Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/27/2026

Paylaşın

Mədəniyyət

Dan söküləndə doğulan ulduz – Gülarə Əliyevanın yarımçıq qalan nəğməsi

Gülarə Əliyeva

İşıq yaradan qadan

Elə şəxsiyyətlər var ki, onların adı çəkiləndə ilk ağla gələn peşələri deyil, yaratdıqları işıq olur. Gülarə Əliyeva da belə insanlardan idi. O, pianoçu olmaqdan daha böyük məna daşıyırdı. O, musiqinin içində yaşayan, səslərə nəfəs verən, istedadı ilə bütöv bir dövrün ritmini dəyişən qadın idi.

Azərbaycan musiqi tarixində onun adı çəkiləndə ilk yada gələn nə yazdığı əsərlər, nə də aldığı titullar olur. İlk yada düşən “Dan ulduzu” olur. Çünki Gülarə Əliyeva o ansamblı yaratmaqla, Azərbaycan musiqisinin səmasında heç vaxt sönməyən bir ulduz yandırdı. Bu gün həmin melodiyalar səslənəndə insanın gözünün önünə təkcə səhnə gəlmir. Bir qadın gəlir. Gülümsəyən, tələbkar, zərif, amma iradəli… Musiqini ömrünün mənasına çevirən Gülarə Əliyeva.

Gülarə Əliyeva

Musiqi ilə yazılmış tale

1933-cü il noyabrın 17-də Bakıda ziyalı ailəsində dünyaya göz açan Gülarə Əliyevanın taleyi elə ilk gündən musiqi ilə bağlı idi. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin qızı, o zamanlar hələ 10 yaşında olan, görkəmli oftalmoloq, professor olacaq Zərifə Əliyevanın bacısı Gülarə sonralar xanımın böyüdüyü evdə elmə də, sənətə də eyni ehtiram vardı. Bu mühit onun xarakterini formalaşdırdı – zərif, amma prinsipial, sakit, amma son dərəcə tələbkar.

Azərbaycan Dövlət Konservatoriyasını əla qiymətlərlə bitirən gənc pianoçu sonralar təkcə ifaçı kimi deyil, sənətşünas alim, pedaqoq və təşkilatçı kimi də böyük nüfuz qazandı. O, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında çalışdı, “Bəstəkar Fikrət Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi, uzun illər Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik etdi. Amma bütün bunlar onun həyatının ən böyük əsərinə aparan yol idi.

Gülarə Əliyeva

Dan söküləndə doğulan ulduz

1960-cı illərin sonu Azərbaycan musiqisi üçün yeni nəfəs tələb edirdi. Gülarə Əliyeva bu nəfəsi duydu. O, xalq musiqisinin ruhunu klassik musiqi alətləri ilə birləşdirən tamamilə yeni bir kollektiv yaratmaq qərarına gəldi. Bu, həmin dövr üçün cəsarətli addım idi. Çünki indiyədək heç kim tarın, kamançanın ruhunu fortepiano, qaboy, violonçel kimi alətlərlə bu qədər təbii şəkildə qovuşdurmağa cəhd etməmişdi. Gülarə Əliyeva isə bu cəsarəti sənətə çevirdi. Azərbaycan melodiyaları yeni çalarda səsləndi, milli musiqi tamam fərqli rəng qazandı. Ansambla adı isə xalq şairi Nəbi Xəzri verdi – “Dan ulduzu”. Bu ad təsadüfi deyildi. Çünki dan ulduzu gecənin sonunu, işığın başlanğıcını müjdələyir. Gülarə Əliyevanın yaratdığı kollektiv də Azərbaycan estrada və instrumental musiqisində yeni bir səhərin başlanğıcı oldu. Bu ad həmçinin sanki ölməz dramaturqumuz Cəfər Cabbarlının cümhuriyyət sevdasına dilə gətirdiyi “Ey dan ulduzum…” misrasının incə davamı idi…

Ansamblın repertuarına sıradan əsərlər düşmürdü. Gülarə xanımın dəyişməz prinsipi vardı: burada yalnız peşəkar bəstəkarların musiqisi səslənməli idi. O, keyfiyyəti heç vaxt güzəştə getmirdi. Məhz buna görə də “Dan ulduzu” qısa müddətdə musiqi kollektivindən çox, yüksək sənət meyarının simvoluna çevrildi.

Gülarə Əliyeva

İlk çıxışlarından etibarən tamaşaçı sevgisi qazanan ansambl tezliklə dövlət tədbirlərinin, televiziya və radio proqramlarının, mötəbər konsertlərin ayrılmaz hissəsi oldu. Sonralar Azərbaycan Televiziyası və Radiosunun ştatına qəbul edilməsi də bu böyük uğurun təsdiqi idi.

