Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/27/2026

Paylaşın

GÜNDƏM

Həcc ziyarəti ilə müşayiət olunan Qurban bayramı Tanrı yolunda ən gözəl neməti paylaşmaq duyğusudur

WhatsApp Image 2026-05-27 at 09.00.44

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

İçərisində olduğumuz il müqəddəs bayramların üst-üstə düşməsi ilə yaddaşlara yazıldı. Novruz bayramı ilə Ramazan bayramının, Qurban bayramı ilə Müstəqillik Gününün eyni vaxta təsadüf etməsi özgürlüyünün səmgəsi, bəlgəsi olan Bayrağında belə bütün dəyərlər yer verən xalqımıza xüsusi sevinc hissi, duyğusu yaşatdı. Əbədi İstiqlalın şərbətini, Şərqin ilk Demokratik Cümhuriyyəti ilə dadan Azərbaycan xalqı İlahi-eşq, tanrı adına gözəlliyi Qurban bayramında yaşayır. Əldə olunn məlumatlardan bəlli olur ki, Qurban bayramı İslam aləminin ən müqəddəs bayramlarından biri kimi əsrlərdir insanların qəlbində mənəvi saflığın, mərhəmətin Tanrı sevgisinin rəmzi olaraq boy verir. Bu müqəddəs bayramın kökləri çox qədim dövrlərə gedib çıxır. İslamdan əvvəl də müxtəlif xalqlar arasında qurban mərasimləri mövcud olmuşdur. İnsanlar bu ayinlərlə tanrılara yaxınlaşmağa, günahlardan təmizlənməyə çalışırdılar. Lakin İslam dini qurban anlayışına tamamilə yeni məna verdi. Hicrətin ikinci ilindən sonra qurban ibadəti Tanrı sevgisinin, yüksək mənəviyyatın, yardımlaşmanın və xeyriyyəçiliyin simvoluna çevrildi. Artıq qurban yalnız bir ayin deyil, insanın öz nəfsinə qail olmaq kimi mənəvi zənginliyi özündə ehtiva edən amilə çevrildi.

Qurban bayramının əsasında İbrahim peyğəmbərlə bağlı böyük bir iman imtahanı dayanır. Rəvayətə görə, Ulu Tanrı İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim peyğəmbər Allahın əmrinə sonsuz sədaqətlə boyun əyir, İsmayıl da bu müqəddəs iradəyə etiraz etmir. Lakin, Uca Yaradan onların inamını və imanını hörmətə layiq bilir və İsmayılın əvəzinə bir qoç göndərir. Məhz buna görə də Qurban bayramında kəsilən qurbana “İsmayıl qurbanı” deyilir. Bu hadisə insanın Yaradan qarşısında sədaqətinin ən böyük nümunələrindən biri kimi qəbul edilir.

Qurani-Kərimdə buyurulur: “Allaha nə onların əti, nə də qanı çatır, Allaha çatan yalnız sizin təqvanızdır”

İslam dini insan həyatını müqəddəs sayır və insanın qurban verilməsini qəbul etmir. Tarixdə müxtəlif xalqların insanları tanrılar adına qurban verməsi halları mövcud olsa da, İslam dini bu düşüncəyə son qoyaraq insanın deyil, onun nəfsinin qurban edilməsini uca tutmuşdur. Qurani-Kərimdə buyurulur: “Allaha nə onların əti, nə də qanı çatır, Allaha çatan yalnız sizin təqvanızdır”. Bu ayə Qurban bayramının əsl mahiyyətini bütün aydınlığı ilə ifadə edir.

Qurban ibadətinin də özünəməxsus qayda və şərtləri vardır. Qurbanlıq kimi qoyun, qoç, keçi, dana, inək və ya dəvə seçilə bilər. Heyvan sağlam, nöqsansız və müəyyən yaş həddinə çatmış olmalıdır. Qoç ən azı altı aylıq, dana və inək bir yaşını tamamlamış, dəvə isə beş yaşında olmalıdır. Xəstə, zəif və ya əzalarında qüsur olan heyvanların qurban kəsilməsi məsləhət görülmür. Həcc ziyarəti ilə müşayiət olunan Qurban bayramı yalnız ibadət deyil, həm də Tanrı yolunda ən gözəl neməti paylaşmaq duyğusudur.

Kəsilən qurbanın əti insanlar arasında bölüşdürülür. Ətin bir hissəsi ailəyə saxlanılır, digər hissələri isə ehtiyac sahiblərinə, yoxsullara, qohumlara və qonşulara paylanır. Bayramın əsas mahiyyəti də məhz burada özünü göstərir. Qurban bayramı kasıb süfrəsinə ruzi aparan, ehtiyac sahibinin qəlbinə sevinc bəxş edən müqəddəs paylaşma günüdür. Bu bayram insanları bir-birinə yaxınlaşdırır, mərhəmət və humanizm hisslərini gücləndirir.

Ölkəmiz İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir

Azərbaycan xalqı tarix boyu milli-mənəvi və dini dəyərlərə daima hörmət və ehtiram nümayiş etdirib. Bu gündə ölkəmizdə dini bayramların yüksək səviyyədə keçirilməsi xalqımızın öz milli köklərinə və mənəvi irsinə olan hörmətinin parlaq ifadəsidir. Respublikamızda hər bir insan əcdadlardan miras qalan zəngin mənəvi dəyərlərlə qürur duyur, onları gündəlik həyatında yaşatmağa çalışır. Azərbaycan dövləti də milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərir, dini abidələrin bərpası, yenilərinin tikilməsi istiqamətində mühüm addımlar atır.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərə qayğı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı dilimizin qorunması, tariximizin araşdırılması, mədəniyyətimizin təbliği, Azərbaycan ədəbiyyatının inkişafı və gənc nəslin milli ruhda tərbiyə olunması istiqamətində mühüm qərarlar qəbul edib. Dövlətin hərtərəfli diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərə bağlılıq daha da güclənib.

Dini bayramlar milli-mənəvi dəyərlərin, xeyirxahlıq duyğularının təntənəsinə çevrilir

İslam inancı xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir. İslam dini VII əsrdən etibarən Azərbaycan xalqının həyatına daxil olmuş və milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynamışdır. Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər dini abidələr Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələrin canlı nümunələridir.

Azərbaycan bu gün də İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bunun bariz nümunəsidir. Respublikamız İslam Əməkdaşlıq Təşkilatının tədbirlərinə, dünya dini liderlərinin Zirvə görüşlərinə və İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Bu tədbirlər müsəlman dünyasında qarşılıqlı anlaşmanın və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfələr verib.

Qurban bayramı münasibətilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xalqa ünvanladıqları təbriklər də milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymətin ifadəsidir.

Tanrı xalqımızın dualarını, kəsilən qurbanlarını qəbul etsin!

İslam aləminin ən əziz və müqəddəs günü olan Qurban bayramını xalqımız artıq neçə ildir ki, xüsusi qürur və sevinc hissi ilə qarşılayır. Otuz illik işğaldan, intizardan sonra Qarabağda, Şərqi Zəngəzurda Tanrı yolunda qurbanlar kəsilir. Şuşada, Ağdamda, işğaldan azad olunmuş digər torpaqlarımızda azan səslərinin yenidən ucalır, yeni-yeni məscidlərin təməli qoyulur. Bu tarixi Zəfərin memarı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Onun qətiyyəti, siyasi iradəsi və xalqına olan sonsuz sevgisi Azərbaycanı tarixi Qələbəyə apardı və bu gün də aparmaqdadır.

Qurban bayramı yalnız dini mərasim deyil, həm də insanları birliyə, bütövlüyə, mərhəmətə, paylaşmaq duyğusuna çağırışıdır. Bu müqəddəs, özəl və gözəl bayram Azərbaycan xalqının milli-mənəvi dəyərlərə bağlılığını, tolerantlıq ənənələrini, humanist prinsiplərini və qalib xalq ruhunu dünyaya nümayiş etdirir.

Tanrı xalqımızın dualarını, kəsilən qurbanlarını qəbul etsin, dövlətimizi və Vətənimizi qorusun, torpaqlarımızda daim sülh, əmin-amanlıq və bərəkət olsun. Əbədi İstiqlalımızın, özgürlüyümüzün simgəsi, bəlgəsi olan hillalı, ulduzlu, üçrəngli Bayrağımız qəlbi dağlardan, sərt-sıldırım qayalardan, yağılara görk olan alınmaz qalalardan boy versin!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

AFFA Gənclər Liqasında çıxış edən "Qarabağ" və "Neftçi" komandaları növbəti iki ev oyununu azarkeşsiz keçirəcək.

Ən son

GÜNDƏM

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla

GÜNDƏM

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin