Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk gününün sonunda Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib.
Baki-baku.az xəbər verir ki, WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sessiyanın ilk günündə müzakirələrə ümumi yekun vurub.
Onun sözlərinə görə, müzakirələr bir daha göstərdi ki, Yeni Şəhər Gündəliyi qəbulundan on il keçməsinə və icrasının orta mərhələsinə çatmasına baxmayaraq, yalnız aktual deyil, həm də zəruridir. Şəhərlərimizin qarşılaşdığı problemlər getdikcə daha mürəkkəbləşir və bu səbəbdən ambisiyalar da daha güclü olmalıdır: “Bu gün səsləndirilən çıxışlar və tematik panellər bir əsas mesajı önə çıxardı: mənzil məsələsi şəhər siyasətlərimizin və siyasi öhdəliklərimizin mərkəzində qalmalıdır. Eyni zamanda, müzakirələr bir daha təsdiqlədi ki, mənzil gündəliyi iqlim gündəliyindən ayrılmazdır. Necə tikdiyimiz, harada tikdiyimiz və şəhərlərimizin necə inkişaf etdiyi yalnız iqtisadi rifahı deyil, həm də iqlim gələcəyimizi müəyyən edəcək”.
Qeyd edilib ki, kompakt şəhər planlaşdırılması, yaşıl nəqliyyat və təbiətə əsaslanan həllər həm ətraf mühitin qorunmasını, həm də həyat keyfiyyətini yaxşılaşdırır. Buna görə də şəhər və iqlim gündəliklərinin əlaqələndirilməsi həyati əhəmiyyət daşıyır. Bununla yanaşı, müzakirələr yaxın illərdə daha çox diqqət tələb edən digər bir vacib məsələni də önə çıxarıb: sağlam şəhər mühiti. Sağlam və dayanıqlı şəhər həyatı yalnız ekoloji məsələ deyil, həm də ictimai sağlamlıq, sosial bərabərlik və həyat keyfiyyəti məsələsidir.
Şəhərlərin planlaşdırılması, nəqliyyatın təşkili, torpaqdan istifadə və mənzil strukturları insanların gündəlik həyatına birbaşa təsir edir. Buna görə də davamlı şəhər inkişafı dayanıqlı şəhərlərin əsas elementi kimi qəbul edilməlidir. Müzakirələrdə bütün regionlardan mənzilin əlçatanlığı, qeyri-formal yaşayış məntəqələri, münaqişədənsonrakı bərpa, iqlimə uyğunlaşma, şəhər yenilənməsi, maliyyələşdirmə mexanizmləri və inklüziv planlaşdırma kimi məsələlər üzrə vacib fikirlər səsləndirilib.
A.Quliyev vurğulayıb ki, Azərbaycan üçün bu dialoqa ev sahibliyi xüsusi əhəmiyyət daşıyır. Bakıdan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına qədər əldə edilən təcrübə göstərir ki, şəhər planlaşdırılması və mənzil siyasəti yalnız texniki məsuliyyət deyil, həm də dayanıqlılıq, sabitlik və uzunmüddətli inkişaf üçün strateji alətdir: “Məqsədimiz sadəcə yenidənqurma deyil, daha yaşıl və dayanıqlı şəhər inkişafı modeli qurmaqdır. Bu təcrübəni qlobal platformada paylaşmaq bizim üçün böyük şərəfdir.“
WUF13-ün milli koordinatoru, həmçinin diqqətə çatdırıb ki, WUF13 çərçivəsində əldə olunan təcrübəyə əsaslanaraq UN-Habitat ilə birlikdə gələcək forumların təşkili üçün əməliyyat bələdçisi hazırlamaq niyyəti gündəmdədir və dünən bu istiqamətdə niyyət məktubu imzalanıb. O, eyni zamanda, növbəti forumun ev sahibi olacaq Meksikanı təbrik edib və Azərbaycan tərəfinin öz təcrübəsini paylaşmağa hazır olduğunu ifadə edib.
Sonda A.Quliyev WUF13-ün ilk nazirlər görüşünün ilkin xülasəsini təqdim edib.