COP29-a iki il əvvəl ev sahibliyi edən ölkə kimi Azərbaycan urbanizasiya və şəhər məsələlərini qlobal iqlim gündəliyinin əsas istiqamətlərindən birinə çevirib. Ölkə anlayır ki, şəhərlər qlobal emissiyalara ciddi təsir göstərməklə yanaşı, həm də innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həll yollarının əsas mənbələrindən biridir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov World Urban Forum 13 çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, Şərqlə Qərbin, həmçinin Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan öz coğrafi mövqeyindən strateji üstünlük kimi istifadə etməyi bacarıb.
“Biz artıq özümüzü yalnız tranzit ölkə kimi deyil, regional inteqrasiya, dayanıqlı şəhər inkişafı və regionlararası əməkdaşlığın əsas mərkəzlərindən biri kimi qiymətləndiririk”, – deyə o qeyd edib.
Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın təcrübəsi nəqliyyat bağlantıları ilə şəhərsalma proseslərinin bir-biri ilə sıx əlaqədə olduğunu açıq şəkildə nümayiş etdirir.
Nazirin sözlərinə görə, müasir nəqliyyat dəhlizləri məskunlaşma modellərinə, sənaye inkişafına və ümumi iqtisadi fəallığa birbaşa təsir göstərir.