Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Ukrayna nümayəndə heyəti Azərbaycana təşəkkür edib. Ukraynanın İcmalar və Ərazilərin İnkişafı Nazirliyini forumda təmsil edən Yuliya Çileneva bildirib ki, WUF13 çərçivəsində Ukrayna üçün yaradılan şərait yüksək qiymətləndirilir.
Baki-baku.az-a açıqlamasında o, ilk növbədə tədbirə dəvətə görə minnətdarlığını ifadə edib.
“Bu beynəlxalq platforma vasitəsilə ölkəmizdəki mövcud vəziyyət və müharibənin səbəb olduğu dağıntılar barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırırıq”, — deyə nazirlik nümayəndəsi vurğulayıb.
Yuliya Çileneva Azərbaycanla Ukrayna arasında mövcud əməkdaşlıq əlaqələrinə də toxunaraq, Azərbaycanın göstərdiyi humanitar dəstəyi xüsusi qeyd edib.
“Azərbaycan dövlətinə göstərdiyi dəstəyə görə təşəkkür edirik. Ən mürəkkəb dövrlərdə, xüsusilə əhalinin isinməsi üçün xüsusi istilik məntəqələrinin yaradılmasında bizə yardım göstərildi. Bu, kənardan kiçik görünə bilər, amma bizim üçün həyati əhəmiyyət daşıyırdı”, — deyə o bildirib.
Ukrayna rəsmisi çıxışında müharibədən zərər görmüş ərazilərin bərpası prosesində beynəlxalq təcrübənin əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, Ukrayna hazırda müxtəlif ölkələrin yenidənqurma modellərini yaxından öyrənir.
Bu kontekstdə Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinin Ukrayna üçün maraqlı və faydalı təcrübə olduğu vurğulanıb.
“Qarabağın bərpası təcrübəsi bizim üçün çox önəmli və yararlı modeldir”, — deyə Yuliya Çileneva qeyd edib.
Nazirlik nümayəndəsi hesab edir ki, müasir şəhərsalma yanaşmaları və innovativ texnologiyalar yenidənqurma prosesində mühüm rol oynayır. Onun fikrincə, “ağıllı şəhər” konsepsiyası şəhərlərin daha dayanıqlı və funksional şəkildə qurulmasına imkan yaradır.
“Rəqəmsallaşma insanların həyat səviyyəsinin yüksəldilməsinə, xidmətlərin əlçatanlığının artırılmasına və cəmiyyətin müxtəlif təbəqələrinə dəstəyin gücləndirilməsinə xidmət edir. Şəhərlər əvvəlkindən daha müasir formada bərpa edilməlidir”, — deyə o əlavə edib.