İqlim siyasətinin milli səviyyədə müəyyən edilən tövsiyələrlə uyğunlaşdırılması nəticəsində şəhərsalma məzmununun payı 49 faizdən 2025-ci ilədək 80 faizə yüksəlib.
Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində görüşdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu göstəricilər mühüm irəliləyiş hesab olunsa da, hələ kifayət etmir. İcra prosesinin qeyri-bərabər getdiyini və bir sıra sahələrdə yetərli səviyyəyə çatmadığını vurğulayıb. Rossbax qeyd edib ki, bu sahədə dayanıqlı investisiyalara ciddi ehtiyac var.
“Dünyada 1 milyarddan artıq insan gecəqondularda və ya qeyri-formal yaşayış ərazilərində məskunlaşıb. Hər il 150 milyondan çox insan bu cür şəraitdə dünyaya gəlir. Bu, yalnız müəyyən regionlara aid olmayan, qlobal miqyaslı bir çağırışdır. Evsizlik problemi bütün dünyanı əhatə edir və xüsusilə iqlim dəyişiklikləri fonunda daha da kəskinləşir. Daşqınlar, quraqlıqlar, qasırğalar və digər təbii fəlakətlər bu vəziyyəti daha da ağırlaşdırır. Son 20 il ərzində şəhər əhalisinin 80 faizdən çoxu bu problemlərin təsirini birbaşa hiss edib”, – deyə o bildirib.