Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/03/2026

Paylaşın

Mədəniyyət

Professor Fuad Məmmədov: “Yüksək mədəniyyətli insan daim yenilənən strateji milli resursdur” –MÜSAHİBƏ

Azərbaycanda kulturologiya elminin yaradıcısı, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov uzun illərdir mədəniyyətin yalnız mənəvi sərvət deyil, həm də dövlətin strateji inkişaf resursu olduğunu elmi əsaslarla təbliğ edən alimlərdəndir. Onun fikrincə, tarixi yaddaşın qorunması, yüksək mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşdırılması və insan kapitalının inkişafı müasir dövlətlərin dayanıqlı gələcəyini müəyyən edən əsas amillərdir. Baku-Baku.az-a müsahibəsində professor Fuad Məmmədov Bakının tarixi-mədəni siması, klassika ilə müasirliyin harmoniyası, multikultural dəyərlər, mədəni irsin qorunması və XXI əsrdə mədəniyyətin dövlətlərin inkişafındakı strateji rolu barədə fikirlərini bölüşüb.

– Mədəniyyət hər bir xalqın yaddaşına çəkilən illüstrasiyadır. Tarixi abidələrin, tikililərin isə burada məxsusi yeri var. Bu barədə danışardınız, zəhmət olmasa.

– Hər şeydən əvvəl qeyd etmək istərdim ki, mədəniyyət anlayışı yalnız ədəbiyyat, incəsənət və davranış qaydaları ilə məhdudlaşmır. Mədəniyyət xalqın yaratdığı ruhi (yəni intellektual və mənəvi) və maddi sərvətləri, tarixi yaddaşı, düşüncə tərzini və gələcəyə baxışını özündə birləşdirən bütöv bir sosial sistemdir. Tarixi-mədəni  abidələr və memarlıq abidələri də bu sistemin mühüm hissəsidir. Onlar xalqın keçmişini, nailiyyətlərini, cəmiyyətin və dövlətin inkişafında xidmətinin, insanların dünyagörüşünü və milli kimliyini gələcək nəsillərə çatdıran canlı yaddaş nümunələridir.

Hər bir xalqın mədəni inkişafı iki əsas sütuna söykənir: ənənə və yenilik. Yenilik olmadan tərəqqini təmin etmək və zamanın çağırışlarına cavab vermək mümkün deyil. Lakin yeniliyin də möhkəm əsası olmalıdır. Bu əsas xalqın tarixi, ədəbiyyatı, incəsənəti, milli dəyərləri və mədəni irsidir. Öz keçmişini və irsini qorumayan xalq gələcəyini də sağlam təməllər üzərində qura bilməz.

Tarixi tikililərin qorunmasına yalnız rəsmi memarlıq abidələri çərçivəsində yanaşmaq düzgün deyil. Bəzən hansısa bina memarlıq baxımından xüsusi abidə statusuna malik olmaya bilər, lakin milli sərvəti əks etdirən, tanınmış dövlət, elm, ədəbiyyat və mədəniyyət xadimlərinin həyatı ilə bağlı olduğuna görə, böyük tarixi-mədəni dəyər abidəsi ola bilər. Dünyanın bir çox ölkəsində, hətta köhnə bir binanın divarı belə keçmişin yadigarı kimi qorunur və bərpa edilir.

Şəhərdə aparılan söküntü və yenidənqurma işləri zamanı hər bir tikiliyə fərdi yanaşılmalıdır. İlk növbədə həmin binanın tarixi, memarlıq xüsusiyyətləri və hansı şəxsiyyətlərin həyatı ilə bağlı olduğu araşdırılmalıdır. Görkəmli Azərbaycan ziyalılarının yaşadığı və fəaliyyət göstərdiyi evlər qorunmalı, onların üzərinə memorial lövhələr vurulmalıdır. Bu tikililər sadəcə daş və divardan ibarət deyil; onlar xalqın mədəni yaddaşının, milli kimliyinin və milli sərvətinin bir hissəsidir.

Bununla yanaşı, cəmiyyətdə sistemli kulturoloji təfəkkür formalaşdırılmalıdır. Hər bir vətəndaş mədəni irsin dəyərini anlamalı, onu qorumağı öz mənəvi məsuliyyəti hesab etməlidir. Bu düşüncə ailədən və uşaq bağçasından başlamalı, məktəbdə və ali təhsil müəssisələrində davam etdirilməlidir. Çünki mədəni irsin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifədir.

– Bakı klassika ilə müasirliyin sintezində inkişafda olan bir şəhərdir. Eyni zamanda burada Avropa və Asiya mədəniyyətləri dialoqa girir. Bu haqda fikirləriniz?

– Bakı həqiqətən də klassika ilə müasirliyin, Şərqlə Qərbin qovuşduğu nadir şəhərlərdən biridir. Bu sintez yalnız şəhərin memarlığında deyil, insanların düşüncə tərzində, həyat üslubunda və bir-birinə münasibətində də özünü göstərir. Bakının xüsusi ruhu məhz müxtəlif mədəniyyətlərin əsrlər boyu burada yanaşı yaşaması nəticəsində formalaşıb.

Bakı hələ sovet dövründə beynəlmiləl şəhər kimi tanınırdı. Bu gün həmin dəyəri multikulturalizm adlandırırıq. Burada müxtəlif millətlərin və dinlərin nümayəndələri eyni çətir altında bir ailə kimi yaşayır, bir-birinə etnik və dini mənsubiyyətinə görə deyil, insani keyfiyyətlərinə görə qiymət verirlər. Bakıda heç vaxt insanların bir-birinə milliyyətinə, etnik mənsubiyyətinə, dininə görə yuxarıdan aşağı baxması səciyyəvi olmayıb. Əksinə, şəhərdə hər zaman doğmalıq, yaxınlıq və qarşılıqlı hörmət mühiti hökm sürüb və sürür.

Mən məktəbdə oxuyarkən müəllimlərimizin bir qismi yəhudi idi, tələbə və dostlarımız arasında da müxtəlif millətlərin nümayəndələri vardı. Bu gün İsraildə yaşayan bir çox Bakı yəhudisi şəhərlə əlaqəsini qoruyur, Bakını böyük məhəbbətlə xatırlayır. Çünki onlar şəhərin mədəni irsini və ruhunu özləri ilə aparıblar. Bu bağlılıq Bakının insanları yalnız eyni məkanda yaşatmadığını, həm də onları mənən doğmalaşdırdığını göstərir.

Mənim fikrimcə, insanın əsl dəyəri onun milliyyəti, etnik mənsubiyyəti, dini, cinsi, yaşı və ya doğulduğu yerlə deyil, əqli və mənəvi mədəniyyəti ilə müəyyənləşir. Buna görə də vətənpərvərliklə millətpərəstliyi bir-birindən ayırmaq lazımdır. Vətənpərvərlik insanları birləşdirir: milliyyətindən və dinindən asılı olmayaraq, hər kəs yaşadığı ölkəyə xidmət edir. Millətpərəstlik isə gec-tez qarşıdurma və münaqişələrə yol aça bilər.

Bakının klassika ilə müasirliyin sintezində inkişaf etməsi üçün onun tarixi-mədəni kimliyi qorunmalı, eyni zamanda mütərəqqi yeniliklərə açıq olması təmin edilməlidir. Qeyd etdiyimiz kimi, mədəniyyətin genezisi, yəni mədəni inkişafın, iki əsas dayağı var: ənənəvi və innovativ inkişaf. Ənənə milli kimliyimizi qoruyur, mütərəqqi yenilik isə cəmiyyətin zamanın tələblərinə uyğun inkişafına şərait yaradır. Bunlardan biri olmadıqda, təhlükəsiz, rəqabətqabliyyətli  və dayanıqlı tərəqqidən danışmaq mümkün deyil.

Avropa və Asiya mədəniyyətlərinin Bakıda dialoqa girməsi də məhz bu tarixi təcrübədən qaynaqlanır. Paytaxtımız hər iki mədəniyyətin dəyərlərini özündə birləşdirərək, özünəməxsus harmoniya yaradıb. Əsas vəzifəmiz bu harmoniyanı qorumaq, tarixi irsimizi müasir inkişafla uzlaşdırmaq və Bakının insanpərvər, açıq və multikultural ruhunu gələcək nəsillərə çatdırmaqdır.

