Azərbaycan ədəbiyyatı tarixində elə şəxsiyyətlər var ki, onların yaradıcılığı təkcə bir dövrü deyil, bütöv bir xalqın düşüncə tərzini dəyişdirib. Belə görkəmli simalardan biri də Mirzə Ələkbər Sabirdir. O, satirik poeziyanın qüdrətli nümayəndəsi, maarifçi mütəfəkkir, müəllim və ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rol oynayıb.
Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. İlk təhsilini mollaxanada alan Sabir sonradan dövrünün görkəmli maarifçisi Seyid Əzim Şirvaninin yaratdığı yeni üsullu məktəbdə təhsil alıb. Gənc yaşlarından şeir yazmağa başlayan Sabir əvvəlcə lirik əsərlər qələmə alsa da, sonralar yaradıcılığını ictimai problemlərin tənqidinə həsr edib.

XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər Sabirin yaradıcılığına da güclü təsir göstərdi. O, məşhur “Molla Nəsrəddin” jurnalının əsas müəlliflərindən birinə çevrildi.
Sabirin satirik şeirləri cəmiyyətin müxtəlif problemlərini – savadsızlığı, sosial ədalətsizliyi, mövhumatı, geriliyi və ikiüzlülüyü kəskin şəkildə tənqid edirdi. Şair xalqı elmə, maarifə və öz hüquqları uğrunda mübarizəyə çağırırdı.
Sabir yalnız “Molla Nəsrəddin”lə kifayətlənməyib, dövrün “Həyat”, “İrşad”, “Təzə Həyat”, “Dəbistan” və “Zənbur” kimi nüfuzlu mətbuat orqanlarında da müntəzəm çıxış edib. Onun əsərləri sadə və anlaşıqlı dili, güclü satirası və dərin ictimai məzmunu ilə seçilib.
Şairin həyatının son illəri ağır xəstəliklə mübarizə şəraitində keçib. 1910-cu ildə qaraciyər xəstəliyinə tutulan Sabir müalicə üçün Tiflisə getsə də, maddi çətinliklər səbəbindən həkimlərin tövsiyə etdiyi əməliyyatı vaxtında etdirə bilməyib. Bu dövrdə ona ən böyük mənəvi dəstəyi dostları – Abbas Səhhət, Cəlil Məmmədquluzadə və digər ziyalılar göstəriblər. “Molla Nəsrəddin” jurnalı onun müalicəsi üçün yardım kampaniyası da təşkil etmişdi.

Sabirin ən böyük arzularından biri şeirlərinin kitab halında nəşr olunması idi. O, ömrünün son günlərində belə xalqının maariflənməsi və gələcəyi haqqında düşünürdü. Şair vəfatından bir neçə gün əvvəl söylədiyi məşhur fikrində belə demişdi: “Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömrüm vəfa etsəydi, sümüklərimi də xalqımın yoluna qoyardım.”
Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 25-də Şamaxıda vəfat edib və Yeddi Günbəz qəbiristanlığında dəfn olunub.
Sabirin yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün Şərqdə böyük təsir gücünə malik olub. Onun əsərləri Cənubi Azərbaycan və İran ədəbi mühitində geniş yayılıb, bir çox şairlər onun satirik məktəbindən bəhrələniblər. Xüsusilə Möcüz Şəbüstəri və digər Cənubi Azərbaycan sənətkarları Sabirin ideyalarını davam etdirərək ictimai satiranın inkişafına töhfə veriblər.

Bu gün Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri kimi yad edilir. Onun əsərləri aktual məzmununu qoruyub saxlayır, yeni nəsillərə azad düşüncə, maarifçilik və vətəndaş məsuliyyəti aşılayır. Sabirin satirası yalnız öz dövrünün deyil, bütün zamanların ictimai problemlərinə işıq tutan qiymətli ədəbi irsdir.
Xanım Aydın