Qarabağ və Şərqi Zəngəzur bölgələrinə 85 mindən çox azərbaycanlı geri dönərək hazırda həmin ərazilərdə yaşayır, işləyir, təhsil alır və yeni həyat qurur. Eyni zamanda, hər bir insanın mənzil hüququnun təmin edilməsi və bu bölgələrin yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Hikmət Hacıyev “Qlobal mərkəz koalisiyalarında mənzil” adlı panel iclasda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan həm digər ölkələrin qabaqcıl təcrübələrindən faydalanmağa, həm də postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı unikal bilik və təcrübəni, eləcə də üzləşdiyi çətinlikləri beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır. Bu baxımdan ölkə World Urban Forum 13 üçün ən uyğun ev sahibi platformalardan biri hesab olunur.
H.Hacıyev vurğulayıb ki, dünyanın müxtəlif regionlarında, o cümlədən Azərbaycanın yaxın coğrafiyasında yeni münaqişələrin alovlandığı, şəhərlərin və yaşayış məntəqələrinin dağıntılarla üzləşdiyi bir dövrdə Azərbaycan həm öyrənməyə, həm də öz real təcrübəsini və reallıqlarını dünya ictimaiyyəti ilə bölüşməyə hazırdır.