Bir zamanlar yaşadığımız binaların, həyət evlərinin məhəllələri, küçələrin hər küncündən uşaq səsi ucalırdı. İndi isə avtomobil səsi və susqunluq var.
Keçən əsrin 80–90-cı illərini xatırlayan hər bir bakılının yaddaşında bir həyət var. Böyük çinar ya da tut ağacının kölgəsindəki skamya, divara söykənmiş köhnə velosiped, axşamadək oynanan oyunlar, həyətin ortasındakı su çəni yalnız xatirə deyil, bir dövrün işarətidir.
İndi həmin həyətlərə girsəniz, fərqli bir mənzərə görərsiniz. Boş skamyalar, bəlkə bir-iki yaşlı adam, telefona baxan bir yeniyetmə. Uşaq yox, səs yox, oyun yoxdur. Bəs bu dəyişiklik haradan gəldi?
Baki-baku.az paytaxtda uşaqlığın unudulmaz xatirələrinin olduğu məhəllələrin indiki uşaqlar üçün marağının azalma səbini araşdırır.

Zamanın tələbinə uyğun dəyişiklik
Məhəllə yalnız coğrafi anlayış deyil. O, bir sosial orqanizmdir: hamını tanıyan qonşular, uşaqların bir-birini çağırdığı pəncərə altları, eyni skamyada oturub söhbət edən yaşlı və orta nəslin nümayəndələri. Zamanın tələbinə, urbanizasiyanın qaydalarına uyğun baş verən dəyişikliklər məhəllə, qonşuluq mühitinə müəyyən dərəcədə təsir göstərdi. Xalqımızın özünəməxsus qonaqpərvərliyi, qonşuluq münasibətləri hələ də davam etsə də, şəhərin sürətli inkişafı bu münasibətlərin möhkəmlənməsinə təsirsiz ötüşmür.

Uşaqlar həyətdən niyə çıxdı?
Valideynlər üçün ən böyük dəyişiklik trafikdir. Bir zamanlar həyət küçəsi uşaqların oyun meydançası idi. Avtomobil ya nadir keçərdi, ya da çox yavaş. İndi həmin küçələrdən kifayət qədər avtomobillər keçir.
Amma trafik yalnız fiziki təhlükə deyil, həm də psixoloji barrier yaratdı. Valideynlər uşaqlarını küçəyə buraxmaqdan qorxur. Bu qorxu əsassız deyil, amma nəticədə uşaq evdə qalır.
Sosiologlar bildirir ki, 1970-ci illərdə uşaqlar evdən orta hesabla 1–2 km uzaqda nəzarətsiz oynaya bilirdilər. Bu gün həmin məsafə onlarla dəfə azalıb.

Yaşayış məkanının dəyişməsi
Köhnə Bakı binalarında həyət ictimai məkan idi. Hər kəs burada toplaşardı. Uşaqlar oynayardı, böyüklər söhbət edərdi, nərd, domino oynayardılar. Diqqət etsək, əvvəllər binalar üfiqi idi. Yeni yaşayış komplekslərində isə binalar şaquli oldu. Hər ailə öz mərtəbəsinin arxasında qapandı. Məhəccər tipli hasarlardan ibarət yaşayış kompleksləri, müşahidə kameraları, mühafizəçi məhəlləni rəsmiləşdirdi. Qonşular artıq “bizimkilər” deyil, sadəcə “həmin binada yaşayanlar” oldu.

Rəqəmsal dünya: daha maraqlı bir “həyət” tapıldı
Ekran qalib gəldi. Smartfon, planşet, oyun konsolları uşağa elə bir dünya açdı ki, həyətin ən yaxşı günü belə onunla rəqabət apara bilməz. “Minecraft”da öz şəhərini qurmaq, “Roblox”da dostlarla oynamaq, “YouTube”da hər sualına cavab tapmaq uşaq üçün sonsuz stimuldur.
Bu texnologiyanın günahı deyil, o, sadəcə güclüdür. Problem ondadır ki, biz uşağa texnologiyaya alternativ mühit yarada bilmədik. Həyəti maraqlı saxlaya bilmədik.
Araşdırmalar göstərir ki, uşaqlar texnologiyadan daha çox canlı oyuna meyillidir. Amma yalnız o şərtlə ki, canlı oyun mümkün olsun, təhlükəsiz olsun, dostları olsun.

