşın başçılığı altında 100 minlik ordusunu Azərbaycana göndərdi. Bu ordu Şirvanşah I Xəlilullahın qüvvələri ilə birləşərək Salmas şəhərinin yaxınlığında Qaraqoyunluları ağır məğlubiyyətə uğratdı. Qələbədən sonra Sultan Şahruxun özü də Azərbaycana gəldi. Teymurlu Sultanı Şahrux Qara İskəndəri Qaraqoyunlu taxtından uzaqlaşdırıb hakimiyyətə onun qardaşı Əbu Səidi gətirdi. Bu da səbəbsiz deyildi. Qaraqoyunlu şahzadəsi olan Əbu Səid Sultan Şahruxun vassalı olmağı qəbul etmişdi.

Qara İskəndərin Şirvan yürüşləri və ağır məğlubiyyətləri
Teymurlu Sultanı Şahrux Azərbaycanı tərk edən kimi Qara İskəndər öz doğma qardaşı Əbu Səidi öldürüb Təbrizə daxil oldu. Bununla da Qara İskəndər ikinci dəfə Qaraqoyunlu taxtına sahib çıxdı. Hakimiyyətini möhkəmləndirən Qara İskəndər yenidən Şirvan torpaqlarına hücum etdi. Çaparlar vasitəsilə Sultan Şahruxun Heratdakı sarayına məktub göndərən Şirvanşah I Xəlilullah Qara İskəndərə qarşı döyüşmək üçün Teymurlulardan hərbi yardım istəmişdi.
Bu dövrlərdə Qara İskəndər Şirvan ərazisində böyük talanlar törədirdi. Bunu eşidən Sultan Şahrux öz ordusu ilə vaxt itirmədən Azərbaycana doğru hərəkət etdi. Teymurluların və Şirvanşahların birləşmiş qüvvələri Qaraqoyunluları yenidən məğlubiyyətə uğratdı. Ən sadiq adamları ilə geri çəkilən Qara İskəndər Əlincə qalasına sığındı.
Belə bir həssas dönəmdə Qara İskəndərin qardaşı Cahanşah Həqiqi ona qarşı çıxırdı. Bunu nəzərə alan Sultan Şahrux Cahanşahı Azərbaycanın hakimi təyin edib Xorasana döndü. 1436-cı ildə Qara İskəndər oğlu Şahqubad tərəfindən öldürüldü. Bir vaxtlar qardaşı Əbu Səidi öldürən Qara İskəndər bu dəfə özü sui-qəsdə məruz qalmışdı, özü də oğlu tərəfindən.

Əbdürrəhman Cami Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin yazdığı divanı xəzinə adlandırmışdı
Qara İskəndərin ölümündən sonra artıq Cahanşahın önündə heç bir əngəl qalmamışdı. 1436-cı ildə Təbrizə gələn Cahanşah özünü Qaraqoyunlu sultanı elan etdi. Onun hakimiyyətinin ilk illəri isə o qədər də asan olmadı. Dvamlı müharibələr Qaraqoyunlu dövlətinin iqtisadiyyatını zəiflətmişdi. Bundan başqa, ayrı-ayrı vilayətlərin hakimləri Cahanşaha tabe olmaq istəmirdi. Ağıllı və uzaqgörən bir hökmdar olan Cahanşah isə apardığı islahatlarla iri feodalların müqavimətini qırdı, dövlətin iqtisadiyyatını yenidən dirçəltdi. Onun hakimiyyəti illərində Qaraqoyunlu dövləti əvvəlki əzəmətini geri qaytardı.
Cahanşah həm də qüdrətli şair idi. O, “Həqiqi” təxəllüsü ilə türk, ərəb və fars dillərində gözəl qəzəllər, məsnəvi və rübailər yazırdı. Cahanşah Həqiqinin yazdığı divan o dövrün ən gözəl ədəbi nümunələrindən biri hesab olunurdu. Görkəmli şair Əbdürrəhman Cami Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin yazdığı divanı xəzinə adlandırmışdı.

Cahanşahın hakimiyyəti illərində Qaraqoyunlu İmperiyası Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrilmişdi
Hakimiyyətini möhkəmləndirən Cahanşah Həqiqi 1452-ci ildə İsfahan vilayətini fəth etdi və oğlu Pirbudağı İsfahanın hakimi təyin etdi. Daha sonra Şirazı və Kirmanı fəth edən Cahanşah bu ərazilərin də idarəsini Pirbudağa həvalə etdi. Daha sonra Qaraqoyunluların əsas rəqiblərindən biri olan Teymurluların üzərinə yürüş təşkil edən Cahanşah Herat şəhərini tutdu. Cahanşahın hakimiyyəti illərində Qaraqoyunlu İmperiyası Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrilmiş, Bağdad kimi elm, mədəniyyət paytaxtı hesab olunan şəhər fəth edilmişdi.
Cahanşah Herat səfərində olarkən oğlu Həsənəli paytaxt Təbrizdə üsyan qaldıraraq özünü Qaraqoyunlu sultanı elan etdi. Dərhal Azərbaycana dönən Cahanşah üsyanı amansızlıqla yatırdı, qiyam qaldıran bütün əmirləri edam etdirdi. Həsənəlinin anasının istəyi ilə oğlunu ölüm cəzasından azad edib ölkədən sürgün etdi. Daha dəhşətlisi və kədərlisi isə odur ki, sürgünə məhkum edilən Həsənəli birbaşa atasının düşməni olan Ağqoyunlu hökmdarı Uzun Həsənin düşərgəsinə yollandı.
Daha sonra Şirazdakı qardaşı Pirbudağın yanına gələn Həsənəli 1462-ci ildə atasına qarşı yeni bir üsyana başladı. Oğullarının Şirazda üsyan qaldırması xəbərini alan Cahanşah böyük bir ordu ilə Şiraza yollandı. Cahanşah bu üsyanı da yatırdı, qiyam qaldıran Həsənəli isə həbs olundu.

