BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) müzakirələrdən konkret icra mərhələsinə keçid baxımından mühüm platforma hesab olunur.
Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rəsmi açılışına həsr olunan mətbuat konfransında səsləndirib.
O bildirib ki, forum çərçivəsində 6 yüksək səviyyəli dialoq keçiriləcək, tərəfdaşlar tərəfindən 317-dən çox sessiya təşkil olunacaq və 137-dən artıq sərgi nümayiş etdiriləcək.
Anaklaudia Rossbax vurğulayıb ki, yaşayış məkanları şəhərsalma siyasətinin əsas mərkəzində dayanmalıdır. Onun sözlərinə görə, iqlim dayanıqlılığı, mobillik və iqtisadi imkanlar da məhz bu yanaşma ətrafında formalaşmalıdır.
“Ümumdünya Şəhərsalma Forumunda dayanıqlı urbanizasiya ilə bağlı geniş müzakirələr aparılır.
BMT-nin Məskunlaşma Proqramı dövlətlər və tərəfdaşlarla birlikdə daha səmərəli institutların qurulması və effektiv həll yollarının hazırlanması istiqamətində əməkdaşlıq edir. Lakin qlobal konsensusun mövcud olmasına baxmayaraq, siyasətlə praktiki icra arasında müəyyən boşluq qalır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu əslində fəaliyyət platforması rolunu oynayır və geniş əməkdaşlıq koalisiyasının formalaşmasına imkan yaradır”, – deyə UN-Habitat rəhbəri qeyd edib.