Şuşanın dumanlı, amma bir o qədər də aydın səması altında, Cıdır düzündən əsən həzin külləyin sədaları arasında addımlayıram. Ayaqlarım məni Qarabağ memarlığının bütün zərifliyini özündə yaşadan, 1788-ci ildə bünövrəsi qoyulmuş o tarixi ünvana — böyük sənətkar, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün doğulub boya-başa çatdığı ev-muzeyinə tərəf aparır.

Qapıdan içəri qədəm qoyan kimi insanı valeh edən ilk şey – havanı bürüyən rəngbərəng qızılgüllərin ətridir. Şuşanın təmiz dağ havasına qarışan bu ətir sanki insanı qarşılayır, xoş gəldin edir. Həyət al-əlvan gül-çiçək içindədir; elə bil təbiət də Şuşanın bu müqəddəs guşəsinin azadlığını, dirçəlişini bayram edir.

Bir həyətdə iki büst: Vandalizmin yarası və Böyük Qayıdışın təntənəsi
Həyətə addımlayarkən gözüm bir-birinə bənzəyən, amma taleyi tamamilə fərqli olan iki büstə sataşır. Yan-yana duran bu iki heykəl adətən sözlə ifadə edə bilmədiyimiz bir tarixi dili-dilçəyi olmadan danışır, yaşadır.
Bir tərəfdə işğal illərində erməni vandalizminin, vəhşiliyinin canlı şahidi olan, güllələnmiş, yaralanmış büst… Onun üzərindəki qəlpə və güllə izləri təkcə tuncun deyil, bütöv bir xalqın ruhunun, mədəniyyətinin necə hədəfə alındığını göstərir. Amma o silinməyib, bilərəkdən elə o cür saxlanılıb – tariximizi, unutmamağımız, yaşadığımız ağrıları bizə xatırlatmaq üçün.

Onun düz yanında isə Bülbülün yeni, əzəmətli büstü ucalır. İşıq saçan, məğrur duruşlu bu büst Şuşanın bugünkü azad, xoşbəxt və qalib ruhunu təcəssüm etdirir. Yaralı büstlə yeni büstün bu müqayisəsi bir tərəfdə dağıdıcılıq, digər tərəfdə isə dirçəliş və yenidən doğuluşun ən təsirli simvoludur. İnsan eyni anda həm kövrəlir, həm də xoşbəxt olan bu günə görə sevinc və qürur hissi yaşayır.

Məhv edilmiş tarixdən qayıdan ruh: Eksponatların hekayəsi
Bülbülün iki otaq və eyvandan ibarət bu doğma evinin divarları neçə-neçə sənət incisinə, böyük xanəndələrin səsinə şahidlik edib. Bərpa zamanı eyvana çıxan divarlardan suvaq altından 1788-ci il tarixini göstərən yazı, Quran ayəsi və günəş simvolu aşkar olunub. Bütün bunlar evin necə dərin bir tarixi kökə sahib olduğunu bir daha göstərir.


Lakin Şuşa işğaldan azad ediləndən sonra bu evə qədəm qoyanlar dəhşətli bir mənzərə ilə qarşılaşmışdılar: zamanında dahi sənətkarın uşaqlıq şəkillərini, məşhur qavalını, 1925–1926-cı illərin konsert afişalarını, Milan təhsili və “Arte Nostra” jurnalındakı yazılarını özündə qoruyan 9 minə yaxın eksponatdan bir dənəsi də qalmamışdı. Erməni işğalı dövründə ev yararsız hala salınmış, divarları çökmüş, bütün sənədlər və əşyalar məhv edilmişdi.

Bu gün isə muzeyi gəzərkən gördüyüm hər bir eksponat Böyük Qayıdışın başqa bir möcüzəsidir. Şuşadakı bu ev-muzeyinə Bülbülün Bakıdakı ev-muzeyindən gətirilən eksponatlar, qavalı, şəxsi əşyaları, operalardan fotoları böyük sevgi və dəqiqliklə yenidən öz yerlərinə düzülüb. Divarlardan asılan monitorda dahi sənətkarın uşaqlığından ömrünün sonuna qədər olan lent yazıları nümayiş olunur. Sanki Bülbülün özü burada – hər vitrində, hər fotoda bizə gülümsəyir.

Yaraların sarındığı an: Dirçəliş və Zəfər
2021-ci ilin avqust ayı bu ev üçün dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bülbülün ev-muzeyi bərpa işlərindən sonra təntənəli şəkildə yenidən qapılarını doğma sahiblərinə və qonaqlarına açdı. Dövlətimizin diqqəti sayəsində binanın bünövrəsi möhkəmləndirildi, dam örtüyü, tarixi eyvanı, qapı-pəncərələri öz ilkin görkəmi saxlanılmaqla bərpa olundu.

İndi həyətdə yaradılan 250-300 nəfərlik yay konsert salonunda yenidən musiqi sədaları yüksəlir. Bülbül adına Beynəlxalq Vokal Müsabiqəsinin səsi yenidən bu divarlarda əks olunur.

Şuşa azaddır, Bülbülün evi xoşbəxtdir!
Muzeydən ayrılarkən bir daha həyətdəki rəngbərəng qızılgüllərə, yaralı və yeni büstlərə, Şuşanın göz oxşayan mənzərəsinə baxıram. Bu gün Şuşa azaddır, bəxtəvərdir, ruh şad və rahatdır.

Bülbülün 1961-ci ildə Şuşadakı son konsertində oxuduğu o unudulmaz zəngulələr sanki indi bu həyətdə gəzişir, qızılgüllərin ətrinə bürünüb yenidən göylərə ucalır. Bu ev, bu muzey artıq təkcə muzey deyil — bura Azərbaycan mədəniyyətinin sarsılmazlığının və yenidən dirçəlişinin ən canlı, ən təsirli abidəsidir.
Xanım Aydın