Dünyanın müxtəlif bölgələrindən on minlərlə insanın, eləcə də yüksəksəviyyəli liderlərin Bakıda toplanması təsadüfi deyil. Məqsədimiz qeyri-müəyyənlik, qeyri-sabitlik və dağıntılarla müşayiət olunan dövrdə hər kəs üçün adekvat mənzil təminatının necə mümkün olacağını müəyyənləşdirməkdir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində səsləndirib.
O qeyd edib ki, son günlər Azərbaycanın bəzi bölgələrində müşahidə olunan güclü yağış və tufanlara baxmayaraq, iştirakçılar Bakıda dözümlülük, qətiyyət və ortaq məqsəd ətrafında bir araya gəliblər.
“Burada komanda ruhunu, çevik reaksiyanı və yüksək təşkilatçılığı görürük. Forum iştirakçılarının sayı və maraq səviyyəsi isə xüsusi diqqət çəkir. İndiyədək bu formatda keçirilən heç bir sessiya WUF13 qədər geniş və müxtəlif beynəlxalq auditoriyanı bir araya gətirməyib. Bu da mənzil və dayanıqlı şəhər inkişafı məsələlərinin ümumi gələcəyimizin əsas istiqamətlərindən biri olduğunu açıq şəkildə göstərir”, – deyə Anaklaudia Rossbax vurğulayıb.
UN-Habitat-ın icraçı direktoru, həmçinin WUF13-ə ev sahibliyinə görə Azərbaycan Hökumətinə təşəkkür edib. O bildirib ki, forum tərəfdaşlıqların genişləndirilməsi, investisiyaların təşviqi və praktiki fəaliyyətlərin sürətləndirilməsi baxımından mühüm imkan yaradır.