Azər Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin taleyindən nigaran getdiyi, bir gün hürr olacağına ümidini itirmədiyi Vətənində dəfn olunan ilk ailə üzvü idi
Ulu Öndər Heydər Əliyevin Vətən tarixi qarşısında xidmətləri saysızdır. Ana dilini Anayasada təsbit etməsi, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi qurması, “Əsrin müqaviləsi”nə imza atması nə qədər əhəmiyyətlidirsə, üç qüdrətli tarixi şəxsiyyətin ruhuna ehtiram nümayiş etdirməsi müqayisəyə gəlməzdir. 1982-ci ildə Hüseyn Cavidin nəşini uzaq Sibir çöllərindən Naxçıvana, 1994-cü ildə Akademik Zərifə xanım Əziz qızı Əliyevanın nəşini Moskvadan Bakıya gətirib Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşduran Ulu Öndər Heydər Əliyevin Siyasi hakimiyyətinin ikinci mərhələsinin ilk ikinci ayında aldığı qərar onun bir Lider kimi əzəmətinin, qüdrətinin göstəricisidir. 1993-cü ildə Azər Məhəmməd Əmin oğlu Rəsulzadənin nəşinin xüsusi təyyarə ilə Qazaxıstandan Bakıya köçürülməsi milli-mənəvi dəyərlər tariximiz üçün nə qədər qiymətlidirsə, milli dövlətçilik tariximiz üçün bir o qədər dəyərlidir. Ulu Öndərin Azər Rəsulzadənin vəsiyyətinə münasibəti isə əslində bir Lider olaraq onun Cümhuriyyət Qurucularına, Rəsulzadə irsinə və şəxsiyyətinə münasibətinin göstəricisi idi.

Rəsulzadə qorxusu, xofu İosif Stalini heç zaman tərk etmədi
Xalq Cümhuriyyəti devrildikdən, Bolşevik Rusyası Azərbaycanda qələbə çaldıqdan sonra Cümhuriyyət qurucularının bir çoxu Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xudadat bəy Rəfibəyli kimi ya yerində güllələndi, ya da mühacirəti qəbul etmək məcburiyyətində qaldı. Bir çoxları ilə münasibətinin olmasına baxmayaraq İosif Stalin onlarla düşmənçilik münasibətlərini davam etdirdi. Məhəmməd Əmin Rəsulzadə qorxusu, xofu isə onu heç zaman tərk etmədi. Əldə olunan məlumatlardan bəlli olur ki, o, Rəsulzadədən canını bir dəfəlik qurtarmaq üçün hər gün dayanmadan qərarlar alır. 1937-ci ilin dəhşətli repressiyaları düşüncəsini gerçəkləşdirmək üçün Stalinə münbit şərait yaradır. Bu vaxta qədər Rəsulzadənin ata və anası artıq dünyasını dəyişmişdi. Sağ qalan qohumları isə məhz bu məşum ildən təqib olunmağa başlayır. 1937-ci ildə oğlu Rəsul Novxanıda həbs olunaraq 19 yaşında güllələnir. Rəsulzadənin ögey anası Maral xanım həmin ildə Qazaxıstana sürgünə göndərilir və burada vəfat edir. Həyat yoldaşı Ümbülbanu xanım oğlu Rəsulun faciəli ölümünü unuda bilmir, 1939-cu ildə sürgünün məşəqqətləri içərisində ürəyi dayanır. Rəsulzadənin ilk övladı Lətifə xanım 1943-cü ildə qızı İşvə ilə birlikdə Qazaxıstanda soyuqdan donaraq ölür. Rəsulzadənin digər qızı Xalidə xanım isə həmin il sürgündən qaçıb Bakıya gəlməyi bacarır. Bir müddət xalası Ümmügülsümün evində qalır. Həmin ərəfədə xalasının həyat yoldaşı şair Seyid Hüseyn də təqib olunurdu. Bu səbəbdən də Xalidə xanım qaranlıq gecələrin birində Şamaxıya getmək üçün yola düşür, ancaq ondan bir daha xəbər alınmır.

Azər 56 il sürgün həyatı yaşadıqdan sonra Qazaxıstanda dünyasını dəyişir
Rəsulzadə ailəsindən sağ qalan yeganə şəxs və varis oğlu Azər olur. Stalin Məhəmməd Əmin Rəsulzadəni Moskvaya danışıqlara çağırarkən ailəsi ilə vidalaşmaq üçün evə gedən Rəsulzadə beşikdəki kiçik oğlu Əliheydərin adını dəyişib, Azər qoymağı tapşırır. 1937-ci ildə anası və bacıları ilə birlikdə sürgünə gedən Azər 56 il sürgün həyatı yaşadıqdan sonra Qazaxıstanda dünyasını dəyişir. Oğlu, rəssam Rəis Rəsulzadə nə qədər cəhd etsə də atasının cənazəsini Azərbaycana gətirə bilmir. Bu zaman məsələ haqqında məlumat ikinci dəfə Siyasi hakimiyyətə cəmi 24 gündür gələn Ulu Öndər Heydər Əliyevə çatır. Heydər Əliyev həmin an xüsusi təyyarə ilə nümayəndə heyəti göndərir. Azər Rəsulzadənin cənazəsi Bakıya gətirilir. Ulu Öndər onun Fəxri Xiyabanda dəfn olunması barəsində göstəriş versə də, oğlu Rəis Rəsulzadə atasının Novxanıda, dəfn olunmasını vəsiyyət etdiyini bildirir. Azər Rəsulzadənin son vəsiyyəti nəzərə alınır. O Novxanıda babası – Hacı Molla Ələkbərin yanında dəfn olunur. Azər Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin taleyindən nigaran getdiyi, bir gün hürr olacağına ümidini itirmədiyi Vətənində dəfn olunan ilk ailə üzvü idi.

“Bu milləti daima əsarət altında saxlamaq olmaz, o qədim dövlətlər qurmuş, azadlığın dadını hiss etmiş, duymuş xalqdır!”
Məhəmməd Əmin Rəsulzadə ömrünün mühacirətdə keçirdi. 71 yaşında, 1955-ci il martın 6-da, Ankarada “Azərbaycan, Azərbaycan, Azərbaycan!” nidası ilə dünyaya vida nəğməsi oxudu. Martın 8-də isə “Əsrin” qəbiristanlığında torpaq müqəddəsliyinə qovuşdu. Vida mərasimində nüfuzlu tarixi şəxsiyyətlər iştirak etdi. Azərbaycan bayrağına bükülən liderlərini “Bir kərə bayraq, bir daha enməz!” nidası ilə Tanrı dərgahına yola saldılar.
Üstündən illər, on illər ötəndən sonra mənsub olduğu millətin beynlərinin şırımlarına “Bu milləti daima əsarət altında saxlamaq olmaz, o qədim dövlətlər qurmuş, azadlığın dadını hiss etmiş, duymuş xalqdır!” nidası ilə Əbədi İstiqlalın toxumlarını səpən Rəsulzadənin istəyi gerçəyə çevrildi.
“Bu millət əvvəl –axır həqiqətin mizanını quracaq. Ona Tanrıdan ərmağan olan dövləti yenidən dirçəldəcək!”
Onun öndərliyi ilə qurulan Cümhuriyyətin hilallı, ulduzlu, üçrəngli Bayrağı 70 il sonra Vətən torpaqlarının hər guşəsində dalğalandı. Ötən əsrin önündə yoxdan bir dövlət qurub, bayraq yapan millət zamanın quruluşun üstünə yeriyib Əbədi İstiqlala nail oldu. Müstəqillik aktına imza atdı.
Tarix Rəsulzadənin qüdrətini, onun oğlunun – vərəsəsinin nəşini Qazaxıstandan Bakıya – ata yurduna gətirən Ulu Öndər Heydər Əliyevin əzəmətini, Rəsulzadənin nəslini kəsmək üçün bütün qüvvələrini səfərbər edən İosif Stalinin rəzalətini yaddaşına yazdı. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 108, Stalinizmin Rəsulzadələrə yaşatdığı sürgün dəhşətlərindən 89 il ötür. Ankaradan “Əsrin” məzarlığından boylanan Cümhuriyyət Qurucusu həsrətə, nisgilə rəğmən “Bu millət əvvəl-axır həqiqətin mizanını quracaq. Ona Tanrıdan ərmağan olan dövləti yenidən dirçəldəcək!” nidası ilə hüzur bulur. Mənsub olduğu milləti Şuşa qalasında, Xüdafərin körpüsündə bayrağa döndərən, “Ümid körpüsü”nü quran, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə uzanan yolu göstərən, İstiqlal Abidəsini ucaldmaqla, dünyanın ən möhtəşəm Bayraq Meydanını qurmaqla İmperiyalara meydan oxuyan, Cümhuriyyət qurucularının yarımçıq arzularını gerçəyə çevirən Liderlərə – Ulu Öndər Heydər Əliyevə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə ehtiramını bildirir, şükran duyğularını dilə gətirir.
Şərəf Cəlilli