Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/09/2026

Paylaşın

TARİX

Osmanlı sarayının kədər dastanı : Cem Sultanın faciəsi

Cem Sultan, Fateh Sultan Mehmet

Fateh Mehmetin qardaşına arxa çevirən, Vatikana əsir düşən, Mələklər adasında zəhərlənərək öldürülən oğlu

Milli dövlətçilik tariximizdə bir-birinə qılınc sıyıran, öz qılıncına doğranan Sultanlar çox olub. Avropanın, kilsələrdə Şərqin, Turanın, türk dünyasının məhvi üçün tədbir tökən  papaların, kralların, kardinalların ən böyük məqsədi  zəif saldığı sarayları öz iradəsiniə təslim etmək olub. Əmir Teymurla Sultan Bəyazitin, Şah İsmayıl Xətai ilə Sultan Səlimin üz-üzə gəldiyi Çaldıran düzü ilə Anadolu yaylası qana boyananda dünyanın o başında Səlib yürüşünə çıxanlar bayram ayinləri təşkil edib. Kədərlisi, daha dəhşətlisi isə odur ki, iqtidar uğrunda qardaş savaşları da tarixin yaddaşına yazılıb. Qardaşın qardaşlarının qılıncdan keçirməsi taleyimizin sərt üzü olaraq sinəmizdə dağa dönüb.  Bu kədərli hadisələrdən biri  isə İstanbulu fəth edən Mübarək Komutanın – Fateh Mehmetin sarayında yaşanıb. Dünya Fatehinin ruhunun incidiyi, cənazəsinin gizlədildiyi günlərdə qardaşın qardaşa çevirdiyi arxa kürəyimizi yerə vurub. Vatikana əsir düşmək, Roma papasının önündə əyilmək kimi kədərli tarix yaşanıb. Fateh Sultan Mehmetin üçüncü oğlu Cem Sultan 1459-cu il dekabrın 22-də  Ədirnə sarayında dünyaya gəlib. Bir qardaşı Şahzadə II Bəyazit,  digər  qardaşı isə Şahzadə Mustafa idi. 4 yaşından etibarən  təlim dərsləri almağa başlayan Cem Sultan 10 yaşında Kastamonu Sancaqbəyi təyin edilib. Gələcək Sultanı yetişdirmək və ona nəzarət etmək Xoca Xeyrəddin bəyə tapşırılıb. 1473-cü ildə Osmanlı və Ağqoyunlu dövləti arasında başlayan savaş zamanı  Fateh Sultan Mehmet oğlu Bəyazit və Mustafa ilə Otluqbeli  müharibəsinə yollanıb. Cem Sultan isə lələləri ilə birlikdə İstanbula gələrək atasını əvəz edib. 40 gün ərzində Fateh Sultan Mehmetdən heç bir xəbər gəlmədiyi üçün hamı onun döyüşdə  həlak olduğunu düşünüb. Bu, Cem Sultanın böyük tarixi səhvi ilə nəticələnib. Cem Sultan ətrafındakıların, xüsusilə də Xoca Xeyrəddinin təsiri ilə özünü padşah elan edib. Bir ay sonra Fateh Sultan Mehmet qalib olaraq İstanbula dönüb. Oğlunun taxta çıxdığını görən Fateh Şahzadənin qiyam qaldırıb taxta oturduğunu düşünüb. “Mənə sənin döyüşdə öldüyünü dedilər və məni taxta çıxardılar” deyən  oğlunu bağışlasa da, Fateh Sultan Mehmet Xoca Xeyrəddin bəyi edam etdirir. Cem Sultanı isə daha uzağa, Konyaya vali təyin edir.

Sultan Bəyazit :  “Bir dövlətin iki padşahı ola bilməz, taxta ya sən çıxacaqsan, ya da mən”

Fateh Sultan Mehmet 1481-ci ildə dünyasını dəyişir, oğlu Bəyazit və Cem arasında taxt uğrunda  qanlı savaş başlayır. Osmanlıdakı paşalar bu hadisədən sonra iki yerə bölünürlər : Bəyaziti və Cem Sultanı dəstəkləyənlər. Bəyazitin tərəfdarları Amasiyaya xəbər göndərərək onu İstanbula dəvət edirlər. Cem Sultanın tərəfdarları isə Konyaya elçi göndərərək  onu  İstanbula çağırırlar. Amma Konyaya gedən elçi yolda Bəyaziti dəstəkləyənlər tərəfindən öldürülür. Bu səbəbdən Cem Sultan atasının ölüm xəbərini qardaşı Bəyazitdən 4 gün sonra alır. Bu zaman Bəyazit taxta çıxaraq özünü padşah elan etmişdi. Cem Sultan Bursaya gələrək  səltənət qurur, özünü sultan adlandırır. Qardaşı Bəyazitə təklif edir ki, İstanbul və Balkan yarımadasını II Bəyazit, Anadolu və Bursanı isə o idarə etsin. Bəyazit qardaşına sərt həm də tarixi cavab  göndərir: “Bir dövlətin iki padşahı ola bilməz, taxta ya sən çıxacaqsan, ya da mən”. buna baxmayaraq  bəzi paşalar yenə də  Cem Sultanı qardaşı II Bəyazitə qarşı üsyana qaldırırlar. İki qardaş arasındakı döyüşdə Cem Sultan məğlub olur və Misirə sığınır. Misir Məmlük sultanı Qayıtbəy Cemi sultan kimi qarşılayır. Misirdə məskunlaşan Cem Sultan Həcc ziyarətinə gedir.

Roma papası Cem Sultana xristianlığı qəbul edəcəyi təqdirdə böyük ordu verəcəyini, haqqı olan taxta çıxmasını təmin edəcəyini deyir.  Sultan bu təklifi rədd edir

Bundan sonra Bəyazit qardaşına Qüdsdə yerləşməyi təklif edir. Hər il ona 9 dəfə  xəzinədən hissə – qızıl göndərəcəyini vəd etsə də, Cem Sultan razı olmur. Üsyan II Bəyazit tərəfindən yatırılır. Bu dəfə Cem Sultan oğlu Şahzadə Muradla birlikdə Rodos adasına sığınır. Rodos valisi başda Roma papası olmaqla bütün krallara Cem Sultanın Rodosda olduğunu xəbər verir. Fransa kralı Rodos valisinə  küllü miqdarda qızıl və gümüş təklif edərək Cem Sultanı Fransaya aparır. Fransa bir müddət sonra Sultanı ondan qətiyyətlə tələb edən Roma papasına təhvil verir. Roma papası Cem Sultana xristianlığı qəbul edəcəyi təqdirdə böyük ordu verəcəyini, onun haqqı olan taxta çıxmasını təmin edəcəyini deyir. Amma Cem Sultan bu təklifi rədd edir. Cem Sultan Vatikan yaxınlığında yerləşən Mələklər qalasına yerləşdirilir. 14 il ərzində həmin qalada yaşayır. 1495-ci ildə, 36 yaşında zəhərlənərək öldürülür.

Vatikan Cem Sultanın cənazəsi qarşılığında Osmanlıdan böyük sərvət əldə etmək niyətində idi

Avropa onun cənazəsini də öz məqsədləri üçün istifadə etmək istəyirdi. Qardaşı Sultan II Bəyazit Cem Sultanın  taleyindən kədərlənirdi. 4 il idi ki, qardaşının mumiyalanmış cənazəsi dəfn edilmirdi. Vatikan Cem Sultanın cənazəsi qarşılığında Osmanlıdan böyük sərvət əldə etmək niyətində idi. Amma Bəyazitin cavabı onların xəyallarını alt-üst edir: “Əgər bir həftə ərzində Cem Sultanın cənazəsi Osmanlıya təslim edilməsə, Neapol başdan-ayağa yox ediləcək”. Bu təhdiddən sonra mumiyalanmış cənazə Osmanlıya təhvil verilir. Cem Sultan Bursada dəfn edilir.

Sultan Süleymanın qəzəbi, Xaç suyuna salınan Şəhzadənin dolaşan kələfi

Kədərlisi, daha dəhşətlisi isə o idi ki, Cem Sultanın Rodosda qalan oğlu Şahzadə Murad xristianlığı qəbul edir və özünü Pyer adlandırır. Xaç suyuna salınır. Xristian bir  qadınla ailə qurur və Nikola adlı oğlu dünyaya gəlir. İslam uğrunda  savaşıb İslamı himayə edən Osmanlı İmperiyasının bir nümayəndəsinin xristianlığı qəbul etməsi dözülməz idi. Sultan Süleyman 1522-ci ildə Rodosu fəth edərkən zaman ada sakinlərinin heç birinə zərər verilməməsini əmr etsə də, Cem Sultanın oğlu Pyeri öldürtdürür. Bəzi mənbələrdə Cem Sultanın nəvəsi Nikolanın da bu zaman öldürüldüyü iddia olunsa da, xristian mənbələrində onun gizlədildiyi və qaçırıldığı qeyd olunur. Əldə olunan məlumatlardan bəlli olur ki, Cem Sultanın nəticələri bu gün Maltada yaşayırlar.

On dörd il əsarətdə qalmaq da, mumyalanmış cəsədinin dörd il sonra Bursada torpağa verilməsi də onun alın yazısı idi

İstanbulun Nuri Osmaniyə kitabxanasında və Vatikanda qorunan bir çox sənədləri vərəqlədikcə Cem Sultanın taleyinə üzülməmək olmur, Dünya Fatehinin – Fateh Mehmetin  dəyərlərinə arxa çevirən oğlunun  ağrılı sonluğu haqq etdiyini düşünürsən.  Rodos adasına sığınmaq da, Roma papasına Vatikana əsir getmək də, Mələklər adasına 14 il əsarətdə qalmaq da, mumyalanmış cəsədinin 4 il sonra Bursada torpağa verilməsi də onun alın yazısı idi.  Qardaşına arxa çevirmək, səadəti səltənətdə görmək nə qədər kədərlidirsə, Sultan Bəyazitin üzünü Roma İmperiyasına tutub: “Əgər bir həftə ərzində Cem Sultanın cənazəsi Osmanlıya təslim edilməsə, Neapol başdan-ayağa yox ediləcək!” nidası o qədər qürur vericidir! Milləti, qüruru, qeyrəti, cəsarəti,  ləyaqəti yaşadır. Biz onu 44 günlük Vətən Müharibəsində, Şuşa qalasında – “Qarabağ Azərbaycandır!”  hikməti ilə tarix yaradan da yaşadıq!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 8-də Bakı metrosunda “Əhmədli-İçərişəhər” istiqamətində hərəkət edən qatarda vaqonların birində həşərat aşkarlanıb.

Ən son

HƏR ŞEYDƏN

Gün batmağa başlayanda Bakı sanki dərin bir nəfəs alır.

HƏR ŞEYDƏN

Gün batmağa başlayanda Bakı sanki dərin bir nəfəs alır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin