Ev sahibi Azərbaycan bir evə sahib olmağın dərin mənasını və dəyərini yaxşı anlayan ölkədir. “Evdə olmaq” hissi xüsusilə dünyada qeyri-sabitliklərin artdığı, institutların zəiflədiyi və texnologiyanın cəmiyyətləri sürətlə dəyişdirdiyi bir dövrdə daha da əhəmiyyət qazanır. Belə şəraitdə bir həqiqəti unutmamalıyıq: gələcək yalnız onu tənqid edənlərin deyil, onu yaradanların əlində formalaşır. Bizim vəzifəmiz isə hər kəs üçün şəhərlərin gələcəyini quranlar olmaqdır.
Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı səsləndirib.
“Fəaliyyətimizin ruhunu ifadə edən bir Azərbaycan atalar sözündən ilham alıram: ‘Dama-dama göl olar’. Gəlin bu müdrik fikri ümumi məqsədimizin rəmzinə çevirək. Bakı Sessiyası çərçivəsində müzakirə edilən hər bir siyasət, qurulan hər bir tərəfdaşlıq və götürülən hər bir öhdəlik gələcəyə ümid daşıyan bir damladır. Bu damlalar birləşdikdə daha güclü və dayanıqlı gələcəyə aparan böyük bir fəaliyyət axınına çevrilir. Elə bir gələcək formalaşdıraq ki, heç bir insan və heç bir məkan diqqətdən kənarda qalmasın”, – deyə UN-Habitat Assambleyasının prezidenti vurğulayıb.