Həddindən artıq planlaşdırılmış uşaqlıq
Müasir dövrdə uşaqların gündəlik həyatı olduqca zəngindir: Məktəb, dil kursları, fənnlər üzrə repetitorlar, üzgüçülük, musiqi dərsi, rəsm… Cədvəl sıxdır, azad vaxt isə yoxdur.
Bu, əslində bir paradoksdur. Valideynlər uşağın gələcəyini qurmaq üçün onun hazırki dövrünü qurban verir.
Psixoloqlar uzun müddətdir xəbərdarlıq edir ki, struktursuz oyun, yəni uşağın özünün idarə etdiyi, qaydaları özünün müəyyən etdiyi oyun inkişaf üçün mühümdür. Bu oyun həyətdə baş verirdi. İndi isə baş vermir.

Qonşu artıq tanış deyil
Köhnə məhəlləni birləşdirən şey yalnız coğrafiya deyil, münasibət idi. Uşağın həyətə çıxması üçün valideyn icazəsi lazım deyildi, çünki ona bütün həyət “nəzarət edirdi”. Filan xala pəncərəsindən göz yetirirdi, filan əmi küçənin başında oturmuşdu.
Bu icma nəzarəti artıq yoxdur. Şəhərləşmə ilə birlikdə “fərdilik” gəldi. Hər kəs öz həyatını yaşayır, qonşunun uşağına baxmaq onun işi deyil.

İtən oyunlar, itən bacarıqlar
Həyətdə oynanılan oyunlar sadəcə əyləncə deyildi. Onlar həyat məktəbi idi. Qaydalar müzakirəsi edilirdi, bəzən real qaydalara dəyişikliklər olurdu, yeni qaydalar gətirilirdi. Bu, danışıqlar aparmağı, kompromis tapmağı öyrədirdi. Uşaqlar məğlubiyyətlə üzləşdikdə ağlamaq əvəzinə qalxıb yenidən oynayırdılar. Ağaca dırmaşmaqla, tullanmaqla kiçik risklər alır, öz bədəninin hüdudlarını mənimsəyirdilər.
Oyuncaq yox idi, uşaqlar özü oyuncaq yaradırdılar. Çubuqdan qılınc, qutudan ev uşaqların yaradıcılıq baxımından inkişafı demək idi. Fərqli yaşda olan uşaqlarla birlikdə olmaq, oynamaq sosial bacarıqları artırır, böyüyün kiçiyə öyrətməsi, kiçiyin böyüyü müşahidə etməsi mədəniyyətinə yol açırdı.
Bu bacarıqların itirilməsi psixoloqların “oyun kasadlığı” adlandırdığı hal bugün özünü göstərir. Belə ki, uşaqlarda tənhalıq artıb, problemin öhdəsindən gəlmə bacarığı azalıb.

Bəs o günlər həqiqətən daha yaxşı idimi?
Dürüst olmaq lazımdırsa, təbii ki, keçmiş ideallaşdırılmamalıdır.
O dövrün öz ağrıları vardı: Maddi çətinliklər, azadlığın başqa formada qadağası, məlumat azlığı, tibb imkanlarının məhdudluğu və sair. Uşaqlar arasında da bəzən dava düşürdü.
Amma həqiqət odur ki, azad, kənarda keçirilən uşaqlıq yalnız nostalgiyanın deyil, elmin də dəyər verdiyi şeydir. Uşaq psixologiyası bu fikirdə yekdildir.

Həyətin səsi
Bir şəhərin sağlamlığını ölçmək üçün mürəkkəb statistikaya ehtiyac yoxdur. Sadəcə axşam küçəyə çıxın. Uşaq səsi eşidirsinizmi?
Əgər eşidirsinizsə, o məhəllə yaşayır. Əgər eşitmirsinisə sual vermək lazımdır. Biz bu şəhəri kimlər üçün qururuq?
Son illər Bakıda həyata keçirilən abad məhəllə layihələri, yeni parkların salınması uşaqların zamanını daha yaxşı keçirməsi üçün gözəl imkanlar yaradır.
Şəhərlər böyüyür, gözəlləşir, modernləşir. Amma böyüklük yalnız binaların hündürlüyü ilə ölçülmür. Həqiqi böyük şəhər uşağın küçədə azad oynaya biləcəyi şəhərdir. Həyətin, çinarın, su çəninin, axşam çağrışının şəhəridir.
O səsi geri qaytarmaq ən vacib memarlıq işidir. Bakı da bu yolda inamla addımlayır.
Elvin Camalov