Birinci yazı
Tarixi Helionis kahini Manefen tərəfindən yazılan, Papirusları icad edən, ehramlar diyarına çevirən məmləkət
Yuxuların, duyğuların, Tanrıların şəhəri, Sina çölünün incisi, Aralıq dənizinin mirvarisi, Afrika qitəsinin möcüzəsi, Nilin zümrüd qaşı Misirin zinəti İsgəndəriyyə mayakı, İsgəndəriyyə kitabxanası olsa da, ən böyük sərvəti İlahi hikməti Misir ehramlarıdır. Sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoq və tolerantlıq ünvanı olan Misirin Nilin hövzəsində yerləşməsi bu sirli, soraqlı diyarı bineyi-qədimdən əski çağ mədəniyyətinin, eyni zamanda qüdrətli iqtisadiyyatın əsas ünvanlarından birinə çevirmişdir.

Misirlilər əlifbadan deyil, heroqliflərdən istifadə edirdilər
Min illər boyu ruhunu, duyğusunu, sevgisini, həyat tərzinin, düşüncəsinin aynası olan şifahi xalq ədəbiyyatı nümunələrinə köçürən əski insanlar dünyanın ilk tədris mərkəzi kimi məhz sərt, sıldırım qayaları, qayaüstü abidələri seçdilər. Orxon-Yenisey abidələri, Bilqamıs dastanı, ilk yazı nümunələri sayılan “Papirus”lar tarixlə müasirlik arasında körpüyə çevrildilər. Dünya mədəniyyətinin incilərini yaradan misirlilər bitki gövdəsindən hazırlanan lülə halında bükülən kağızdan – papirusdan istifadə etməklə həm də dünyanın antik mədəniyyətinin əsasını qoydular. Əlifbadan deyil, heroqliflərdən istifadə edən misirlilər heroqlifləri sözə və cümləyə çevirməklə onlara məna gətirdilər. İşarənin dili ilə yazmaq və anlamaq mədəniyyətinin təməlini qoydular.

Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı
Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Buradan Sina yarımadası vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılsa da sonrakı dövrlərdə onun ərazisi xeyli dərəcədə genişlənmişdir. Nil çayının burada mövcud olmasına görə ən qədim zamanlarda əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət mərkəzlərindən, qədim yaşayış məskənlərindən biri sayılmışdır. Nil çayının və buradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə buraya Delta deyilmişdir. Qədim Misirdə mədəniyyəti formalaşdıran insanlar əkinçilik və heyvandarlıqla məşğul olmaqla yanaşı, suvarma sistemlərini yaratmış, daş və misdən düzəldilmiş əmək alətlərindən istifadə etmişlər.

Şumerdəki kimi, hər bir vilayət müstəqil əraziyə malik olmuşdur
Eramızdan əvvəl V-IV minilliklərdə, ibtidai icma quruluşunun dağılmasından sonra, Misirdə tədricən kiçik dövlət qurumları yaranmışdır. Şumerdəki kimi, hər bir vilayət müstəqil əraziyə malik olmuşdur. Onların baş şəhərləri, idarə etmə sistemləri, orduları və tanrıları olmuşdur. Bu vilayətlər bir-birləri ilə ittifaq qururdular və ya savaşırdırlar. Lakin sonra birləşmə meylləri artmış və ölkə ikiyə – yuxarı və aşağı hissələrə bölünmüşdür. Bu hissələrin çarları savaşlar aparmış və ölkənin birləşdirilməsi üçün çalışmışlar. Bu səbəbdən də həmin dövrə Misirin “Sülalələr öncəsi dövrü” deyilir. Eramızdan əvvəl III minilliyə aid olan bir daş lövhəsində qədim Misirin şimal çarlarının siyahısı verilmişdir. “Sülalələr öncəsi dövrü” nə vaxta qədər davam edib, demək çətindir. Hər halda artıq eramızdan əvvəl III minillikdə vahid dövlət mövcud olmuşdur və burada iki çar sülaləsi olmuşdur və bu tarixdən Misir dövlətinin tarixi başlanmışdır. Misir çarlarını “firon” adlandırmışlar. Əldə olunan məlumatlardan o da bəlli olur ki, Misirin 30-a yaxın çar sülaləsi olmuşdur.
Misirin qədim tarixi eramızdan əvvəl IV-III əsrlərdə yaşamış Manefon adlı tarixçi tərəfindən qələmə almışdır. O, Heliopolis şəhərinin kahini olmuş və onun tarix əsəri zəmanəmizə qismən, başqa müəlliflərin əsərləri vasitəsi ilə çatmışdır. Məhz Manefon Misir tarixini 30 firon sülaləsi ilə təsvir etmiş və bu bölgü tarix elmində qəbul olunmuşdur. Manefon qələmə aldığı hadisələrin şahidi olmasa da, çox etibarlı qaynaqlarla, sənədlərlə, qədim tarixçilərin əsərləri ilə işləmiş və onlara istinad etmişdir.

