Qışın ən sərt günlərində insanlar uzaqlara baxıb bir ümid gözləyirdilər. Elə bilirdilər ki, haradasa üfüqün o tayında boz atın nal səsi eşidiləcək. O gələndə qarın altındakı torpaq isinəcək, qurumuş budaqlara can qayıdacaq, ocaqların tüstüsü bərəkət qoxacaq. Türk dünyası bu sirli yolçunu Xızır adlandırdı.
Min illərdir türk xalqlarının yaddaşında yaşayan Xızır həm dini obraz, həm də baharın nəfəsi, diriliyin müjdəsi, insanın çətin gündə arxalandığı görünməz qüvvə, təbiətin oyanışını xəbər verən əbədi yolçudur. Onun haqqında danışılan rəvayətlər, söylənən nəğmələr və keçirilən mərasimlər göstərir ki, Xızır türk mifoloji düşüncəsində ölümsüzlüyün deyil, həyatın özünün simvoluna çevrilib.
Yaşıl adamın sirri
“Xızır” sözü ərəb dilində “yaşıl adam” mənasını verir. İslam rəvayətlərinə görə, o, quru torpağa ayaq basanda həmin yer yaşıllaşır. Elə buna görə də yaşıllıq, dirilik və bərəkət onun ayrılmaz nişanələri sayılır.
Lakin türk mifoloji yaddaşında Xızır bundan da qədim qatlara gedib çıxır. Araşdırmaçılar hesab edirlər ki, bu obrazın kökləri qədim türk tanrıçılıq dünyagörüşü ilə bağlıdır. O, Yer-Su ruhları, Umay kultu kimi insanları qoruyan müqəddəs hami varlıqlardan biri hesab olunurdu. Sonralar İslam mədəniyyəti ilə qovuşaraq yeni məna qazansa da, əski türk ruhunu itirmədi.
Dirilik suyunu tapan yolçu
Türk və Şərq rəvayətlərinin ən məşhurlarından biri Xızırın dirilik suyunu tapması haqqındadır. Rəvayətə görə, Makedoniyalı İsgəndər, Xızır və İlyas abi-həyatı – ölümsüzlük suyunu tapmaq üçün zülmət dünyasına yollanırlar. Qaranlıq aləmdə yolları ayrılır. Günlərin birində Xızır və İlyas su kənarında dincələrkən təmizləmək üçün suya saldıqları quru balıq qəfildən dirilir. Onlar anlayırlar ki, qarşılarında axtardıqları dirilik suyu var. Həmin sudan içərək əbədi həyata qovuşurlar. İsgəndər isə nə suyu, nə də yol yoldaşlarını tapa bilir.
Bu əfsanədə diqqət çəkən məqam ölümsüzlükdən daha çox seçimdir. Hakimiyyət və şöhrət axtaran hökmdar abi-həyata çata bilmir, təvazökar yolçu isə əbədiyyətə qovuşur. Elə buna görə də klassik Şərq ədəbiyyatında Xızır mənəvi kamilliyin rəmzi sayılır.
Boz atlı Xızır
Türk mifologiyasında Xızırın ən tanınmış obrazı boz at belində görünən sirli yolçudur. İnanca görə, o, çətin vəziyyətdə qalan insanların köməyinə çatır, bəzən kasıb bir qoca, bəzən səyyah, bəzən də tanınmayan bir yolçu kimi qarşıya çıxır. Müharibə vaxtı isə bozqurd surətinə girərək orduya yol göstərdiyinə inanılırdı.
Folklorda Xızır həm də təbiətin həkimidir. Yaraları sağaldan otları tanıyır, şəfa verən bitkilərin sirrini bilir, torpağa bərəkət gətirir. Bəzi rəvayətlərdə onun kor olduğu deyilsə də, bunun zahiri məna daşımadığı vurğulanır. Çünki Xızır gözlə deyil, qəlb gözü ilə görür.
Xıdır Nəbi – yazın ilk nəfəsi
Türk xalqlarının ən qədim mövsüm mərasimlərindən biri olan Xıdır Nəbi bayramı məhz bu inancın yaşadılması üçün keçirilirdi. Kiçik çillənin ortalarında – fevralın əvvəlində qeyd olunan bu bayram qışın zəiflədiyini, baharın yaxınlaşdığını müjdələyirdi. İnsanlar inanırdılar ki, həmin gecə Xızır evləri gəzəcək, qovutun, unun və ya süfrənin üzərində iz qoyacaq. Bu iz gələcək ilin bolluq və bərəkət müjdəsi hesab olunurdu. Bayram süfrəsinin əsas neməti qovut idi. Buğda qovrular, üyüdülər və xüsusi qabda saxlanardı. İnanca görə, Xızır əlini həmin qovuta toxunduranda torpağa bolluq, insanlara ruzi bəxş edərdi. El arasında belə deyilirdi:
Xızır baba çıx çölə,
Od gətir bizim elə…
Başqa bir xalq nəğməsində isə baharın gəlişi belə tərənnüm olunurdu:
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz…
Bu misralarda Xızır qışın qaranlığını yarıb gələn Günəşin, istiliyin və həyatın poetik obrazı, eyni zamanda da mifoloji qəhrəmandır.
Xızır yolu
Qədim inanclarda maraqlı bir ifadə də yaşayır – “Xızır yolu”. Deyilənə görə, insanlar səmada açılan həmin yolu görə bilsələr, arzuları gerçəkləşərdi. Xızır həmin yolla boz atının belində Yer üzünə enər, insanların dualarını eşidər, ocaqlara istilik, ailələrə ruzi gətirərdi. Buna görə də Xıdır Nəbi günü işləmək yaxşı sayılmazdı. İnsanlar evlərini təmizləyər, süfrələr açar, qapılarını açıq saxlayardılar. Çünki inanırdılar ki, Xızır yalnız qonaq gözləyən evə gəlir.
Əbədi yaşayan obraz
Xızır haqqında maraqlı inanclardan biri də onun heç vaxt qocalmamasıdır. Rəvayətlərdə deyilir ki, hər beş yüz ildən bir onun cismi yenilənir. Buna görə də o, həmişə yaşıl geyimli, gənc və güclü təsvir edilir.
Türk səyyahı Övliya Çələbi XVII əsrdə Azərbaycana səfəri zamanı Xıdır-Zində ziyarətgahını ziyarət etmiş, burada Xızırın müqəddəs xatirəsinin yaşadıldığını yazmışdı. XIX əsrdə fransız yazıçısı Aleksandr Düma da həmin ziyarətgah haqqında qeydlərində onun yerli əhali tərəfindən müqəddəs məkan hesab edildiyini vurğulamışdı.
Minilliklərin o üzündən gələn yolçu
Türk mifologiyasında Xızır heç vaxt yalnız bir insan olmayıb. O, bəzən yaşıllığa çevrilən torpaq, bəzən yağışdan sonra cücərən sünbül, bəzən də ümidsiz anda qapını döyən naməlum qonaqdır. Bəlkə də buna görə min illər keçsə də, insanlar hələ də “Xızır kimi yetişdi” deyirlər. Çünki türk düşüncəsində Xızır sadəcə keçmişin mifoloji qəhrəmanı deyil. O, insanın dar gündə itirmək istəmədiyi ən qədim hissin – ümidin adıdır.
Xanım Aydın