Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/28/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Gözəlliyin, zərifliyin, nəcibliyin ünvanı – Zərifə Əliyeva

Zərifə Əliyeva

İkinci yazı

Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər

Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanımın mənəvi dünyasına yaxından bələd olan insanlar “Sənsiz günəşsiz qaldı günlər” deyirlər.

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual potensial, analitik təfəkkür kimi ali keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti, ağ libası, mənalı ömür yolu ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.

Ulu Öndərin mənəvi dayağı

Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin  və Tibb İnstitunun qurucusu, xalqımızın böyük oğlu Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilmişdir.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri  ölkənin Birinci şəxsinin xanımı, sarayın Baş xatunu olduğu zamanlarda nümayiş etdirmiş, Ulu Öndərimizə mənəvi dayaq, arxa olmuşdur.

Nina Şulpina: “Zərifə xanımın bədii duyumu, istedadı bənzərsiz idi. Məharətlə ifa edir, nəğmələr oxuyurdu”

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim, fitri istedad sahibi idi. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin anasıdır.

Professor Nina Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü.

Bir qadın kimi də Zərifə Əziz qızı haqqında bir neçə kəlmə deməyə bilmərəm. Təbiət ona qeyri-adi qadın cazibədarlığı bəxş etmişdi. Onun görkəmi, qalın saçları, sifətinin qövsvari cizgisi, açıq alnı, insanın qəlbini riqqətə gətirən qara gözləri heyranlıq doğurmaya bilməzdi. Zərifə Əziz qızının bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunurdu. Mən onu heç zaman əsəbi, gərgin görməmişəm. O, həmişə gülərüz, xeyirxah idi. Zərifə xanımın əlləri xüsusilə insanı valeh edirdi. Bu balaca qadın-cərrah əlləri sanki təmasda olduğu hər şeyə istilik verirdi, eyni zamanda bu əllərdə ailə qayğılarının, qadın əməyinin izlərini də sezmək mümkün idi. Belə ki, Zərifə xanım yüksək təbəqəyə mənsub olsa da ev işlərindən boyun qaçırmazdı”.

Zərifə xanım haqqında əsər yazası olsaydım, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım

Dünya oftalmologiya elminin digər tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyiblər. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi.” Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu “Nəciblik və mənəvi paklıq timsalı” adlandırıb. Professor V.V.Şmelyeva isə “Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”, deyərək onun mənəvi dəyərlər tarixindəki yerini müəyyənləşdirmişdir.

Ana sevgisindən  Ana-Vətən sevgisinə

Zərifə xanım Əliyeva az yaşadı. Cəmi-cümlətanı 62 il.  1985-ci il aprelin 15-də Moskva şəhərində dünyaya vida nəğməsi oxudu, ömür-gün yoldaşının siyasi fəaliyyyətinin Moskva dövrü ilə bağlı orada dəfn olundu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci mərhələsində – 1994-cü ildə  imzaladığı sərəncamla nəşi Moskvadan Bakıya, Fəxri Xiyabana köçürüldü, atası Əziz Məmmədkərim oğlu Əliyevin məzarı yanında  torpağa verildi.

Zərifə xanım Əliyevanın adına çox abidələr ucalıb,  çox ünvanlar verilib. Akademik Zərifə Əliyeva adına Azərbaycan Oftalmologiya İnstitutu  və Naxçıvanda adına bağışlanan Muzey ziqimətlərdəndir. Bu onun bir alim, oftalmoloq və  vətəndaş kimi ana südü kimi halal haqqıdır. Bir ülviyyət isə var ki, onu heç nə ilə müqayisə etmək olmaz. Bu Şuşanın işğaldan azad olunduğu günün adı ilə bağlıdır. Şuşa işğaldan azad olunduqdan 66 il öncə  Zərifə xanım Əliyeva Ulu Öndərin bəy kəcavəsinə minib gəlin getmişdi.  Onun Müzəffər Ali Baş Komandan, Sərkərdə-Xaqan  oğlu  2020-ci il noyabrın 8-də Ana sevgisindən  Ana-Vətən sevgisinə körpü salmışdı. Beşikbaşı laylalarında övladına sonsuz, hüdudları məlum olmayan Vətən sevgisini aşılayan Anaya bundan böyük mükafat olmazdı!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin