II Yazı
II Yekaterina mühasirədəki çərkəzlərin təslim olmalarını, canlarının bağışlanması üçün xristianlığı qəbul edərək Çar Rusyasına boyun əymələrini tələb etdi. Xristian olmağı qəbul etməyən general Misost Bematiko isə son ana qədər ruslara müqavimət göstərəcəyini açıqladı
Yer üzünə səpələnən, vardığı məmləkətlərdə qüdrətini, əzəmətini qoruyan, Şimali Qafqazın cəsarət və ləyaqət nümunəsinə çevrilən çərkəzlər Qara dənizin şərq sahilində tarixi torpaqlarında ayrı – ayrı bəyliklərin qurduğu Çərkəz Bəyliyində yaşamışlar. 12 – dən çox müxtəlif boydan ibarət olan Çərkəz Bəyliyi VIII əsrdə Şərqi Roma İmperiyasının təzyiqləri ilə məcburi şəkildə xristianlaşdırılmış, XIII əsrdə isə Moğol işğalları nəticəsində yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
1557-ci ildə Temruk İdar xanın dövründə yenidən güclənən çərkəzlər bu dövrdə qonşuları olan Rus Çarlığı ilə isti münasibət qurmuşlar. Hətta Temruk İdar xan qızını rus çarı , knyaz İvan Qroznı ilə evləndirərək iki ölkə arasındakı bağın daha da möhkəmlənməsini təmin edib. Lakin 1635-ci ildə Osmanlı sultanı IV Muradın fərmanı ilə islam dini çərkəzlər arasında sürətlə yayılmağa başlayıb. 1650-ci ildən etibarən çərkəzlərin islamı qəbul etməsi və Osmanlıpərəst siyasət yürütməsi Çərkəz-Rus ittifaqını zəiflədib. Əvvəlcə kiçik sərhəd mübahisələri yaransa da, sonra iki tərəf arasında savaşlar başlayıb.

I Pyotr rus ordusuna Çərkəzistanı talan etmək əmrini verib
Əldə olunan məlumatlardan bəlli olur ki, 1711-ci il mayın 13 – də I Pyotr rus ordusuna Çərkəzistanı talan etmək əmrini verib. 30 minlik rus ordusu hərəkətə keçərək 1711-ci il avqustun 26- da çərkəz torpaqlarına daxil olub, Hatukay və Çemquy qəbilələrinin torpaqlarını işğal edib. Daha sonra Kuban çayının cənubundan Qara dənizə doğru irəliləyərək yolunun üstündəki bütün kəndləri yandırıb külə döndərib, üstəlik Qara dəniz sahilindəki limanları yağmalayıb. Bu işğal zamanı 43 min çərkəz həlak olub, 39 min at, 190 min iribuynuzlu mal-qara və 227 min qoyun ruslar tərəfindən ələ keçirilib. Məhz bu hücumdan sonra 153 il sərasər davam edən Rus-Çərkəz müharibəsi başlayıb.

İmperatriça hökmdarlığının ilk ilində Çərkəzistanı ilhaq etmək məqsədilə sərhəd bölgələrində qalalar tikdirməyə başlayıb
Ruslar bu cür talançı hücumları 1711-dən 1762-ci ilə qədər davam etdirsələr də, əməliyyatlar Çərkəzistanı ilhaq etmək üçün deyil, yalnız talan etmək üçün idi. Çünki I Pyotr hakimiyyəti dövründə heç vaxt Çərkəzistanı işğal etməyi düşünməmişdi. 1762-ci ildə taxta çıxan II Yekaterina ilə birlikdə tərəqqi dövrünə qədəm qoyan Rus İmperiyası Qara dənizi fəth edərək digər dənizlərə çıxış əldə etmək üçün gözünü Çərkəz boylarına dikib. İmperatriça hökmdarlığının ilk ilində Çərkəzistanı sürətlə ilhaq etmək məqsədilə sərhəd bölgələrində qalalar tikdirməyə başlayıb.

General Misost Bematiko Osmanlı və Krımla ittifaq quraraq Rusiyaya müharibə elan edəcəyini açıqladı
1763-cü ildə çar qüvvələri Şərqi Çərkəzistandakı Mozdoka girərək buranı rus qalasına çevirdi. Bu işğal rusların Çərkəzistandakı ilk daimi işğalı kimi tarixə düşdü. 1764-cü ilin yanvarında şərqi çərkəz generalı Misost Bematiko rus səfirlərlə görüşərək Mozdok qalasının dağıdılmasını tələb etdi. Əgər qala dağıdılmazsa, Çərkəzistanın Osmanlı və Krımla ittifaq quraraq Rusiyaya müharibə elan edəcəyini açıqladı. Rusların tələb qarışıq bu təklifi geri çevirməsindən sonra 1765-ci il avqustun 21 –də Kabarda çərkəzləri Mozdokdakı rus qalasını qısa müddətdə ələ keçirdi. Bu uğurlu hücumun çərkəzləri cəsarətləndirməsi ilə general Misost Bematiko rəhbərliyindəki çərkəz ordusu rus torpağı olan Qızılyara hücum etdi.

