Skandinaviyada məşhur olan “Bakı-Ölje”
Bu gün bir çoxları üçün Bakı ilk növbədə müasir paytaxt, alov qüllələri və Xəzər sahili ilə assosiasiya olunur. Lakin bir əsr əvvəl Avropada Bakı deyildikdə ilk növbədə neft yada düşürdü.
1920–1930-cu illərdə Skandinaviya ölkələrində “Bakı-Ölje” – yəni “Bakı nefti” ifadəsi geniş yayılmışdı və Bakı yataqlarından müharibədən əvvəl neft tədarükünü əks etdirirdi.

“AS Bakubensin” – Bakı neftinin Norveçdəki ünvanı
1933-cü ildə Oslo şəhərində Hartviq və Alf Monrad Petersen qardaşları tərəfindən “AS Bakubensin” adlı şirkət yaradıldı. Şirkətin adı belə onun fəaliyyət istiqamətini açıq şəkildə göstərirdi: Bakıdan gələn yanacaq.
İki il sonra, 1935-ci ildə Oslo yaxınlığındakı Nersnes qəsəbəsində neft və benzin idxalı üçün xüsusi terminal tikilməsinə icazə verildi. Buraya gətirilən yanacağın əsas mənbəyi Bakı yataqları idi.
Məhz həmin dövrdə Nersnes sahillərində Azərbaycanın adı gündəlik həyatın bir hissəsinə çevrilmişdi.
Terminal üç böyük rezervuardan ibarət idi və ümumi tutumu 6 min ton yanacaq saxlaya bilirdi. Buradan yanacaq Norveçin müxtəlif bölgələrində fəaliyyət göstərən məntəqələrə daşınırdı.

Bakıdan gələn tankerlər
Nersnes sahilləri uzun illər Bakı neftini daşıyan gəmiləri qarşılayıb. Tankerlər dar və mürəkkəb liman girişindən keçərək xüsusi sistemlərlə sahilə bərkidilirdi. Bu məqsədlə istifadə olunan nöqtələrdən biri hətta “Bakubøya” – yəni “Bakı üzgəci” adlandırılırdı. Bu adlar həmin dövrdə Bakı neftinin bölgə üçün nə qədər əhəmiyyət daşıdığını göstərir. 1963-cü ildə limana daxil olan təxminən 20 min tonluq “MT Norsk Viking” tankeri isə terminal tarixinin ən böyük qonağı kimi yadda qalıb.

Müharibənin dayandırdığı yol
İkinci Dünya müharibəsi başlayanda vəziyyət dəyişdi. Almaniyanın SSRİ-yə hücumundan sonra Bakıdan Qərbi Avropaya neft daşımaları dayandırıldı. Norveç artıq Almaniya işğalı altında idi və əvvəlki ticarət əlaqələri kəsildi. Beləliklə, bir vaxtlar Skandinaviyanın mühüm enerji mənbələrindən olan Bakı neftinin Norveçə yolu bağlandı. Lakin ad qaldı.

Xəritədə kiçik nöqtə, böyük tarix
1969-cu ildə “AS Bakubensin” fəaliyyətini dayandırdı. Sonrakı illərdə obyekt müxtəlif şirkətlərin idarəsinə keçdi və nəhayət 1980-ci illərdə tam bağlandı.
Bu gün terminalın rezervuarları artıq yoxdur. Qaraj binaları başqa məqsədlər üçün istifadə edilir. Neft qoxusu da çoxdan yoxa çıxıb. Amma Nersnesdə “Bakı” dayanacağı yaşayır.

Norveçdə “Bakı” dayanacağı
Hər gün yerli sakinlər “Bakı” adlı dayanacağın yanından keçirlər. Bəlkə də onların çoxu bu adın arxasında Azərbaycanın neft tarixinin dayandığını bilmir. Lakin xəritədəki həmin kiçik nöqtə bir zamanlar Xəzər sahillərindən Skandinaviya sahillərinə qədər uzanan iqtisadi və tarixi əlaqələrin canlı şahididir. İlk baxışda bu ad adi görünə bilər. Ancaq onun arxasında Azərbaycan neftinin Avropaya uzanan, demək olar ki, unudulmuş maraqlı tarixçəsi dayanır. Bu dayanacağa “Bakı” adı məhz o illərdə Bakı neftinin şərəfinə verilib.
Bu gün Norveçdəki “Bakı” dayanacağı iki ölkə arasında unudulmağa üz tutmuş, lakin hələ də yaşayan tarixi körpünün simvolu olaraq qalır.
Xanım Aydın