– Siz tez-tez mədəniyyəti dövlətin strateji resursu kimi təqdim edirsiniz. Sizcə, XXI əsrdə dövlətləri məhz mədəniyyətdən asılı edən amillər hansılardır?

– Mən, hörmətli Prezidentimiz, cənab İlham Əliyevin dediyi, “insan kapitalının” nüvəsi olan, yüksək mədəniyyətli insanı daim yenilənən strateji milli resurs hesab edirəm. XXI əsrdə dövlətlərin qüdrəti yalnız neft, qaz və digər təbii sərvətlərlə deyil, birinci növbədə, – insan kapitalının aparıcı güvvəsi – biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliyyəti yüksək səviyyədə olan, yüksək mədəniyyətli Azərbaycan  vətəndaşlarının keyfiyyəti və kəmiyyəti ilə müəyyənləşir.

Hər hansı insanı qiymətləndirərkən üç əsas suala cavab tapmaq lazımdır: o nə istəyir, nəyi bacarır və mahiyyət etibarilə necə insandır? Birinci sual onun məqsəd və dəyərlərini, ikinci sual bilik və səriştəsini, üçüncü sual isə təbiyyətini, xarakterini, mənəvi keyfiyyətlərini üzə çıxarır. Bunların içərisində əxlaq və mənəviyyat xüsusi əhəmiyyət daşıyır. İnsan savadlı, bacarıqlı və məqsədyönlü ola bilər. Lakin dürüst deyilsə, paxıllıq, yalançılıq, intriqa və xəyanət kimi xüsusiyyətlərə malikdirsə, onun biliyi cəmiyyətin və dövlətin xeyrinə deyil, zərərinə işləyə bilər. Buna görə də belə bir fikir var: insanlarla münasibət qurarkən, onların təkcə biliyinə yox, xislətinə, davranışına, əməllərinə və xidmətinə qiymət vermək lazımdır. Sözləri ilə əməlləri üst üstə düşmürsə, deməli vicdanı yoxdur, onda onun səriştəsi, biliyi, bacarığı də öz əhəmiyyətini itirir. Belə bir insan mədəni deyil, sivilizasiyalıdır.

Dövlətin əsas vəzifələrindən biri milli və insani ləyaqətə malik, vətənini sevən, eyni zamanda dünya biliklərinə yiyələnmiş vətəndaşlar yetişdirməkdir. Təkcə ali təhsil almaq və müəyyən biliklərə sahib olmaq kifayət deyil. Əsas məsələ həmin biliklərin hansı məqsədlə və necə istifadə edilməsidir. Çünki insanın davranışı onun mədəniyyət səviyyəsindən, düşüncə tərzindən və mənəvi dəyərlərindən asılıdır.

Mədəniyyət həm də dövlətin rəqabət qabiliyyətini, innovativ inkişafını, idarəetmənin keyfiyyətini və cəmiyyətdə qarşılıqlı etimadı müəyyənləşdirir. Yüksək mədəniyyətli insanların sayı artdıqca cəmiyyətdə məsuliyyət, əmək intizamı, yaradıcılıq və həmrəylik güclənir, münaqişə və digər sosial problemlər isə azalır. Buna görə mədəniyyət yalnız incəsənət və irs məsələsi deyil, təhlükəsiz və dayanıqlı inkişafın əsas şərtlərindən biridir.

XIX əsrdə Yaponiyanın Meydzi islahatları zamanı irəli sürülən yanaşma bu baxımdan maraqlıdır: yapon ruhu ilə Qərb biliklərinin birləşdirilməsi və elmi əsaslara söykənən idarəetmə. Biz də bu gün “Azərbaycan ruhu və dünya bilikləri” prinsipinə əsaslanmalıyıq. Milli kimliyimizi və mənəvi dəyərlərimizi qorumaqla dünyanın qabaqcıl elmi, texnoloji və idarəçilik təcrübəsini mənimsəməliyik.

XXI əsrdə dövlətlərin gələcəyini müəyyənləşdirən əsas amil yüksək mədəniyyətli vətəndaşdır. Belə vətəndaşların yetişdirilməsi dövlətin ən mühüm strateji sərmayəsi olmalıdır. Təbii sərvətlər tükənə bilər, lakin bilikli, bacarıqlı, yaradıcı və mənəviyyatlı insanlardan ibarət cəmiyyət daim özünü yeniləmək və yeni inkişaf imkanları yaratmaq gücünə malikdir.

– Mədəniyyət növləri müxtəlifdir: ruhi mədəniyyət (intellektual və mənəvi mədəniyyət), maddi mədəniyyət, kontekstual mədəniyyət, sosial mədəniyyət və s. Bu mədəniyyətlər birlikdə vahid bir sosial orqanizmdir. Bəs bunlardan hansı əskik olsa, struktur tamam pozular və ciddi fəsadlar törədər?

– Mədəniyyətin bütün növləri bir-biri ilə sıx bağlıdır və onlardan hər hansı birinin zəifləməsi ümumi sistemə mənfi təsir göstərir. Bunların arasında ruhi mədəniyyət, intellektual və mənəvi mədəniyyəti harmonik qovşağı kimi, xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə, insanın biliyindən, bacarığından və maddi imkanlarından necə istifadə edəcəyini onun mənəvi dəyərləri müəyyənləşdirir. Mənəvi dəyərlər düzgün müəyyənləşdirilmədiyi bir zamanda, digər mədəniyyət sahələri cəmiyyətin inkişafına deyil, əksinə, onun zərərinə xidmət edə bilər. İntellektual və mənəvi mədəniyyət, quşun iki qanadı kimi, tarazlaşdırılmış formada fəaliyyətdə olmalıdır.  

Mənəvi mədəniyyətin sosial müstəvidə mühüm təzahürlərindən biri meritokratik mədəniyyətdir. Bu, insanın milliyyətinə, dininə, sosial mənşəyinə və ya şəxsi əlaqələrinə görə deyil, biliyinə, istedadına, bacarığına, əxlaqına, peşəkarlığına, Vətən və bəşəriyyət qarşısındakı xidmətlərinə görə qiymətləndirilməsidir. İnsan cəmiyyətin, dövlətin və bütövlükdə bəşəriyyətin inkişafına verdiyi töhfə ilə dəyər qazanmalıdır.

Məsələn, dünya şöhrətli alim Lütfi Zadənin elmi irsi bütün bəşəriyyətə məxsusdur. O, ABŞ-də yaşayıb fəaliyyət göstərsə də, azərbaycanlı olması ölkəmizə böyük mənəvi dividendlər gətirib. Dünyada onun nailiyyətlərindən danışılarkən Azərbaycan adı da hörmətlə çəkilir. Bu, istedadlı bir insanın fəaliyyətinin həm bəşəriyyətə, həm də mənsub olduğu xalqa necə xidmət etdiyinin bariz nümunəsidir.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Cəmiyyətin sosial-siyasi sabitliyini və birliyini qorumaq üçün meritokratik mədəniyyət uşaq bağçasından başlayaraq formalaşdırılmalıdır. Hər bir insan öz qabiliyyətinə, istedadına, əməyinə və cəmiyyətə verdiyi töhfəyə görə obyektiv qiymətləndirildikdə ədalət hissi, qarşılıqlı etimad və vətənpərvərlik güclənir. Bu isə ictimai həmrəyliyin, yüksək əmək məhsuldarlığının və dayanıqlı inkişafın əsasını yaradır.

Deməli, vahid mədəniyyət orqanizmində bütün sahələr vacib olsa da, əqli və mənəvi mədəniyyət, və onun üzərində qurulan ədalətli, meritokratik münasibətlər zəiflədikdə strukturun bütövlüyü ciddi şəkildə pozulur.

Söhbətləşdi: Hacı Cavadov 

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə uşaq yazıçısı Elvira

GÜNDƏM

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə uşaq yazıçısı Elvira
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin