Yeni Şəhər Gündəliyinin icrası üçün müəyyən edilən 20 illik müddət artıq yarı mərhələyə çatıb və 2036-cı ilə qədər qarşıya qoyulan hədəflərin tam şəkildə həyata keçirilməsi vacib hesab olunur.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Kor Minq Nqa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib.
O qeyd edib ki, forumun əsas məqsədi təkcə yüksək iştirak göstəricilərinə nail olmaq deyil, həm də real və ölçülə bilən nəticələrin əldə olunmasıdır.
Nazir Azərbaycanın WUF13-ə uğurla ev sahibliyi etdiyini vurğulayaraq, bu tədbirin indiyədək keçirilmiş ən genişmiqyaslı Ümumdünya Şəhərsalma Forumu olduğunu bildirib.
Kor Minq Nqa əlavə edib ki, builki forumda mənzil məsələsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, mənzil yalnız tikinti prosesi deyil, eyni zamanda insanlara ümid, təhlükəsizlik və sabitlik hissi bəxş edən yaşayış mühitidir.
“Biz forumdan sonra ölkələrimizə qayıtdıqda insanların real ehtiyaclarına cavab verən, əlaqəliliyi təmin edən və yaşayış keyfiyyətini yüksəldən mənzillərin inşasına daha çox diqqət yetirməliyik”, – deyə o bildirib.