Qədim İpək Yolunun və Xəzər dənizinin müasir simvolikasını əks etdirən bu şəhərdə çıxış etməkdən böyük qürur duyuram. Göstərilən səmimi qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm.
Eyni zamanda, BMT-nin Baş katibi Antonio Quterreşin və Baş Assambleyanın prezidenti Annalena Berbokun ünvanladığı mesajları yüksək dəyərləndirirəm.
Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, qlobal şəhərsalma gündəliyi çoxşaxəli əməkdaşlıq üçün indiyədək ən güclü əsaslardan birini formalaşdırıb.
“Bakı WUF13 çərçivəsində sanki dünyanın mərkəzinə çevrilir. Biz yenidən mühüm bir məsuliyyəti üzərimizə götürməliyik. Əgər şəhərsalmanı düzgün istiqamətdə inkişaf etdirməsək, gələcək nəsillər qarşısında verdiyimiz öhdəlikləri yerinə yetirməmiş olarıq. Bu forumun mövzusu sadəcə bir şüar deyil, bizi konkret və real addımlar atmağa yönəldən bir çağırışdır”, – deyə Nqa Kor Minq vurğulayıb.