Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/05/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Nəsib bəy Yusifbəyli – dövlətçilik, maarifçilik və istiqlal yoluna həsr olunan ömür

IMG-20260705-WA0005

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən, ictimai-siyasi fikir tariximizin parlaq simalarından biri olan Nəsib bəy Yusifbəylinin anadan olmasından 145 il ötür. O, təkcə Cümhuriyyət hökumətinin baş naziri deyil, həm də maarifçi, publisist, siyasi təşkilatçı və milli dövlətçilik ideyasının ardıcıl müdafiəçisi kimi Azərbaycan tarixində silinməz iz qoyub.

1881-ci ildə Gəncədə dünyaya gələn Nəsib bəy ilk təhsilini Gəncə gimnaziyasında alıb. Daha sonra Odessa İmperator Novorosiysk Universitetinin hüquq fakültəsində təhsil alsa da, çar Rusiyasındakı siyasi hadisələr səbəbindən ali təhsilini başa vura bilməyib. Tələbəlik illərində Azərbaycanlı tələbələrin yaratdığı Azərbaycan Yerlilər Cəmiyyətinin təşkilatçılarından biri kimi milli düşüncənin formalaşmasına xidmət edib.

Sonrakı taleyi onu Krımın Bağçasaray şəhərinə aparır. Burada böyük maarifçi İsmayıl Qaspıralının nəşr etdirdiyi “Tərcüman” qəzetində çalışır, Qaspıralının qızı Şəfiqə xanımla ailə qurur.

“Tərcüman”da fəaliyyəti dövründə Nəsib bəy yalnız publisist kimi deyil, həm də mədəniyyət fədaisi kimi tanınır. Azərbaycan dramaturqlarının əsərlərini səhnəyə qoyur, özü baş rollarda çıxış edir, Firidun bəy Köçərlinin və Hüseyn Əfəndi Qayıbovun əsərlərinin nəşri üçün böyük səy göstərir.

Onun publisistik irsində milli mətbuatın inkişafı xüsusi yer tutur. Nəsib bəy “Molla Nəsrəddin” jurnalını dövrünün ən mühüm maarifçilik tribunalarından biri hesab edir, bu nəşrə qarşı edilən haqsız hücumlara qətiyyətlə cavab verir.

Eyni zamanda Mirzə Fətəli Axundzadənin 100 illik yubileyinin keçirilməsi təşəbbüskarları sırasında yer alaraq milli ədəbi irsin təbliğinə də mühüm töhfə verir.

1909-cu ildə Gəncəyə qayıdan Nəsib bəy şəhər ictimai-siyasi həyatının ən fəal simalarından birinə çevrilir. Gəncə Şəhər Dumasının sədr müavini kimi fəaliyyət göstərir, Müsəlman Xeyriyyə Cəmiyyətində, Müsəlmanlar İçində Maarifi Yayan Cəmiyyətdə və Müsəlman Aktyorlar Cəmiyyətində çalışır. Müəllimlik edir, maarifçilik ideyalarını yayır və Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə milli azadlıq hərəkatının aparıcı simalarından olur.

1917-ci il Fevral inqilabından sonra Gəncədə yaratdığı Türk Ədəmi-Mərkəziyyət Firqəsi sonradan “Müsavat” partiyası ilə birləşir və Nəsib bəy partiyanın Gəncə təşkilatına rəhbərlik edir. O, Qafqaz müsəlmanlarının və Rusiya müsəlmanlarının qurultaylarında Azərbaycanın muxtariyyəti ideyasını qətiyyətlə müdafiə edir, Zaqafqaziya Seymində Müsəlman fraksiyasının sədr müavinlərindən biri seçilir. Daha sonra Zaqafqaziya Demokratik Federativ Respublikasında xalq maarif naziri vəzifəsini icra edir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Nəsib bəy Yusifbəyli gənc dövlətin quruculuğunda mühüm rol oynayır. O, müxtəlif hökumətlərdə xalq maarifi, maarif və dini etiqad naziri kimi çalışır, milli təhsil sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atır.

1919-cu il aprelin 14-də Nazirlər Şurasının sədri seçilən Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin ən çətin dövründə hökumətə rəhbərlik edir. Onun başçılığı ilə iki hökumət kabineti formalaşdırılır. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, parlament ənənələrinin inkişafı, təhsil, iqtisadiyyat və diplomatiya sahələrində həyata keçirilən tədbirlər Cümhuriyyət tarixinin mühüm səhifələrini təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nəsib bəy ölkəni tərk edərək Tiflisə getməyə çalışsa da, 1920-ci il mayın 31-də Kürdəmir yaxınlığında müəmmalı şəkildə həyatını itirir. Onun ölümü Azərbaycan siyasi tarixinin ən faciəli və hələ də tam aydınlaşdırılmamış hadisələrindən biri hesab olunur.

Nəsib bəy Yusifbəylinin həyatı göstərir ki, dövlət quruculuğu yalnız siyasi fəaliyyətlə məhdudlaşmır.

O, milli mətbuatı, maarifi, teatrı və ictimai düşüncəni dövlətçilik ideyasının ayrılmaz hissəsi hesab edirdi. Məhz buna görə də Nəsib bəy Yusifbəyli Azərbaycan tarixində yalnız baş nazir kimi deyil, həm də milli oyanışın, müasir təhsil və dövlətçilik təfəkkürünün görkəmli memarlarından biri kimi ehtiramla xatırlanır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin