Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/02/2026

Paylaşın

TARİX

Şərq səmasında bir parlayış: “İşıq” qəzeti və Azərbaycanın maarifçi qadınları

"İşıq" qəzeti

XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük oyanış dövrü idi. Avropada dünyəvi təhsil almış, mütərəqqi ideyalarla silahlanmış ziyalıların formalaşması cəmiyyətdə qadın azadlığı və maarifçiliyi məsələsini ön plana çıxardı. Məhz bu tarixi zərurətdən doğan “İşıq” qəzeti Azərbaycan milli mətbuatında ilk maarifçi qadın qəzeti kimi tarixə düşdü.

“İşıq” qəzeti müsəlman qadınlar arasında savadsızlığı aradan qaldırmaq, qızların təhsil almasına şərait yaratmaq məramı ilə nəşrə başlamışdı. 11 yanvar 1911-ci ildən 1912-ci ilin sonuna qədər fəaliyyət dövrü olan qəzetin ilk sayı 22 yanvar 1911-ci ildə işıq üzü görüb.

Həftədə bir dəfə, şənbə günləri nəşr olunan elmi-pedaqoji, ədəbi, təbabət və evdarlığa dair qadın məcmuəsinin cəmi  68 sayı çıxıb.

Maddi dəstəkçisi görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, məsul katibi Sona xanım olan qəzetin 1911-ci il nəşrləri Haşım bəy Vəzirovun “Səda” mətbəəsində, 1912-ci il sayları isə Bakı şəhər polis idarəsinin mətbəəsində çap olunmuşdu.

Məşhur “Kaspi” qəzeti nəşrin ilk sayının çıxmasını ertəsi gün oxucularına müjdələyərək, onun müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən mühüm bir orqan olduğunu yazırdı.

Qəzetin yaradıcısı və baş redaktoru dövrünün görkəmli ziyalı xanımlarından olan Xədicə Əlibəyova idi. Tiflis Qızlar Gimnaziyasını və Cənubi Qafqaz Olginskaya Mamalıq İnstitutunu bitirən Xədicə xanım, hüquqşünas və publisist Mustafa bəy Əlibəyovla ailə həyatı qurmuşdu. Xədicə xanım qəzetdə “Vəzayefe-beytiyye” (Evdarlıq vəzifələri) başlığı altında ailə-məişət mövzularında yazılar yazır, uşaq tərbiyəsini üç əsas dövrə (0-7 yaş, tərbiyə dövrü və gənclik) bölərək təhlil edirdi. Onun fikrincə, qızların tərbiyəsi ilk növbədə ana dili, şəriət və evdarlıq elmlərini əhatə etməli idi. Qəzetin səhifələrində çıxan “Hüquqlarımız” adlı məqalələrində isə o, qadınları ictimai həyatda iştiraka, kurslar və klublar açmağa çağırırdı.

"İşıq" qəzeti

“İşıq” qəzeti öz ideoloji xəttində maraqlı bir balans qoruyurdu: bir tərəfdən elmin, mədəni tərəqqinin vacibliyini müdafiə edir, digər tərəfdən isə dini dəyərləri, müsəlmançılığı üstün tutur və çadranı (örtülülüyü) təbliğ edirdi.

Qəzetin “Təlimi-nisvan” bölməsində övlad tərbiyəsinin birbaşa ananın savadından asılı olduğu vurğulanırdı. Məktəb müəllimi Nabat Nərimanova ananın vəzifələrini dörd qrupa bölürdü: validəlik, mürəbbiyəlik, rəfiqəlik və vərəsəlik.

Qəzetin ətrafında dövrün ən işıqlı xanımları toplanmışdı: Həkimlər – Əminə xanım Batrişina (Rusiya müsəlman qadınları arasında ilk diplomlu həkim) və tibb elmini bitirən ilk azərbaycanlı qadın Sona xanım Rəhimova-Vəlixan, müəllif və pedaqoqlar – Həlimə xatun Axundova, Xuraman Rəhimbəyzadə, Asya Axundova, Maral Nəbizadə, Səidə Şeyxzadə, Gövhər Şövqiyyə və b.

Həlimə Axundova öz kəskin yazılarında qadınları mürtəce mollaların hədələrindən qorxmamağa səsləyir, “Bizə bilik lazımdır” deyə hayqırırdı. Gövhər Şövqiyyə isə millətlərin inkişafının kişilərin deyil, məhz qadınların tərəqqisi ilə ölçüldüyünü qeyd edirdi. Tədricən qəzet maarifçilikdən qadın həmrəyliyi və ittifaqı ideyasına keçid etdi.

Məhəmməd Hadi, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli bəylər də redaksiyaya təbrik məktubları göndərərək bu fəaliyyəti dəstəkləyirdilər.

Qəzet ətrafındakı oyanış geniş dalğaya çevrilərək xeyriyyə cəmiyyətlərinin və məktəblərin yaranmasına təkan verdi: Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti (1914): Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə yaradıldı, yetimlərə, yoxsullara və I Dünya Müharibəsində əsir düşmüş yaralı türk əsgərlərinə böyük yardımlar etdi.

Yoxsul qızlar üçün peşə məktəbi (1917): Liza xanım Muxtarovanın rəhbərlik etdiyi cəmiyyət tərəfindən açılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti bu məktəbin fəaliyyətinə 30 min manat vəsait ayırmışdı. Məktəb 1920-ci il aprel işğalından sonra fəaliyyətini dayandırdı.

Qəzetin maddi çətinliklər və təzyiqlər ucbatından bağlanma təhlükəsi yarananda, Xədicə xanım qəzetin birillik nömrələrini çar II Nikolayın xanımı Aleksandra Fyodorovnaya göndərərək nəşrin davamlılığı üçün icazə ala bilsə də, fəaliyyəti cəmi bir il çəkdi. Qəzet bağlandıqdan sonra Xədicə xanım Şəkiyə köçərək həkimlik fəaliyyətini və qadınlar üçün savad kurslarının təşkilini orada davam etdirdi.

Sovet dövründə “İşıq” qəzeti “burjua mətbuatı” damğası vurularaq tədqiqatlardan kənarda saxlanılmış və layiq olduğu bayraqdar statusunu ala bilməmişdir. Lakin bu gün tam cəsarətlə demək olar ki, “İşıq” — son yüz ildə ölkəmizdə ana dilində nəşr olunmuş yeganə və ilk fundamental qadın qəzetidir.

“İşıq” qəzeti qısa ömrünə baxmayaraq, Azərbaycan qadınının cəhalət zəncirlərini qırıb cəmiyyətdə bərabərhüquqlu fərd kimi çıxış etməsində misilsiz tarixi rol oynayıb.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən

Ən son

GÜNDƏM

May ayında sərnişinlər metro ilə 19 milyondan çox səfər ediblər.

GÜNDƏM

May ayında sərnişinlər metro ilə 19 milyondan çox səfər ediblər.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin