BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasında təşkil edilən həll laboratoriyaları şəhərlərin gələcəyinə dair innovativ ideyaların və praktik yanaşmaların hazırlanmasına mühüm töhfə verəcək.
Baki-baku.az xəbər verir ki, bu fikirləri banqladeşli nümayəndə, SERAC təşkilatının icraçı direktoru SM Shaikat Uşaq və Gənclər Assambleyasının iclasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu məkan artıq sadəcə konfrans zalı funksiyası daşımayacaq, eyni zamanda ideyaların, təcrübələrin, yaradıcılığın və praktik həllərin formalaşdığı canlı laboratoriyaya çevriləcək.
“Məqsəd yalnız çıxışları dinləmək deyil, iştirakçılar arasında fikir mübadiləsi aparmaq, müzakirələr təşkil etmək və ortaq həll yolları hazırlamaqdır.
Sessiyalar şəhərlərin yaşanılabilənliyinə, həmçinin uşaqların və gənclərin urban məkanlardakı gələcəyinə təsir edən əsas çağırışlara həsr olunub.
Bu həll laboratoriyalarında yaradılacaq işçi qrupları yerli təcrübələri siyasət və icra mexanizmləri ilə əlaqələndirən strateji yanaşmalar hazırlayacaq”, – deyə SM Shaikat vurğulayıb.