Misirlilər ölənlərin dirilməsinə inanırdılar
Ən qədim zamanlardan başlayaraq, Misir dünya mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Manefonun bölgüsünə görə, hələ Birinci sülalənin hakimiyyəti dövrünə aid olan misdən və başqa növ metallardan düzəldilmiş əmək alətlərindən – baltalar, bıçaqlar, mismarlar, çəkiclər və iynələrdən istifadə edilmişdir. Bunlar arxeoloji qazıntılar zamanı məzarların birindən tapılmışdır. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, misirlilər ölənlərin dirilməsinə və bu əşyalardan istifadə etməsinə inanmışlar. Onları ölülərlə birlikdə məzarlara qoymuşlar. Eyni zamanda, həmin dövrdə onlar daş alətlərindən də istifadə etmişdirlər. Bunlardan başqa, məzarlarda kətan parçasının qalıqları və iplər də tapılmışdır. Bu fakt onu da sübut edir ki, hələ o zamanlar Misirdə parça istehsalı da mövcud olmuşdur.
Ölkədə bütün ağır işləri kölələr görmüşlər
Əski çağlardan başlayaraq Misirdə Nil çayı boyu şəhər və qəsəbələr salınmışdır. Tikinti zamanı kərpicdən və taxtadan istifadə edilmişdir. Misirlilər artıq taxta məmulatlarından, mis, gil və saxsı qablardan da məişətdə geniş istifadə etmişlər. Əkinlərinin suvarılması üçün misirlilər kanallar qazıb, Nil çayının sularını uzun məsafələrə apara bilmişlər. Əkin sahələrində müxtəlif yeməli bitki növləri, o cümlədən buğda, üzüm əkilmişdir. Misirlilər xırda və iri buynuzlu heyvanlar, atlar saxlayaraq iqtisadiyyatlarının genişləndirmişlər. Buna sübut kimi qədim qablar üzərində olan rəsmləri göstərmək olar. Əldə edilən məlumatlardan o da bəlli olur ki, ölkədə bütün ağır işləri kölələr görmüş, savaşlar, ağır müharibələr nəticəsində Misirə minlərlə əsirlər gətirilmişdir. Onların hamısı kölə olmuş, müxtəlif sahələrdə işləmişlər.

Fironların ölkənin hər iki hissəsini simvolizə edən ağ və qırmızı rəngli iki tacı olmuşdur
Manefonun təsnifatına görə qədim Misir tarixi bir neçə dövrə bölünür: ən qədim, qədim, orta, yeni və ən yeni. Misirin şimal və cənubu birləşdikdən sonra, birləşmiş ölkə fironlar tərəfindən idarə olunmuşdur. Onlar çox vaxt tanrılaşdırılmış və Horus tanrısının təcəssümü kimi təsəvvür yaratmışlar. Fironların ölkənin hər iki hissəsini simvolizə edən ağ və qırmızı rəngli iki tacı olmuşdur. Onların çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət işlərini aparmışdırlar. Rəvayətlərə görə, “ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes olmuşdur. O, cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə bilmişdi. Bəlkə də o, Birinci sülalənin yaradıcısı olmuşdur. Lakin başqa rəvayətlərə görə, hələ Birinci sülalə bərqərar olmamışdan öncə, Misir artıq birləşmişdi. Ola bilsin ki, Birinci sülalədən öncə ölkədə birləşmə prosesləri başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə görə Menes birləşmiş Misirin baş şəhəri olmuş, onu Memfisi inşa etmişdir. Lakin qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni birləşdirən adamın adı Narmerdir. Bəlkə də, Menesi həm də Narmer çağırmışlar”. İkinci sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə etmişlər. Bu sülalənin sonuncu fironları isə hər iki Tanrıya öz himayədarları kimi baxmışlar.

İlk piramida firon Zoser üçün inşa edilmişdir
Misirdə vahid dövlət yarandıqdan sonra, fironlar öz hakimiyyətlərini genişləndirməyə, nüfuzlarını artırmağa çalışmışlar. Buna nail olmaq üçün onlar qonşuları ilə savaşlar aparmışlar. Üçüncü sülalədən olan firon Zoserin (e.ə. 2635—2611) dövründə Misir çox güclənmişdir. O mis və filizi ilə zəngin olan Sina yarımadası uğrunda oradakı köçəri tayfalarla uğurlu savaşlar apararaq həmin əraziləri öz ölkəsinə qatmış və oranı idarə etmək üçün canişin təyin etmişdir. Cənubda isə o həbəşləri məğlub edə bilmişdir. “Rəvayətlərə görə, Zoser müxtəlif tanrıların kahinlərini razı salaraq, onlara böyük ərazilər və əmlak hədiyyə etmişdir. Zoserin yardımçısı məşhur vəziri İmhotep olmuşdur. O həmdə Misirin baş kahini olaraq, ölümündən sonra tanrılaşdırılmışdır. Məhz İmhotep fironların dəfn olunan yeri kimi məşhur Misir piramidalarının inşa edilməsi təşəbbüsü ilə çıxış etmiş və onların layihəsini təklif etmişdir. İlk piramida firon Zoser üçün inşa edilmiş və bu gün də Qahirənin yaxınlığında yerləşən Sakkara kəndində tarixi abidə kimi qalmaqdadır. Bu cür nəhəng tikililərin qurulması üçün savaşlar zamanı əsir gətirilən kölələrin əməyindən istifadə olunmuşdur. Minlərlə kölə bu ağır və əzablı işə cəlb olunmuşdur və onların canları bahasına piramidalar ucalmışdır.

Fironlar özlərini günəş tanrısı Ranın oğulları kimi tanıtmışlar
Dördüncü sülalənin fironları da şimal və cənubda qonşuları ilə savaşlar aparmış və uğurlar əldə etmişlər. Onların dövründə Nil çayında gəmiçilik inkişaf etmişdir. Beşinci sülaləsinin hökmdarları əslən Heliopolis şəhərindən olmuşlar. Buna görə də bu şəhərin baş tanrısı günəşin – yəni Ranın kultunu dövlət səviyyəsinə ucaltmışdırlar. Bu kult gələcəkdə Misir tarixində çox əhəmiyyətli rol oynamış və fironlar özlərini günəş tanrısı Ranın oğulları kimi tanıtmışlar. Altıncı sülalənin ən tanınmış fironları I Pepi və onun oğlu II Pepi olmuşdurlar. Onların fironluğu dövründə böyük uğurlar əldə edilmişdir, ölkə möhkəmlənmişdir. II Pepi hakimiyyətə 6 yaşında gəlmiş və 94 il Misiri idarə etmişdir. Onun hakimiyyəti dünya tarixində ən uzun sürən hakimiyyət sayılır. II Pepinin qoşun başçısı Hirhuf hətta Afrikanın ekvator hissəsinə qədər yürüş etmiş və oradan xeyli sayda qara dərili kölələr gətirmişdir. Lakin bu uğurlara baxmayaraq, sonda vilayət canişinlərinin nüfuzu artmağa başlamışdır və bu proses II Pepinin varislərinin fironluğu zamanı ölkənin parçalanması ilə başa çatmışdır.
Bəzi fironlar ölkəni birləşdirmək və gücləndirmək istəsələr də, buna nail ola bilməmişlər
Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, Misirin inkişaf tarixində mühüm mərhələ olan Birinci və İkinci keçid dövrlərində mühüm nailiyyətlərə imza atılsa da, sonrakı mərhələlərdə kədərli hadisələr cərəyan etmişdir. Yeddinci sülalənin hakimiyyəti dövründən başlayaraq burada mədəniyyət və dövlətçilik sahələrində geriləmə prosesləri baş vermişdir. Ölkə dağınıq vəziyyətdə olmuş və hətta xarici basqınlara məruz qalmışdır. Bəzi fironlar yenə də ölkəni birləşdirmək və gücləndirmək istəsələr də, buna nail ola bilməmişlər. Bu zaman fironlar öz iqamətgahlarını Memfisdən Herakliopolisə köçürmüşlər.
Şərəf Cəlilli