Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/31/2026

Paylaşın

Mədəniyyət

Uşaqların sevimli bəstəkarı Oqtay Zülfüqarovun doğum günüdür

IMG-20260531-WA0007

Bu gün Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, xalq artisti Oqtay Zülfüqarovun doğum günüdür.

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində anadan olub.

Musiqiyə olan marağı onu əvvəlcə Musiqi Məktəbinin violonçel sinfinə, daha sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumu və Azərbaycan Dövlət Konservatoriyasına gətirib. Görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olan Oqtay Zülfüqarov yaradıcılıq fəaliyyətinə gənc yaşlarından başlayıb.

1957-ci ildə hələ konservatoriyanın üçüncü kurs tələbəsi olarkən onun fortepiano triosu Azərbaycan bəstəkarlarının qurultayında böyük uğur qazanıb. Bir il sonra təhsilini uğurla başa vuran bəstəkar müəlliminin məsləhəti ilə uşaqlar üçün mahnılar yazmağa başlayıb və bu istiqamətdə Azərbaycan musiqi tarixində silinməz iz qoyub.

Oqtay Zülfüqarov ömrünün 60 ildən çoxunu uşaqlar üçün musiqi əsərlərinin yaradılmasına həsr edib. O, “Ala bula boz keçi”, “Ay pipiyi qan xoruz”, “Can nənə”, “Sərçə”, “Şaxta baba”, “Sünbülüm”, “Qonaqlıq”, “Kuklam xəstədir” və digər mahnıları ilə bir neçə nəslin yaddaşında xüsusi yer tutub.

Bəstəkarın yaradıcılığı yalnız mahnılarla məhdudlaşmayıb. O, “Qız-ulduz”, “Pişik və sərçə” və “Meşə nağılı” operalarının, “Şəngülüm, Şüngülüm və Məngülüm” musiqili komediyasının, “Əlibaba və 40 quldur” və “Sehrli alma” baletlərinin, dörd simfoniyanın, kantataların, simfonik poemaların, instrumental əsərlərin, eləcə də teatr və kino musiqilərinin müəllifidir.

Onun böyük simfonik orkestr üçün bəstələdiyi “Şənlən, mənim xalqım” uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb. Oqtay Zülfüqarov həmçinin “Cırtdan”, “Cırtdanın yeni sərgüzəşti”, “Leyla və onun dostları”, “Qayınana” kimi filmlərə yazdığı musiqilərlə də yadda qalıb.

Uzun illər Azərbaycan Dövlət Televiziyasında yayımlanan və uşaqların böyük maraqla izlədiyi “Tumurcuq” verilişinin müəllifi və aparıcılarından biri olan bəstəkar gənc nəslin estetik tərbiyəsində mühüm rol oynayıb. Onun rəhbərliyi ilə fəaliyyət göstərən “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrları yüzlərlə istedadlı uşağın musiqi dünyasına qədəm qoymasına şərait yaradıb.

Yaradıcılığı yüksək qiymətləndirilən Oqtay Zülfüqarov 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Prezident təqaüdçüsü olan sənətkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi fəaliyyət göstərib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də, 87 yaşında vəfat edib. O, Bakı şəhərində II Fəxri xiyabanda dəfn olunub.

Bu gün də onun mahnıları uşaqların dilindən düşmür, əsərləri isə Azərbaycan musiqi irsinin qiymətli nümunələri kimi yaşayır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Neftçi" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Ən son

İdman

Azərbaycanın cüdo millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl

İdman

Azərbaycanın cüdo millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin