Türk ordularının tarix boyunca qazandığı möhtəşəm zəfərlərin arxasında yalnız qəhrəmanlıq və cəsarət dayanmayıb. Bu qələbələrin əsas sirrlərindən biri də əsrlərlə formalaşmış mükəmməl hərbi strategiyalar olub. Həmin strategiyalar arasında xüsusi yer tutan “Hilal” və ya “Aypara” taktikası türk savaş sənətinin zirvəsi hesab edilir. “Turan taktikası”, “Qurd qapanı”, “Qısqac müharibəsi” kimi tanınan bu döyüş üsulu sayca üstün düşməni ağılla, çevikliklə və iradə ilə məğlub etməyin simvoluna çevrilib.
Bu taktikanın əsasında düşməni mühasirəyə salaraq məhv etmək dayanır. Əsrlər boyu Hunlardan Göytürklərə, Səlcuqlulardan Osmanlıya, Əfşarlardan müasir Azərbaycan Ordusuna qədər türk dövlətləri bu döyüş üsulundan uğurla istifadə edib.

Qurdlardan öyrənilən savaş sənəti
“Aypara” taktikasının yaranması qədim türklərin təbiətlə bağlı müşahidələrinə dayanır. Qurd sürülərinin qış aylarında ov zamanı tətbiq etdiyi manevr türk savaş düşüncəsinə ilham verib.
Aclıq zamanı qurdlar iki qrupa ayrılırdı. Birinci qrup düşmənə hücum edir, sonra geri çəkilərək özünü zəif göstərirdi. Qarşı tərəf onları təqib etdikcə pusquda gözləyən digər qrup qəfil hücuma keçərək düşməni aypara formasında mühasirəyə alırdı. Ayparanın ucları bağlandıqdan sonra isə düşmənin xilas yolu qalmırdı.
Qədim türklər bu manevri hərbi strategiyaya çevirərək tarixə “Qurd qapanı” kimi düşən məşhur taktikanı yaratdılar.

Hilal taktikasının tətbiqi necə həyata keçirilirdi?
Döyüş zamanı ordu əsasən üç hissəyə bölünürdü: mərkəz, sağ cinah və sol cinah.
Ən seçilmiş döyüşçülər mərkəzdə yerləşdirilirdi. Döyüş başladıqda mərkəz qüvvələri sürətli hücumla düşmənin sıralarını yarmağa çalışırdı. Daha sonra isə planlı şəkildə geri çəkilməyə başlayır, bunu edərkən at üstündə ox ataraq döyüşü davam etdirirdilər. Düşmən ordusu geri çəkilən qüvvələri məğlub etdiyini düşünərək onların arxasınca irəliləyirdi.
Məhz bu anda pusquda gözləyən sağ və sol cinahlar ildırım sürətilə hərəkətə keçir, düşmənin boş qalan qanadlarına hücum edərək onu aypara şəklində mühasirəyə alırdı. Geri çəkilən mərkəz qüvvələri də yenidən hücuma keçərək çevrəni tamamlayırdı. Beləliklə, düşmən tamamilə “qurd qapanı”nın içinə düşürdü.
Bu taktikanın ən böyük üstünlüyü sayca az qüvvə ilə çoxsaylı düşməni məğlub etmək idi. Lakin onu tətbiq etmək böyük intizam, sürətli ordu, dəqiq koordinasiya və yüksək döyüş bacarığı tələb edirdi.

Tarixə damğa vuran zəfərlər
Hilal taktikası tarix boyu türk ordularına möhtəşəm qələbələr qazandırıb. Böyük Hun hökümdarı Mete xan Çin ordularına qarşı bu taktikadan məharətlə istifadə etmişdi.
1071-ci ildə Alp Arslan Malazgird döyüşündə Bizans ordusunu “Aypara” taktikası ilə darmadağın etdi. Bu qələbə türklərin Anadoluya qapısını açdı və dünya tarixinin gedişini dəyişdirdi.
1526-cı ildə isə Sultan Süleyman Qanuni Mohaç döyüşündə Avropanın ən güclü ordularından birini cəmi bir neçə saat ərzində məhv etdi. Osmanlı ordusunun sürətli manevrləri və hilal mühasirəsi qarşısında düşmən tamamilə aciz qalmışdı.
Azərbaycan tarixində bu taktikanı ən məharətlə tətbiq edən sərkərdələrdən biri də Nadir şah Əfşar olub. O, Osmanlı və Çar Rusiyasına qarşı yürüşlərində sürətli hücum və mühasirə manevrləri ilə düşmən ordularını ağır məğlubiyyətə uğradırdı.

Mehmandarovun “Hilal” zərbəsi
Birinci Dünya müharibəsində tam artilleriya generalı Səməd bəy Mehmandarov da bu taktikanın gücünü nümayiş etdirmişdi.
Lodz istiqamətində alman ordusu geri çəkilən rus qüvvələrini mühasirəyə almağa çalışarkən korpus komandiri Mehmandarovun diviziyasının vəziyyətini soruşduqda onun cavabı qısa və qəti olmuşdu:
“Vəziyyət ağırdır. Hücuma keçirəm!”
Məhz bu qərar döyüşün taleyini dəyişdi. Mehmandarovun diviziyası düşmənin cinahlarına sarsıdıcı zərbələr endirərək almanların hücum planını darmadağın etdi və iki rus diviziyasını mühasirədən xilas etdi.

Qarabağ savaşında “Aypara”nın yeni nəfəsi
Əsrlər keçsə də, Hilal taktikası öz gücünü itirmədi. Müasir dövrdə texnologiya ilə birləşən bu qədim savaş strategiyası yenidən döyüş meydanında öz sözünü dedi.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu “Aypara” taktikasına yeni nəfəs verdi. Müasir pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və çevik xüsusi təyinatlı qüvvələrin koordinasiyası nəticəsində düşmənin müdafiə xətləri yarıldı, cinahlar çökdürüldü və Ermənistan ordusu bir çox istiqamətdə mühasirəyə salındı.
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində həyata keçirilən əməliyyatlar türk savaş ənənələrinin müasir texnologiya ilə necə birləşdiyini bütün dünyaya göstərdi.
Bu zəfərlər bir daha sübut etdi ki, türk ordusunun əsrlərdən gələn savaş ruhu minillərdir ki yaşayır. Hilal taktikası bir hərbi manevr olduğu qədər də, zəkanın, iradənin, intizamın və qəhrəmanlığın simvoludur.
Xanım Aydın