Bakıda hava keyfiyyətini ölçən ilk “IQAir” cihazı quraşdırılıb.
Baki-baku.az xəbər verir ki, yeni cihaz dünyada hava keyfiyyəti monitorinqi sahəsində aparıcı brendlərdən biri sayılan İsveçrə mənşəli “IQAir” şirkətinə məxsusdur.
Cihaz havadakı çirkləndirici maddələri – xüsusilə insan sağlamlığı üçün ən təhlükəli sayılan PM2.5 və PM10 hissəciklərini, həmçinin azot dioksid, ozon və karbon monoksid kimi qazları ölçərək Hava Keyfiyyəti İndeksini (AQI) müəyyənləşdirir. Toplanan məlumatlar “IQAir”in qlobal “AirVisual” platforması vasitəsilə açıq şəkildə yayımlanır, beləliklə hər bir vətəndaş öz mobil telefonu və ya kompüteri üzərindən şəhərin havasının cari vəziyyətini izləyə bilir.
Mütəxəssislərin bildirdiyinə görə, belə cihazların quraşdırılması yalnız ekoloji şəffaflıq baxımından deyil, həm də əhalinin sağlamlığının qorunması istiqamətində mühüm əhəmiyyət daşıyır. Astma, allergiya və tənəffüs yolları xəstəlikləri olan insanlar, eləcə də uşaqlar və yaşlı vətəndaşlar bu məlumatlar əsasında açıq havada keçirdikləri vaxtı planlaşdıra biləcəklər.
Qeyd edək ki, “IQAir”in illik “World Air Quality Report” hesabatları dünyanın hava çirkliliyi ilə bağlı ən etibarlı mənbələrindən biri hesab olunur və bu cihazlar BMT, Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumlar tərəfindən də istifadə edilir.