2026-cı ilin yanvar–aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ümumi göstəricidə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 % azalma var. Ən böyük pay Rusiyadan, Türkiyədən, İrandan, Gürcüstandan, Qazaxıstandan, Özbəkistandan, Hindistandan, Pakistandan, Çindən və Səudiyyə Ərəbistanından gələnlərin üzərinə düşür.

Bu sözləri Baki-baku.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyib.
O bildirib ki, Bakı yay turizminə ümumilikdə hazırdır, amma burada iki məsələni açıq demək lazımdır:
“İnfrastruktur, hotel bazası, restoran sektoru, şəhər turları, tədbir məkanları və xidmət təcrübəsi baxımından paytaxt kifayət qədər hazırlıqlıdır. Lakin yay mövsümündə rəqabət artıq təkcə “gözəl şəhər” olmaqla qazanılmır. Qiymət–keyfiyyət balansı, peşəkar xidmət, çoxdilli personal, nəqliyyat rahatlığı və ailəvi turistlər üçün paketləşmiş təkliflər daha vacib olur”.
İcraçı direktor diqqətə çatdırıb ki, yay aylarında əsas axının yenə də Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Hindistan, Pakistan və Çin bazarlarından gələcəyi gözlənilir. Körfəz ölkələri üzrə potensial qalır. Xüsusilə Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Bəhreyn vətəndaşları üçün 2026-cı ilin 15 fevralından 2027-ci ilin 15 fevralına qədər tətbiq edilən vizasız giriş rejimi bu bazarda əlavə imkan yarada bilər.
“Yekun olaraq belə deyərdim, Bakı yay mövsümünə hazırdır. Lakin bazar artıq daha tələbkar mərhələyə keçib. Turist sadəcə gəzmək istəmir, rahat logistika, şəffaf qiymət, keyfiyyətli xidmət və yadda qalan təcrübə istəyir. WUF göstərdi ki, Bakı böyük axını qəbul edə bilir. İndi əsas məsələ bu təcrübəni yalnız tədbir günlərində yox, bütün yay mövsümündə sistemli turizm məhsuluna çevirməkdir”, – deyə S.Dübəndi vurğulayıb
