BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən indiyədək təşkil olunmuş ən böyük sessiya hesab edilir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının rəsmi açılışına həsr olunan mətbuat konfransında səsləndirib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu yaradıldığı gündən etibarən BMT Baş Assambleyası tərəfindən əsas beynəlxalq platformalardan biri kimi qəbul olunur.
“WUF13 urbanizasiya proseslərinin daha sürətlə davam etdiyi bir dövrdə keçirilir. Biz Bakıda bir araya gələrək Azərbaycanın dayanıqlı inkişaf istiqamətində atdığı addımları və regiondakı rolunu daha yaxından görürük. WUF13 BMT-nin Məskunlaşma Proqramının tarixində təşkil edilən ən böyük sessiyadır. Tədbirdə 34 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Onların sırasında dövlət başçıları, nazirlər, şəhər merləri, BMT rəsmiləri və ekspertləri, həmçinin biznes, akademik dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri yer alır”, – deyə Anaklaudia Rossbax vurğulayıb.