Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.
Forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.
Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.
Ümumilikdə tədbirlə bağlı daşımalar başlayandan (12-17 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 2 909 səfər yerinə yetirilib və 23 671 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.
Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.