“Azərbaycana ikinci dəfədir gəlirəm. Bakı çox gözəldir. Onun gözəlliyi – qədim və eyni zamanda da bu qədər müasirliyi məni heyran edir. Ümumiyyətlə ölkənizin zəngin tarixi, irsi, gözəlliyi var. Daşkənddən fərqli olaraq, burada həm də dəniz var. Xəzər şəhərə xüsusi rəng qatır”.
Bunu Baki-baku.az-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən özbəkistan nümayəndəsi Nurali Oribov deyib.
O bildirib ki, Azərbaycanda şəhərsalma sahəsində inkişaf nəzərçarpacaq dərəcədə davam edir:
“Yolların salınması, mühəndis-kommunikasiya xətlərinin yaradılması və yaşayış məntəqələrinin vahid konsepsiya əsasında qurulması diqqətimizi xüsusilə cəlb etdi. Uşaq bağçalarının, məktəblərin və digər sosial təyinatlı obyektlərin yaxın məsafədə yerləşdirilməsi isə olduqca təqdirəlayiq yanaşmadır.”
Bundan başqa nümayəndə bildirib ki, Azərbaycan və Özbəkistan arasında bir çox sahələrdə işgüzar əlaqələrin olduğu kimi, şəhərsalma sahəsində də olacağına əmindir: “Şəhərsalma, tikinti sahəsi, layihələndirmə üzrə qarşılıqlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”, – deyə Oribov əlavə edib.