Gələcəyin şəhərləri artıq yalnız ərazi və əhali göstəricilərinə görə deyil, enerji effektivliyi, texnoloji imkanları və regional inteqrasiya səviyyəsi ilə qiymətləndiriləcək.
Baki-baku.az xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – World Urban Forum 13 çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” adlı xüsusi sessiyada çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, hazırkı geosiyasi və geoiqtisadi şəraitdə bağlantılar xüsusi strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, enerji xətləri, nəqliyyat marşrutları, fiber-optik kabellər və elektrik interkonnektorları artıq qlobal sistemin əsas “damarları” rolunu oynayır.
Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycan regionda yaşıl enerji və elektrik interkonnektorlarının inkişafında mühüm strateji mövqeyə malikdir. O qeyd edib ki, Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, yaşıl inkişaf və sülhün regional bağlantılar vasitəsilə gücləndirilməsini prioritet sayan uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Avrasiyanın aparıcı əməkdaşlıq və bağlantı mərkəzlərindən birinə çevrilməkdədir.
Nazirin sözlərinə görə, Orta Dəhlizlə paralel şəkildə inkişaf edən yaşıl enerji marşrutları Xəzər regionunu Avropa və Asiya ilə birləşdirən yeni enerji arxitekturasının formalaşmasına töhfə verir.