“Dan ulduzu” təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da Azərbaycan musiqisinin ən parlaq elçilərindən birinə çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissau, İtaliya, Bolqarıstan, Finlandiya, Hindistan, Efiopiya və başqa ölkələrdə keçirilən konsertlərdə tamaşaçılar Azərbaycan musiqisinin qərb alətlərində bu qədər təbii və zəngin səslənməsinə heyran qalırdılar.

Gülarə Əliyeva

Bu kollektiv həm də böyük sənətkarların görüş yerinə çevrilmişdi. Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev, Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Zamiq Əliyev, Kamil Cəlilov, Həsənağa Qurbanov kimi tanınmış sənət adamları “Dan ulduzu” ilə eyni səhnəni bölüşürdülər.

Ancaq Gülarə Əliyevanın ən böyük xidmətlərindən biri gənclərə yol açması idi. O, istedadı bölgə tanımadan axtarırdı. Lənkərandan Cavad Rəcəbovu, Laçından Məhəbbət Kazımovu Bakıya dəvət etməsi bunun ən gözəl nümunələrindəndir. Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyxa Mirismayılova kimi ifaçıların tanınmasında da “Dan ulduzu” mühüm rol oynadı.

Ansamblı Gülarə xanım üçün musiqi ocağı idi və onu övladı kimi qoruyurdu. Məşqlər bəzən onun evində keçirilirdi. O evin qapısı musiqiçilərin, bəstəkarların, gənc ifaçıların üzünə həmişə açıq idi. Çünki Gülarə Əliyeva yaxşı bilirdi: musiqi yalnız notlardan yaranmır, insanlardan yaranır.

Gülarə Əliyeva

Bir ömrün melodiyası

Gülarə Əliyeva  mahir pianoçu olmaqla yanaşı, həm də bəstəkar idi. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd” və “Şur” fantaziyaları onun yaradıcılığının ən qiymətli səhifələrindəndir. Onlarla xalq mahnısını yeni nəfəsdə işləyərək gələcək nəsillərə çatdırdı. Qızı Ayəndə Adilovanın bir cümləsi isə Gülarə xanımın bütün ömrünü ifadə edir: “Anam musiqi ilə yaşayırdı…”

Bəlkə də elə buna görə “Dan ulduzu” onun üçün kollektiv deyil, ömrünün özü idi.

Bir eyvan uçdu… Azərbaycan musiqisi susdu

1991-ci il iyulun 27-si…

Azərbaycan musiqisinin tarixində qara hərflərlə yazılmış gündür. Həyat yoldaşı, kulturoloq Adil Adilovu müalicə üçün Moskvaya yola salırdılar. Hər şey adi görünürdü. Bir ailənin gündəlik vida anı… Gülarə Əliyeva, kiçik qızı Nuridə və “Dan ulduzu”nun istedadlı violonçel ifaçısı Minirə xanım onu yola salmaq üçün eyvana çıxdılar.

Sonra…

Bir dəhşətli səs…

Və bir anın içində uçub dağılan köhnə eyvan…

Həmin uçqun təkcə üç insanı həyatdan ayırmadı. O gün Azərbaycan musiqisinin ən işıqlı səhərlərindən biri də yarımçıq qaldı. Ayəndə Adilovanın həmin günü xatırlayarkən dediyi sözlər illər keçsə də insanın ürəyini göynədir. O, atasını blokun qapısınadək ötürüb geri qayıdanda artıq eyvan yox idi… Sanki talenin özü musiqinin səsini birdən-birə kəsmişdi.

Gülarə Əliyeva

Dan ulduzları əslində batmır…

Bu gün Gülarə Əliyeva cismani olaraq həyatda yoxdur. Amma onun yaratdığı məktəb yaşayır. “Dan ulduzu” yaşayır. Onun yetirdiyi sənətkarlar yaşayır. Onun səhnəyə qazandırdığı melodiyalar yaşayır. Çünki Gülarə xanım ömrünü təqvimlə deyil, yaratdığı işıq boyda yaşayır. O, Azərbaycan musiqisinə gözəl əsərlər və möhtəşəm ansambl bəxş etməklə yanaşı, sənətə zövq, intizam, estetik düşüncə və ən əsası sevgi gətirdi. Otuz beş ildir  ki, o, aramızda yoxdur. Amma hər dəfə “Dan ulduzu”nun adı çəkiləndə, hər dəfə həmin melodiyalar səslənəndə elə bil Bakı səmasının bir yerində yenidən dan sökülür. Və o danın ilk işığı yenə də eyni adı daşıyır – Gülarə Əliyeva…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin