Beynəlxalq təcrübə göstərir ki, ekoloji idarəetmə standartları artıq effektiv institusional modellər kimi geniş şəkildə tətbiq olunur. Paralel olaraq, ekoloji, sosial və korporativ idarəetmə (ESG) yanaşmaları həm dövlət, həm də özəl sektorun qərarvermə proseslərinə getdikcə daha çox inteqrasiya edilir və dayanıqlılıq ölçülə bilən, hesabatlılıq əsaslı idarəetmə çərçivəsinə çevrilir. Bu kontekstdə Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı xüsusi önəm kəsb edir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Aygün Əliyeva World Urban Forum 13 çərçivəsində keçirilən “Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)” mövzusunda sessiyada çıxışı zamanı səsləndirib.
O bildirib ki, sözügedən standart qlobal yanaşmaların yerli icra mexanizmləri ilə uzlaşdırılmasını və dayanıqlılığın praktiki idarəetmə və əməliyyat proseslərinə inteqrasiyasını hədəfləyir. Onun sözlərinə görə, bu yanaşmanın əsas üstünlüyü onun yalnız nəzəri konsepsiya deyil, eyni zamanda ölçülə bilən və tətbiq oluna bilən idarəetmə aləti kimi hazırlanmasındadır.