Sağ qalan Qaraqoyunlu döyüşçüləri Cahanşahın nəşini Təbrizə gətirdilər və onu özünün tikdirdiyi Göy məsciddə dəfn etdilər
Bu dövrlərdə digər bir türk sülaləsi Ağqoyunlular Uzun Həsənin – Həsən Bahadır rəhbərliyi altında güclənməkdə idi. Uzun Həsənin Ərzurum şəhərini tutmasından narahat olan Cahanşah Həqiqi 1466-cı ildə böyük bir ordu toplayaraq Ağqoyunluların paytaxtı Diyarbakır istiqamətində yürüşə başladı. Cahanşah isə sərkərdələrinin təkidi ilə Ağqoyunlularla açıq döyüşə girmədi və ordusunun böyük bir hissəsini Muş istiqamətində qışlamağa göndərdi.
Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Muş düzənliyində qəflətən Cahanşahın başsız qalmış ordusuna hücum etdi. Bununla da Qaraqoyunlu ordusunun böyük bir hissəsi məhv edildi, sağ qalanlar isə əsir alındı. Sancaq adlı yerdə öz keşikçi dəstəsi ilə ziyafət təşkil edən Cahanşah ordusunun darmadağın edilməsindən xəbərsiz idi. Cahanşahın yerini tapan Ağqoyunlular gecə vaxtı onun çadırına hücum etdilər. Ağqoyunlu sərkərdələrindən olan İskəndər bəy 1467-ci ildə Cahanşahı öz qılıncı ilə doğradı. Sağ qalmış Qaraqoyunlu döyüşçüləri Cahanşahın nəşini Təbrizə gətirdilər və onu özünün tikdirdiyi Göy məsciddə dəfn etdilər.

Ağqoyunlu şahzadəsi Uğurlu Məhəmmədin Həsənəlini edam etdirməsi ilə Qaraqoyunlu İmperiyası süquta uğradı
Cahanşahın ölümündən sonra bir neçə Qaraqoyunlu bəyi onun zindanda olan oğlu Həsənəlini həbsdən çıxarıb hakimiyyətə gətirdilər. Bu dövrdə tənəzzülə uğrayan Qaraqoyunlu dövləti ərazilərinin böyük bir hissəsini itirmişdi. Dövlətin nüfuzunu bərpa etmək istəyən Həsənəli böyük bir ordu toplayıb Ağqoyunluların üzərinə hücuma keçdi. 1468-ci ildə Xoy şəhərinin yaxınlığında üz-üzə gələn orduların savaşından Ağqoyunlular qalib şəkildə ayrıldı. Həsənəli isə döyüş meydanından uzaqlaşaraq Qarabağdakı Qaramanlı tayfasına sığındı. Çox keçmədi ki, Uzun Həsənin oğlu Uğurlu Məhəmməd onu ələ keçirdi. Bir neçə gün sonra Ağqoyunlu şahzadəsi Uğurlu Məhəmməd Həsənəlini edam etdirdi. Bununla Qaraqoyunlu dövlətinin müqaviməti qırılsa da, bütünlüklə süqura uğramadı. Bir neçə illik təlatümdən sonra onun yerinə paytaxtı Təbriz şəhəri olan yeni bir türk-Azərbaycan dövləti – Ağqoyunlular İmperiyası quruldu.

Qaraqoyunluların mədəni irsi: memarlıqdan poeziyaya
Cəmi 58 il mövcud olan Qaraqoyunlu İmperiyası süquta uğrasa da, milli dövlətçilik tariximizdə mühüm mərhələyə çevrildi. Qaraqoyunluların dövründə təməli qoyulan saraylar, məscidlər, türbələr, karvansaralar orta əsr Azərbaycan memarlığının inciləri sırasında yer alaraq yaddaş ünvanına çevrildi. Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, Qaraqoyunluların dövründə incəsənətin bütün istiqamətləri – xəttatlıq, memarlıq, dulusçuluq, toxuculuq, xalçaçılıq, rəssamlıq, ədəbiyyat, aşıq sənəti, cüng və təskürə mədəniyyəti yüksək səviyyədə inkişaf etmiş, milli kimliyimizin imzasına çevrilmişdir. Qaraqoyunluların birinci xanımları – Əleykə Könüldaş, Şahsaray kimi qüdrətli xatunlar isə təkcə sərkərdə-xaqan ərlərinin, oğullarının arxasında dağ kimi dayanmamış, hökmdar olduqları sarayları sənətin, mədəniyyətin, sosial siyasətin himayədarı kimi zinətləndirmişdirlər.
Şərəf Cəlilli