Şəhərlərin iqlim dəyişikliklərinə qarşı dayanıqlığının gücləndirilməsi bir sıra mühüm amillərlə bağlıdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması, layihələndirmə mərhələsində daha optimal konstruktiv həllərin seçilməsi, enerji səmərəliliyinin artırılması, “yaşıl texnologiyalar”ın tətbiqi və şəhər infrastrukturunun əlçatanlığı iqlimə davamlı şəhərlərin əsas göstəriciləri kimi çıxış edir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov World Urban Forum 13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, şəhərsalma və tikinti fəaliyyətinin bütün mərhələlərində ətraf mühitə təsir, eləcə də ətraf mühit amillərinin şəhər infrastrukturlarına təsiri ardıcıl şəkildə izlənilir. Onun sözlərinə görə, qlobal temperaturun artması şəhərlərdə istilik səviyyəsinin yüksəlməsinə, tikinti materiallarının və konstruksiyaların xüsusiyyətlərinin dəyişməsinə, həmçinin soyutma və havalandırma üçün enerji sərfiyyatının artmasına gətirib çıxarır.
Cəbrayıl Xanlarov qeyd edib ki, təbii fəlakətlərin təsirlərinin azaldılması və şəhərlərin ekoloji amillərə uyğun dayanıqlığının gücləndirilməsi üçün tikinti sektorunun iqlim dəyişikliklərinə adaptasiyası istiqamətində bir sıra vacib tədbirlərin həyata keçirilməsi zəruridir. O, bu istiqamətdə əsas prioritetləri belə sıralayıb:
Yaşayış məntəqələrinin iqlim dəyişiklikləri nəzərə alınmaqla planlaşdırılması və inşası: tikinti aparılan ərazilərdə iqlim risklərinin əvvəlcədən qiymətləndirilməsi və buna uyğun konstruktiv həllərin və materialların seçilməsi;
Enerji səmərəli texnologiya və materiallardan istifadə: enerji effektiv işıqlandırma və isitmə sistemləri vasitəsilə enerji istehlakının və istixana qazlarının azaldılması;
Su təchizatı və suyun kənarlaşdırılması infrastrukturunun inkişaf etdirilməsi;
Tikinti sahəsində çalışan mütəxəssislərin iqlim dəyişikliklərinə uyğunlaşma üzrə məlumatlandırılması və peşə biliklərinin artırılması;
“Yaşıl texnologiyalar”, bərpaolunan enerji mənbələri və “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bina və qurğuların iqlimə dayanıqlılığının gücləndirilməsi.
Nazir müavini əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə sistemli işlər aparılır. Onun sözlərinə görə, yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı obyektləri, su təchizatı və kanalizasiya sistemləri, hidrotexniki qurğular, nəqliyyat və rabitə vasitələri, eləcə də texnoloji proseslər layihələndirilərkən ətraf mühitin keyfiyyət normaları, tullantıların idarə olunması, tullantısız texnologiyalar və ətraf mühitin çirklənməsinin qarşısını alan effektiv tədbirlər nəzərə alınır.