Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/17/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Xosrov bəy Sultanov – “İstiqlal Bəyannaməsi”nə imza atan, Cümhuriyyətin ilk Hərbi naziri kimi tarixdə qalan General-qubernator

Xosrov bəy Sultanov

Birinci yazı

Xain dedikləriniz mənim millətimdir. Mənim millətim xəyanətkar doğulmayıb. Onu kimsə bu adla yarğılaya bilməz!

Şəcərə dəftəri ilə Osmanlı sultanlarına bağlı olan Xosrov bəy Sultanovun doğulduğu torpaqlar, Şərqi Zəngəzurun və Qarabağın böyük bir hissəsi onun ulu babası Sultan bəy Teymur bəy oğlu Sultanzadəyə IV Sultan Murad tərəfindən tüyül torpağı olaraq verilmişdi. Savaşdakı igidliyinə görə isə Sultan bəyə həm də Minbaşı və Bəy titulu verilmiş, ərazinin min kəndi də ona bağışlanmışdı.

Erməni general Andranik Ozanyanı diz çökdürən, yenə də erməni general Dronun qoşununu darmadağın edən, təkbətək savaşda rus zabitinə qalib gələn, Səməd bəy Mehmandarovun iradəsi ilə Qarabağı erməni daşnaklarından təmizləyən, Cümhuriyyətin ilk Hərbi naziri, Qarabağın ilk General-qubernatoru kimi tarix yaradan Xosrov bəy Sultanov 1879-cu ildə Zəngəzurda-Laçında dünyaya gəlib. Atası onu həkim, digər qardaşı Sultan bəyi hərbçi kimi görmək istəsə də, Zəngəzura maarif işığı gətirən Teymur bəyin nəvələri adlarını milli dövlətçilik tariximizə qüdrətli sərkərdə, ictimai-siyasi xadim və dövlət qurucusu kimi yazdılar.

Qan içində özündə güc tapıb yerindən  qalxır, sərrast atəşlə zabiti yerə sərir

İlk tibbi təhsilini Xarkovda, ali təhsilini isə Odessada – Novorossiski Universitetində alan Xosrov bəy Sultanov burada Nəriman Nərimanovla tanış olur. Onun inqilabi dərnəyinin üzvü kimi quruluşun, zamanın, çar mütləqiyyətinin üzərinə yeriyir

O, qürurun, qeyrətin, ləyaqətin imtahanından qanlı savaşlarda çıxan mərd insanların mühitində, diyarında doğulmuşdu. Namus məsələsi onun üçün şərəf, ləyaqət işi idi.  Xosrov bəy Odessada təhsil alarkən gecə küçədə bir rus qızına  qarşı ədəbsiz hərəkət edən rus zabitinə etirazını bildirir. Nəticədə zabit ipə – sapa yatmayan Xosrov bəyi duelə çağırır. Duelin şərtlərinə görə ilk atəş açmalı olan Xosrov bəy olsa da, “Biz Qafqazlı, türk və müsəlmanıq. Bizdə Allahın yaratdığı bəndənin ömrünü yarıda qoymaq adəti yoxdur!” deyib, atəş açmaqdan imtina etdiyi halda, rus zabit tapançadan atəş açaraq onun sol gözünü çıxarır. Xosrov bəy qan içində özündə güc tapıb yerindən  qalxır, sərrast atəşlə zabiti yerə sərir. Bu Xosrov bəy Sultanovun haqq davasında açdığı ilk atəş, aldığı ilk qisas idi. Qarşıda isə onu daşnaklarla,  onların havadarı olan Çar cəlladları, Bolşevik qan içənləri ilə qanlı savaşlar, qırğınlar, qiyamətə qalmayan qisaslar gözləyirdi.

 Şəxsi vəsaiti hesabına “Səhra xəstəxanası” qurur

Təhsilini başa vurduqdan sonra Vətənə – Zəngəzura, Qarabağa dönən Xosrov bəy xalq təbabəti vasitəsilə əldə etdiyi dava-dərmanla yerli əhalini müalicə edir. Bölgədə yayılan vərəm və qarın yatalağı kimi ağır xəstəliklərin qarşısının alınmasına nail olur. Bunun üçün öz şəxsi vəsaiti hesabına “Səhra xəstəxanası” qurur.

1914-cü il oktyabrın 20-də Rusiya-Türkiyə müharibəsinin başlanması ilə Batum və Qars bölgələrinin türk-müsəlman əhalisi ağır duruma düşür. Çar Rusiyasının oradakı nümayəndəsi isə nəinki bu qətliama, türk-müsəlmanların günahsız yerə qılıncdan keçirilməsinə, eyni zamanda yaralılara vaxtında yardım göstərilməsi probleminə belə göz yumur, etinasız münasibət bəsləyir.

Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin tərkibində qurulan “Qardaş köməyi” hərəkatının idarə heyətində yer alır

Azərbaycan əslzadələrinə, xüsusən də Hacı Zeynalabdin Tağıyevə müraciətindən sonra yaralılara yardıma gələnlərin –  Nəriman Nərimanov, Mirəsədulla Mirqasımov, Nigar xanım Şıxlinskaya, Əli bəy Hüseynzadə kimi nüfuzlu təbiblərin və ictimai xadimlərin sırasında  yer alan Xosrov bəy Sultanov şəxsi vəsaiti hesabına Qarabağda olduğu kimi Qarsda və Ərdəhanda da “Səhra xəstəxanası” qurur, üstəlik bununla kifayətlənmir, Qafqaz Canişinliyinə müraciət edərək Müsəlmanlara Yardım Komitəsi təsis edir. Komitənin iclasında günahsız insanlara yardımın vacibliyini və bunun müharibənin qanunlarına zidd olmadığını sübut edir. Xosrov bəyin bu mövqeyindən qəzəblənən Qafqaz canişini və Bakı qubernatoru: “Nə deyirsiniz, xainlərə yardım etmək istəyirsiniz?” sualına Xosrov bəyin cavabı daha kəskin olur: “Onların xəyanəti yalnız məhkəmə ilə sübut oluna bilər. Sübut edilməyibsə, deməli xain deyillər. Bir də, o xain dedikləriniz mənim millətimdir. Mənim millətim xəyanətkar doğulmayıb. Onu kimsə bu adla yargılaya bilməz!” Xosrov bəyin bu sərt, yeri yerindən oynadan  cavabından sonra Komitənin qərarına əsasən  o, Ərdəhana yardımı öz üzərinə götürür. Müharibənin dəhşətləri ilə üzləşən Osmanlı məcburi köçkünləri üçün Bakıda Hacı Zeynalabdin Tağıyevin qurduğu, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin tərkibində qurulan “Qardaş köməyi” hərəkatının idarə heyətində yer alır. Qars, Ərdəhan və Sarıqamış istiqamətinə şəxsən gedərək yardımların paylanmasına, “Səhra xəstəxanaları”nın fəaliyyətinə nəzarət edir. Minlərlə türk əsgərinə, insanına  yardımda bulunur. Onları ölümün ağuşundan alır.

Qardaşı Sultan bəy Sultanzadə ilə birlikdə Qanlı dərədə Andranik Ozanyana və onun dəstəsinə qan uddurur

Erməni daşnak qulduru, general Andranik Ozanyanın dəstəsinin Qarabağda, Şərqi Zəngəzurda, Naxçıvanda törətdiyi dəhşətlərin qarşısını almaq üçün xüsusi Hərbi-əsgəri bölük, Müqavimət Hərəkatı yaradaraq düşmən üstünə yeriyən Xosrov bəy Sultanov qardaşı Sultan bəy Sultanzadə ilə birlikdə Qanlı dərədə Andranikə və onun dəstəsinə qan uddurduğu kimi, Hamazaspın, Dronun terror-cinayətkar dəstəsinin də zərərsizləşdirilməsinə qarşı mübarizə aparır. Təşkil etdiyi yerli müdafiə dəstələri ilə Arazın o tayında, Mərənd və Xoyda baş verən soyqırımların qarşısını alan Xosrov bəy Sultanov  eyni zamanda  Andraniki ələ keçirir. Laçınlı Sultan bəy ləqəbi ilə məşhur olan qardaşı Sultan bəy Sultanzadə Andranikin qulağını kəsərək ona tarixi dərs verir.

Ata mülkündən ona  miras qalan malikanəni, torpaq sahələrini, zəncirli qızıl qol saatını satıb Milli Ordunun Fonduna köçürür

 Bununla yanaşı O, Bəhmən Mirzə Qacarın general və polkovnik rütbəsi daşıyan övladları, nəvələri ilə birlikdə Cümhuriyyətin yerlərdə təntənəsinə nail olur. Erməni daşnakları ilə yanaşı, Bakının Sentrokaspi qüvvələrinin əlindən alınmasında, Cümhuriyyətin Gəncədən Bakıya köçürülməsində mühüm xidmətlər göstərir.

Cümhuriyyətin ilk Hərbi naziri kimi generallar Əliağa Şıxlınski və Səməd bəy Mehmandarovun tövsiyəsi ilə Mili Ordu birləşmələrinin qurulmasına töhfələr verir. Orduda nizam-intizamın yaradılmasında, hərbi qüvvələrin silah-sursatla təmin olunmasında mühüm işlər görən, bu yolda hətta ata mülkündən miras qalan malikanəni, torpaq sahələrini, zəncirli qızıl qol saatını satıb Milli Ordunun Fonduna köçürən Xosrov bəy Sultanov Zəngəzur və Laçın dağlarından daşnak dəstələrinin didərgin salınmasına nail olur.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Gəlin zaman maşınına əyləşib, o dövrün Bakısının qoxusunu, parıltısını və geyim fəlsəfəsini vərəqləyək

Ən son

İdman

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Bakıda "European Aquatics"

İdman

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Bakıda "European Aquatics"
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin