Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/10/2026

Paylaşın

TARİX

Dəmiryaylı Duqaq bəyin oğlu Səlcuq bəydən Səlcuqlu İmperiyasına

Birinci yazı

Sultan Toğrul: “Biz Oğuz soyundan, Kınıq boyundan gəlirik.  Özümüzü bütün məzlumların hamisi bilirik. Kimsə soyumuza, boyumuza, törəmizə su qata bilməz!”

Altaylardan Anadoluya, Sibir çöllərindən, Türküstan qırgəzlərindən İraq-Türkmən ellərinə, Asiyadan Avropaya Böyük Köçün mədəniyyətini daşıyan Oğuz oğlu tarixin bütün dönəmlərində təkcə ürüyüb-artmadı, həm də qüdrətli, əzəmətli dövlətlər qurdu. VIII əsrin ortalarında Türkistanda cərəyan edən hadisələr nəticəsində Qarluqlar köç edib Çu və Talas vadisində yaşayan Türkeş dövlətinin əsasını təşkil edən Onoxları yerlərindən etdilər. Oğuz xaqana bağlı Onoxlar qərbə tərəf irəliləyib Ceyhun çayından Xəzər dənizinə qədər olan ərazilərdə məskunlaşdılar. Seyhun Oğuzları tədricən ürüyüb artdılar və X əsrin ortalarında İnal Yabqu titullu başçının ətrafında birləşib Oğuz-Yabqu dövlətini qurdular. Oğuzların şərqində Qaraxanlılara bağlı Çigil və Qarluqlar, şimalında Qıpçaq və Kimeklər, qərbində bağlı olduqları Xəzərlər, cənubunda isə həmin dövrdə İslam intibahını yaşayan Samanilər vardı. Oğuzlar Samanilərlə ticarət vasitəsilə münasibət qurdular. Bəzi Oğuz boyları isə oturaq həyata keçməklə yanaşı, həm də müsəlmanlığı qəbul etdilər. Oğuzlar X əsrin sonlarına doğru Şərqi Qaraxanlı və Qıpçaq köçləri ilə zəiflədilər. Daxili çəkişmələr nəticəsində gücdən düşdülər. Eyni dövrlərdə İslamı seçən Qaraxanlılar tədricən gücləndilər. Samani dövlətinin türk sərkərdələri mərkəzə üsyan edib 962-ci ildə Alp Təkinin öndərliyi ilə Qəznəlilər dövlətini qurdular.

Səlcuq bəy İslamı qəbul edib, qövmünə bağlı soyları ətrafına toplayıb Cəndə hakim oldu

Bu dəyişiklik mərhələsində Səlcuqluların əcdadı və sərkərdəsi olan Dəmiryaylı Duqaq bəy fərqləndi. Duqaq bəy Oğuz Yabquluğunda mühüm mövqedə duran bir rəhbər şəxs idi. Duqaq bəyin oğlu Səlcuq da dövlətdə məqam sahibi idi. Belə ki, o, İnal Yabqunun subaşısı vəzifəsində idi. Subaşı Səlcuqun İnal Yabqu ilə münasibətləri dəyişəndə əmrindəki az sayda adamla sərhəddəki Cənd qəsəbəsinə gəldi. Burada şimaldakı qeyri-müsəlman türklərə hücumlar etmək üçün toplanmış minlərlə türk var idi. Səlcuq bəy İslamı qəbul edib, qövmünə bağlı tayfaları ətrafına toplayıb Cəndə hakim oldu. Tədricən böyüyən ətrafını yörələrə bölüb, başına oğullarını keçirdi. Özü qocalanda isə idarəçiliyi oğlu Arslan Yabquya tapşırdı.

Cənd Oğuzlarının əsas hökmdarı Səlcuq bəyin oğlu Mikayıldan olan nəvələri Toğrul bəy və Çağrı bəy idi

Samani hökmdarı 992-ci ildə Qaraxanlılarla savaşda Arslan Yabqudan kömək istədi və ona Mavəraünnəhrdə yer ayırdı. Arslan Yabqu bölgənin mühüm simalarından birinə çevrilərkən, bir müddət sonra Cənddəki Oğuzlar da cənuba köç etdilər. Cənd Oğuzlarının faktiki liderləri Səlcuq bəyin oğlu Mikayıldan olan nəvələri Toğrul bəy və Çağrı bəy idi. Toğrul bəy və Çağrı bəy uzun müddət Mavəraünnəhrdə Qaraxanlı-Qəznəli çəkişməsində tərəf olub özlərinə yurd aradılar. Təkcə Səlcuqlunun nəvələri deyil, cənuba və qərbə köçən on minlərlə Oğuz yeni torpaqlar axtarırdı. Toğrul bəy və Çağrı bəy də bu böyük Oğuz tayfası ilə birlikdə Xorasana köçdü.

Oğuzların Xorasana köçməsindən ən çox zərər çəkən Qəznəli hökmdarı Məsud bəy oldu. Köçəri döyüşçülər yerli əhalinin rahatlığını pozduğu kimi, hərbi baxımdan da güclü idilər. Qəznəli Məsud Oğuzları bölgədən çıxarmaq üçün hərbi birlik göndərdi. Səlcuqluları Nesa şəhəri yaxınlığında sıxışdıran Qəznəlilər 1035-ci ildə baş verən döyüşdə məğlub oldular. Bu, Toğrul bəyin və Çağrı bəyin böyük bir dövlətə qarşı qazandıqları ilk qələbə idi. Sultan Nesa, Balxan və Fərabini yurd yeri olaraq Səlcuqlulara vermək məcburiyyətində qaldı. Əldə etdikləri yurdda möhkəmlənən Səlcuqlular güclənib artdıqca ətraf torpaqlara yürüşlər etməyə başladılar.

Dəndənəkan döyüşündə məğlubiyyətə uğrayan Sultan Məsud Qəznəyə çəkilmək məcburiyyətində qaldı

Vəziyyəti belə görən Sultan Məsud bu dəfə başqa bir ordu göndərdi. Səlcuqlular üzərilərinə göndərilən ordunu 1038-ci ildə Serəxsdə məğlub etdilər. Mərv, Serəxs və Nişapuru ələ keçirdilər. Sultan Məsud bu vəziyyətə artıq son qoymaq üçün şəxsən özü hücuma keçdi. Savaşın ilk mərhələsində o Səlcuqluları sıxışdırsa da, 1040-cı ildə baş verən Dəndənəkan döyüşündə məğlubiyyətə uğrayaraq Qəznəyə çəkilmək məcburiyyətində qaldı.

Səlcuqlular bu qələbə ilə böyük nüfuz qazandılar.  Toğrul bəyə biət edib zəfərlərini bütün dünyaya bəyan etdilər. Toğrul bəy böyük bir qurultay topladı. Əldə olan torpaqları və yeni alınacaq yerləri Səlcuqlu sülalə üzvləri arasında böldü. Buna əsasən Toğrul bəy qərbə irəliləyəcək, Çağrı bəy və oğulları isə Xorasan və Toharistana doğru genişlənəcək, sağ qalan tək əmiləri Musa Yabqu da Sistan və Heratı alacaqdı.

Toğrul bəy bu bölgü ilə bərabər bir nizam da qurdu. Samani və Qəznəli vəzirlərini yanına məsləhətçi olaraq götürdü. Təyinatlar edib qanunlar qoydu, qayda-qanuna uyğun hərəkət edib yerli əhali arasında qəbul olunmaq üçün tədbirlər tökdü. Bu ərəfədə Orta və Qərbi İran şəhərlərini zəif sülalələr idarə edirdi və Toğrul bəyin onları diz çökdürməməsi üçün heç bir səbəb yox idi. Buna görə də o, əvvəlcə Cürcan və Təbəristana hücum etdi. Buradakı yerli sülaləni hakimiyyəti altına aldı. Onun ümumi siyasəti oturaq sülalələri tamamilə məhv etmək deyil, vergi və bənzəri öhdəliklərlə özünə tabe etmək idi.

Bölgədəki Şəddadi, Rəvvadi, Mərvani və Uqaylı sülalələrinin üstünə gələn Oğuz köçlərinin qarşısını ala biləcək güçdə deyildilər

Səlcuqlu İmperiyasının quruluş dönəmində digər Səlcuqlu bəyləri də sürətlə fəthlərə başladılar. Çağrı bəy və oğulları şərqə yayıldılar, Qəznəlilərlə mübarizə apardılar. Musa Yabqu Herat və Sistanı ələ keçirdi. Qərbdə əsas rol oynayan Toğrul bəyin ana bir qardaşı İbrahim Yınal 1042-ci ildə Rey şəhərini tutdu. Çağrı bəy və Toğrul bəy isə həmin arada Xarəzmi özlərinə tabe etdilər. Bundan sonra isə Toğrul bəy Reyə gəldi və buranı paytaxt elan etdi. İbrahim Yınal Cibal bölgəsindəki Həmədan, Qəzvin və Zəncan kimi şəhərləri tutdu. Toğrul bəy 1051-ci ildə Kəkuyə sülaləsindən İsfahanı aldı. İsfahanın alınması ilə İranın cənubuna axınlar asanlaşdı. Çağrı bəyin oğullarından Qavurd Kirmanı ələ keçirdi. Hətta dənizin o tayındakı Əmmana belə səfərlər təşkil etdi. 

Səlcuqluların yeni yürüşləri Əl-Cəzirə, Bağdad, Azərbaycan və Anadoluya tərəf olacaqdı. Oğuzlar qəsəbə və şəhər əhalisinə zərər verdiyi üçün Toğrul bəy çoxsaylı Oğuz tayfalarını oturaq əhalidən uzaq tutmaq üçün Azərbaycan və Anadolu tərəfə yürüşlər təşkil etmək niyyətində idi. Buna baxmayaraq onlar bölgədəki Şəddadi, Rəvvadi, Mərvani və Uqaylı sülalələrinin üstünə gələn Oğuz köçlərinin qarşısını ala biləcək güçdə deyildilər.

Səlcuqlular Şərqi Roma ilə ilk böyük qarşılaşmalarında qalib gəldilər

Belə bir dönəmdə Səlcuqlu məlikləri də Anadoluya üz tutdular və təbii olaraq Şərqi Roma ilə qarşı-qarşıya gəldilər. 1048-ci ildə Musa Yabqunun oğlu Həsən bəy Zap çayı yaxınlığında Şərqi Roma ordusu ilə qarşılaşıb həlak oldu. Onun qisasını almaq üçün göndərilən İbrahim Yınal və Qutalmış yenə 1048-ci ildə Ərzurum Həsənqala yaxınlığında Şərqi Roma ilə döyüşə girdi. Səlcuqlular Şərqi Roma ilə ilk böyük qarşılaşmalarında qalib gəldilər.

Xəlifə Qaim ibn-Əmrillah Səlcuqluları bir xilaskar kimi görüb Toğrul bəyi Bağdada dəvət etdi

Sonrakı dövrlərdə Toğrul bəy şəxsən səfərə çıxmaq qərarı aldı. Azərbaycandakı sülalələri itaət altına alıb 1054-cü ildə Van gölünün şimalına qədər irəlilədi. Əhlət və Ərcişi alıb burada əsgəri qüvvələr yerləşdirdi.

Toğrul bəyin növbəti hədəfi Bağdad oldu. Abbasi xəlifəsi şiə olan Büveyhi sülaləsinin təzyiqi altında idi. Xəlifə Qaim ibn-Əmrillah Səlcuqluları bir xilaskar kimi görüb Toğrul bəyi Bağdada dəvət etdi. Toğrul bəy 1055-ci ildə Bağdada gəlib Büveyhi hökmdarını vəzifəsindən kənarlaşdırdı. Xəlifə azad olmağı gözləyərkən Toğrul bəy Xəlifəni öz təsiri altına aldı. 1058-ci ildə özünü Şərqin və Qərbin sultanı elan etdirdi. Fatimilərin dəstəklədiyi Büveyhioğulları qalıqlarını təmizləyib 1060-cı ildə İraqın müstəqilliyinə nail oldu.

Səlcuqlular genişləndikcə Toğrul bəyin mərkəzi hakimiyyəti əlində saxlamaq cəhdi artdı. Bunda Fars hökmdarlarının təsiri var idi. Dəndənəkan savaşından sonra ölkə fəth haqqı çərçivəsində bölünmüşdü, lakin Toğrul bəy müəyyən bir nöqtədən sonra əmioğlularına geniş miqyaslı hakimiyyət verməməyə başladı. Bu vəziyyətə ilk etiraz İbrahim Yınaldan gəldi.

1057-ci ildə isə sərkərdə Rəsul Təkin üsyan etdi. Onun təşəbbüsü asanlıqla yatırıldı. Əsl sıxıntı İbrahim Yınalın öz fəth etdiyi torpaqlardan pay istəyib üsyan etməsi oldu. Bəzi sülalə üzvləri onu dəstəkləsələr də, Səlcuqluların ən çoxsaylı və güclü qolu olan Çağrı oğulları əmiləri Toğrul bəyi dəstəklədilər. 1059-cu ildə baş verən daxili savaşlar nəticasində İbrahim Yınal bəy məğlub edilib öldürüldü.

Toğrul bəyin mərkəzləşmə siyasətinə digər bir etiraz dalğası da Arslan Yabqunun oğlu Qutalmış tərəfindən gəldi. Qutalmış qardaşı Rəsul Təkini də yanına alıb üsyan etdi. Sultan onun üzərinə ordu göndərincə Damğanda bir qalaya sığındı. Vəzir Əmidülmülk əl-Kündüri Qutalmışın üsyanını yatırmaqla məşğul olarkən Toğrul bəy Bağdaddan Reydəki sarayına keçdikdən sonra 1063-cü ilin sentyabrında 70 yaşında dünyasını dəyişdi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti

GÜNDƏM

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin