Multimodal nəqliyyat dəhlizləri yalnız insanların və yüklərin daşınmasına xidmət etmir, həm də regionların iqtisadi inkişaf modelini dəyişir.
Baki-baku.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
“Hazırda Afrika ilə Avropanı, eləcə də Asiyanı birləşdirən strateji dəhlizlər dövrümüzün ən mühüm infrastruktur investisiyalarındandır. Xüsusilə Çin, Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Avropanı birləşdirən Orta Dəhliz boyunca həyata keçirilən layihələr bu baxımdan mühüm nümunədir”, – deyə UN-Habitat-ın icraçı direktoru diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu dəhliz üzərində yerləşən şəhərlər iqtisadiyyatlarını şaxələndirmək üçün real imkanlar əldə edir. Bu şəhərlər yaşıl sənaye, logistika xidmətləri, aqrar emal və rəqəmsal biznes sahələrində inkişaf potensialı qazanır. İkinci dərəcəli şəhərlər də artıq yalnız tranzit məntəqələri deyil, mühüm iqtisadi aktorlara çevrilirlər.