“Kiçik Qaynarca” müqaviləsi ilə Osmanlı Krım üzərindəki hakimiyyətini itirdi
Iki il sürən bu işğaldan sonra rus ordusu Qızılyarı mühasirəyə aldı. II Yekaterina mühasirədəki çərkəzlərin təslim olmalarını, canlarının bağışlanması üçün xristianlığı qəbul edərək Çar Rusyasına boyun əymələrini tələb etdi. Lakin xristian olmağı qəbul etməyən general Misost Bematiko son ana qədər ruslara qarşı müqavimət göstərəcəyini açıqladı. Onun bu müqaviməti 1768-ci il oktyabrın 18-də Rusiyaya müharibə elan edən Osmanlı sultanı III Mustafanın diqqətini çəkdi və Sultan şəxsən generala məktub göndərdi. Məktubda deyilirdi: “Krım xanlığı ilə birlik olub Qafqazdakı bütün müsəlman xalqları olaraq Rusiya ilə savaşmağa davam edin. Biz Osmanlı olaraq sizə lazımi dəstəyi verəcəyik.”

Giray xandan yardım gələnə qədər ruslar çərkəz ordusunu yaxalayaraq bütünlüklə qılıncdan keçirdi
Bu ittifaqdan xəbər tutan ruslar 20 minlik ordu ilə çərkəzləri Qızılyardan didərgin salmağı bacardı. Ağır itkilər verən general və ordusu Kabardaya doğru geri çəkilmək məcburiyyətində qaldı. Rus ordusunun onları təqib etməsindən əndişəyə düşən general Misost Bematiko Dövlət Giray xandan kömək istədi. Lakin Krım xanlığından yardım gələnə qədər ruslar çərkəz ordusunu yaxalayaraq bütünlüklə qılıncdan keçirdi. Çərkəz təhdidinin ortadan qalxmasından sonra rus ordusu Osmanlı ilə aparılan savaşa hazırlaşaraq 1774-cü ildə müharibədən qalib ayrılmağı bacardı. İmzalanan Kiçik Qaynarca müqaviləsi ilə birlikdə Osmanlı Krım üzərindəki hakimiyyətini itirərkən bölgədəki rus nüfuzu daha da gücləndi.

Çar ordusu müvəqqəti olaraq Çərkəzistandan çəkilmək məcburiyyətində qaldı
Bu kədərli hadisədən sonra, 1776-cı ildə ruslar Kabarda çərkəzlərini şimaldan mühasirəyə almaq üçün Terek çayında iki qala tikdi. Bir il ərzində bu qalalar vasitəsilə Kabardaya edilən hücumlar çərkəzlər tərəfindən dəf edilərkən, qalalar 1777-ci ildə çərkəz ordusu tərəfindən dağıdıldı. Lakin ruslar eyni ildə Mozdokdan Temruka qədər yeni qalalar tikməyə başladı. İki il sürən bu tikintilərdən sonra 1779-cu ildə rus generalı Yakobi Kabardaya böyük bir hücum təşkil etdi. Mükəmməl təşkil olunmuş 20 minlik çərkəz ordusu general Yakobini məğlubiyyətə uğradarkən, rus orduları müvəqqəti olaraq Çərkəzistandan çəkilmək məcburiyyətində qaldı.

Bütün Qafqaz xalqlarını birləşdirən Şeyx Mənsur Rusiyaya qarşı cihad elan etdi
1781-ci ildə isə Osmanlı İmperiyası Çərkəzistanda türk əhalisini yerləşdirmək və ruslarla daha yaxşı mübarizə aparmaq üçün Kuban çayı üzərində qalalar tikməyə başladı. Lakin Osmanlının siyasi məqsədindən xəbərdar olan Rusiya 1782-ci ildə Kubandakı qalaları dağıdaraq, Vladiqafqaza qədər olan torpaqları ələ keçirdi, 1783-cü ildə isə Krımı işğal etdi. Rusların zülmündən qaçan bir çox Krım tatarı Çərkəzistana sığındı. 1784-cü ildə bütün Qafqaz xalqlarını Rusiyaya qarşı birləşdirmək istəyən Çeçenistan imamı Şeyx Mənsur Rusiyaya qarşı cihad elan etdi. Krım tatarları, çərkəzlər və çeçenlərdən ibarət olan bu ittifaq 1786-cı ildə rusları Vladiqafqazdan çıxarmağa nail oldu.

Ruslar Osmanlı və Çərkəzistanla eyni vaxtda savaşaraq Besleney və Hatukay bölgələrini işğal etdi
Beş il, 1787- ci ildən 1792-ci ilə qədər davam edən Osmanlı-Rus müharibəsi zamanı Şeyx Mənsurun komandanlığındakı çərkəzlər ruslara qarşı mühüm hücumlar təşkil etdi. Lakin ruslar Osmanlı və Çərkəzistanla eyni vaxtda savaşaraq Besleney və Hatukay bölgələrini işğal etdi. Bundan sonra Şeyx Mənsurun olduğu Anapa dənizdən mühasirəyə alınaraq yandırılıb talan edildi və Anapa qalası yerlə-yeksan edildi. Qalada yaxalanan Şeyx Mənsur Sankt-Peterburqa aparılaraq ömürlük həbs cəzasına məhkum edildi. 1794-cü ildə ağır həbsxana həyatı onun ömrünə son qoydu.
Şərəf Cəlilli