Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

TARİX

Kəlləsi Qacar şahına, sümükləri Tiflisə göndərilən, Abidə Sütunun daşları Sabirin heykəlinə hörülən Çar cəlladı

WhatsApp Image 2026-05-18 at 08.18.57

Hüseynqulu xanın general Sisianova tarixi dərsi – “Həmişə siz birinci başlamısınız…”

Qafqazın parçalanması, Xəzər hövzəsinin bölüşdürülməsi, İstanbulun fəthi I Pyotrdan sonra hər bir Rus çarının da istəyi olub. Onun gerçəkləşməsi üçün ayrı-ayrı dövrlərdə buralara qoşun yeridiblər. Çar cəlladlarının tarixi dərsini isə dörd qüdrətli sərkərdə cəsarətlə verib: Şeyx Şamil, Qubalı Fətəli xan, Gəncəli Cavad xan və Bakı xanı Hüseynqulu xan. Onların hər birinin də “gəlmələrə” verdikləri cavablar rəsmi sənədlərdə, arxiv materiallarında yer alıb. Bakı xanının artıq aforizmə çevrilən “Həmişə siz birinci başlamısınız!” nidasının acısını isə  biz XX yüzildə dəfələrlə yaşamışıq. Bolşevik Rusiyasına qarşı təşkil edilən Gəncə qiyamı, Sarvan döyüşləri, 20 Yanvar dəhşətləri, Xocalı faciəsi zamanı.

General Sisianov Şirvandan Bakı xanı Hüseynqulu xana məktub göndərir ki, rus qoşunları 1804-cü ildə Gəncəni hücumla ələ keçirdiyi kimi, indi qəti şəkildə Bakını tutmaq niyyəti ilə onun üstünə gəlir.

Bakı xanı: “Biz yüksəkdə dayandığımıza görə döyüşdə üstünlüyə malik idik, amma mən atəş açmağı qadağan etdim”

Şamaxı dağlarını çətinliklə aşan Sisianov dəstəsi ilə nəhayət ki, 1806-cı il yanvarın 30-da Bakıya yaxınlaşır. Vəziyyəti belə görən Hüseynqulu xan 1806-cı il fevral ayının 1-də Sisianova belə bir  məzmunda məktub göndərir:

“Mənim Rusiyaya ədavət bəslədiyimi yazdığınız məktuba cavab verirəm ki, mənim ruslarla heç bir düşmənçiliyim yoxdur. General-mayor Zavalişin buraya gələndə əvvəlcə mən ona dostluq münasibəti göstərdim. Ən sadiq adamlarımı — ağa Kərim bəyi və digərlərini onun yanına göndərdim. Lakin o, məni mümkünsüz bir şeyə məcbur edərək üç saata qədər şəhəri boşaltmağı əmr edir. Mən isə buradakı şəraiti nəzərə alaraq buna iki ay vaxt tələb etdim.

Mənim şərtimi general-mayor Zavalişin qəbul etmədi və şəhəri bombalamağa başladı. Mən də məcbur qalıb mümkün olduğu qədər onun bombardmanını dəf etdim. Hamıya məlum idi ki, o, yanlışlığa yol verib.

“Elçilik üçün mənim yanıma zabit göndərirsiniz, ardınca isə toplarınızı şəhərə tuşlamaq əmri verirsiniz”

İndi isə siz məqsədinizi bildirmədən, yaxşı və ya pis niyyətlə buyurub Abşeron çayına (Xəzər dənizi nəzərdə tutulur) gəlmişsiniz. Mənim rəiyyətimin mal-qarasını aparmışsınız. Onların sahibləri yanınıza gələndə isə onları həbs etmiş və bizim mal-qaranı basıb yemişsiniz. Belə hərəkətlər sizə, ələlxüsus Əlahəzrətə yaraşmaz.

O mal-qaranın elə bir əhəmiyyəti yoxdur. Ancaq siz gərək mənim yanıma adam göndərib mənim buna münasibətimi öyrənəydiniz. Ancaq ondan sonra istədiyinizi edə bilərdiniz.

General-mayor Zavalişin mənimlə müharibə aparsa da, yer gəlmişkən, iki ay ərzində su ehtiyatını məndən götürmüş, pullu azuqə almışdır və mənim tərəfimdən buna heç bir qadağa qoyulmamışdı. Biz yüksəkdə dayandığımıza görə döyüşdə üstünlüyə malik idik, amma mən atəş açmağı qadağan etdim.

Elçilik üçün mənim yanıma zabit göndərirsiniz, ardınca isə toplarınızı şəhərə tuşlamaq əmri verirsiniz. Həmişə siz birinci başlamısınız. Nə etmək olar? Allah bilən məsləhətdir.

Əgər siz savaş niyyəti ilə gəlməmisinizsə, amma hərəkətləriniz bunu demir, onda bu barədə məni xəbərsiz buraxmayın.”

Kəlləsi İçərişəhərin qala divarları önündə alınan general

 Çar Rusiyasına qarşı Milli Müqavimət hərəkatının önündə gedən dörd qüdrətli türk, müsəlman, Qafqazlı var ki, onların adı dillərə dastandır. Ordu generalları – Qafqazlılara varmamış bu torpaqların İstiqlal Mücahidləri ilə üz-üzə gəlmişdi. Şeyx Şamilə “Gəlirik!” hədə-qorxusu ilə  xəbər yollayan Çar cəlladlarının aldığı cavab ölümdən betər olmuşdu. “Şeyx Şamil: Qunib hündür bir dağdır, mən onun üzərindəyəm, başımın üstündə Allah, arxamda Xalqdır! Gəlirlər, qoy gəlsinlər!” Qubalı Fətəli xanın cavabı bundan da ağır olmuşdu: “Şimaldan əsən soyuq küləklər, Bizi sarsıtmaz!”  Cavad xanın cavabı isə daha kəskin idi: “ Qala alınsa da, ruhumuz alınmayacaq! Qalaya girərsən, ancaq mənim cənazəmin üstündən keçəndən sonra!” 

Şeyx Şamilin də, Qubalı Fətəli xanın da, Gəncəli Cavad xanın da işlətmədiyi bir tarixi kəlam var idi: “Həmişə siz birinci başlamısınız!” 

Birinci başlayanların dərsini də elə bu qüdrətli kəlamın sahibi- Bakı xanı Hüseynqulu xan vermişdi. General Sisianovun kəlləsi İşərişəhərin qala divarlarının önündə alınmışdı.

Onun əzəmətini biz bir də ancaq, Şərqin ilk Demokratik Cümhuriyyətini quran,  70 illik əsarətdən sonra Müstəqillik Aktına imza atan, Şuşa qalasında, Xüdafərin körpüsündə Bayrağa dönən zaman yaşadıq! 

Qırx damın qırx düyünü 

XIX əsrin əvvəlinə qədər Bakının Qala divarlarına qədər uzanan, sonradan Sisianov, indilərdə isə Təbriz Xəlilbəyli adlanan küçədə məşhur Bakı milyonçularına məxsus bir və iki mərtəbəli mülklər, malikanələr yerləşib. Bu əraziyə Bakı əhli “Qırx ev”, “Qırx dam” da deyib. Səbəb ərazinin qırx malikanədən, mülkdən ibarət olması ilə bağlı olub.  Bu Sisianov Bakını fəth etməyə gələnə qədər  belə olub. 

Nəşi Qala divarlarının qabağında ayaq altında qoymaq istədiyi  torpaqda basdırılır

Ötən əsrin əvvəlində  Çar generalı Pavel Sisianov qeyd etdiyimiz kimi Bakı xanlığına hücum edir, və şəhəri mühasirəyə alır. Gərgin danışıqlardan, ağır döyüşlərdən sonra  Sisianovun kəlləsi Hüseynqulu xanın qardaşı oğlu Aslan bəy tərəfindən alınır. “Müjdə tabağına” qoyulub, Qacarlar İmperiyasına Fətəli şah  Qacara göndərilir. Nəşi isə İçərişəhərin Qala divarlarının qabağında ayaq altında qoymaq istədiyi  torpaqda basdırılır.

Keşiş Danilin istəyi, Qafqaz canişini Vorantsov – Daşqovun əmri ilə dəyişən qərar 

“Gülüstan” müqaviləsi imzalandıqdan, Bakı xanlığı Çar Rusiyasına ilhaq edildikdən sonra Sisianovun nəşi Qala qapısından aşağıda yerləşən Nikolayevski kilsəsində dəfn edilir.  “Türkmənçay” müqaviləsindən sonra isə onun nəşi kilsənin keşiş Danilin istəyi, Qafqaz canişini Vorantsov – Daşqovun əmri ilə Tiflisə aparılır. Sisianovun haqqlı yerə başının bədənindən ayrıldığı yerdən başlayan küçə onun “şərəfinə” Sisianov adlandırılır.  1846-cı ildə isə general Sisianova Tarixi dərsin verildiyi yerdə digər bir təntənəli mərasim təşkil edilir.  Erməni milyonçu Tomas Ayvazovun sərmayəsi ilə onun şərəfinə  “Abidə Sütunun” açılışı olur. 

Komissar Nərimanovun  Tomas Ayvazova kəsdiyi cəza

Şura hökuməti gəldikdən, Azərbaycanda Bolşevik hökuməti qurulduqdan  sonra 1923-cü ilə Mirzə Ələkbər Sabirin heykəlinin ucaldılması ilə bağlı komissar Nəriman Nərimanov tarixi qərar alır. Sisianovun Abidə Sütunu ləğv edilir, abidənin sökülən daşları  Mirzə Ələkbər Sabirin abidəsinin postamentinə – sütununa hörülür. Sisianovun Abidə Sütunun ucaldığı ərazidə Nizami Gəncəvinin abidəsi ucaldılır. Sol tərəfdə isə “Azərnəşirin” möhtəşəm binasının təməli qoyulur. Sisianovun adını daşıyan küçə isə inqilabçı Əli Bayramovun, 1993-cü ildə isə eynən Bakı xanı kimi donunu Şura hökumətinə, Bolşevik Rusiyasına dəyişən Çar Rusiyasının üstünə yeriyən, “Lefertovo gündəliyi” ilə  20 Yanvar dəhşətlərinə gələn yolun “Gülüstan”, “Türkmənçay” ilhaqlarına bağlı olduğunu sübut edən xalq şairi Xəlil Rza Ulutürkün Birinci Qarabağ savaşında şəhid olan Milli Qəhrəman oğlu Xəlil Rza Ulutürkün adına verilir.  

Sisianovun Abidə Sütununu söküb, sütuna hörən millət indi Vətənin ayrılmaz tərkib hissəsini Yenidən Qurur!

“Bu gün Azərbaycan azaddır, müstəqildir, özü-öz taleyinin sahibidir.”  Şuşa qalasında, Xüdafərin körpüsündə dalğalanan Bayrağın əzəməti ilə üstünə gələnlərin dərsini verəcək qədər qüdrətlidir! Hüseynqulu xan Sisianova cavab məktubunda demişdi: “Həmişə siz birinci başlamısınız! Biz yüksəkdə dayandığımıza  görə döyüşdə üstünlüyə malik idik, amma mən atəş açmağı qadağan etdim. Nə etmək olar? Allah bilən məsləhətdir!” Allaha güvənən Bakı xanı Sisianovun kəlləsini “Müjdə tabağında” Bakıdan Təbrizə göndərmişdi. 

44 günlük Vətən Müharibəsi, Haqq davası, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Bizim işimiz haqq işidir! Biz Zəfər çalacağıq! “Qarabağ Azərbaycandır!”  nidası ilə başladı. Yüzillər boyu üstümüzə gələnlərin dərsi verildi. Sisianovun Abidə Sütununu söküb, abidəyə hörən  millət indi Qarabağda, Şərqi Zəngəzurda daşı-daş üstə qoymayanların üstünə daş tökür – Vətənin bir parçasını-ayrılmaz tərkib hissəsini Yenidən Qurur!

Şərəf Cəlilli 

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.

Ən son

TARİX

Hüseynqulu xanın general Sisianova tarixi dərsi – “Həmişə siz birinci başlamısınız…”
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin