Gindes soyadı artıq yüz ildən çoxdur ki, Azərbaycanın səhiyyə tarixində hörmət və qürurla xatırlanır. Bu görkəmli pediatr alim, yəhudi mənşəli olub və Azərbaycanda səhiyyənin, xüsusilə də uşaq tibbinin formalaşmasına və inkişafına böyük töhfə verib. O, həm tibbin nəzəri əsaslarının, həm də praktik istiqamətlərinin inkişafında mühüm rol oynayıb. Gindesin fəal və gərgin fəaliyyəti Azərbaycanın tarixində çətin və ziddiyyətli bir dövrə təsadüf edib. Bu dövr müxtəlif böhranlar və dəyişikliklərlə yadda qalıb. Həkimlər haqqında adətən minnətdarlıq hissi ilə danışılır. Belə bir fikir var ki, “həkimin vətəni olmur”, yəni həkim sərhədlərdən asılı olmayaraq insanlara kömək edir. Yevsey Yakovleviç Gindes bu məsələyə bir qədər fərqli yanaşırdı.
Arxiv sənədləri onun haqqında geniş təsəvvür yaradır. Bu materiallarda sənədlər, şəkillər və Rusiyanın müxtəlif şəhərlərində yaşayan həmkarları ilə yazışmalar yer alır. Məktubların əsas mövzusu pediatriya sahəsində fikir mübadiləsi, elmi işlərin müzakirəsi, təbriklər və müxtəlif toplantılara dəvətlər olub. Bu məktublardan birində Xarkovdan olan həmkarı N. Şalinski ondan soruşur: onun vətəni haradır? Arxivdə saxlanılan cavab məktubunda professor belə yazıb: “Mənim vətənim uşaqlardır.”

XX əsrin əvvəlində Yevsey Gindes Azərbaycan səhiyyəsində tanınan simalardan birinə çevrildi. Onu çoxları nazir və ya pediatr kimi tanıyır. Gindesin həyat yolu göstərir ki, o, bütün fəaliyyətini tibbə həsr edib. Kiyev Universitetinin tibb fakültəsində təhsil alıb, Aleksandrov xəstəxanasında işləyib, Kiyev bakteriologiya institutunda elmi tədqiqatlar aparıb və elmi məqalələr dərc etdirib. 1905-ci ildə Bakı neft sənayeçiləri qurultayı tərəfindən təşkil olunmuş tibbi-sanitariya məsələləri üzrə ümumrusiya müsabiqəsində qalib gəldikdən sonra, o, Bakıda 150 çarpayılıq ilk uşaq xəstəxanasına – Qaraşəhərdə yerləşən xəstəxanaya direktor təyin olunub. Onun səyləri nəticəsində bu müəssisə Qafqazda ilk tamhüquqlu pediatriya mərkəzinə çevrildi. Gindes Bakı iqlimi və sosial şəraitində uşaqlarda rast gəlinən xəstəliklərin xüsusiyyətlərini araşdırırdı. Artıq 1906-cı ildə o, ilk dəfə uşaqlar üçün yay sağlamlıq düşərgələri təşkil etdi və fəhlə uşaqları üçün körpələr evi açdı.
Əczaçılar arasında onun “kasıblar üçün” adlı xeyriyyə möhürü məşhur idi. Resept yazarkən çox vaxt ehtiyacı olanların dərman pulunu özü ödəyirdi. Gindesin bu fəal xeyriyyə fəaliyyəti neft sənayeçilərinin rəhbərliyini qane etmədi və o, xəstəxananın direktoru vəzifəsindən uzaqlaşdırıldı. Bu qərar cəmiyyətdə geniş əks-səda doğurdu. Mətbuatda qeyd olunurdu ki, onun nəzarəti altında uşaqlar arasında ölüm halları demək olar ki, baş vermirdi, o, hər uşağa fərdi yanaşır və insanların etimadını qazanırdı.

İctimai təzyiq nəticəsində Gindes yeni şəhər uşaq xəstəxanasına rəhbər təyin olundu. O, xəstəxananı yenidən qurdu və xüsusilə xəstələrin qidalanmasına böyük diqqət ayırdı. Uşaq ölümünün qarşısını almaq üçün üsullar hazırladı, xüsusi uşaq qidalanma sistemi qurdu və “Süd damcısı” adlı xüsusi yemək menyusu tətbir edilən mətbəx yaratdı. Bu mətbəxin Bayıl və Sabunçuda filialları var idi. Hazırlanan məhsullar pulsuz uşaq ambulatoriyaları vasitəsilə paylanırdı.
1907-ci ildə onun rəhbərliyi ilə indiki B. Səfəroğlu küçəsində yerləşən “Uşaq ölümü ilə mübarizə cəmiyyəti” yaradıldı. Bu təşkilatın məqsədi uşaq ölümünün səbəblərini aradan qaldırmaq və uşaqların mənşəyindən, yaşından və dinindən asılı olmayaraq onların sağlam inkişafını təmin etmək idi. Cəmiyyət uşaqları yemək və yaşayış yeri ilə təmin edir, tibbi yardım göstərir, yetimləri sığınacaqlara və sanatoriyalara yerləşdirir, həmçinin süd müalicəsi üsullarını tətbiq edirdi. Məhsullar ya ucuz qiymətə satılır, ya da pulsuz verilirdi.
Gözlənilməz bir hadisə baş verdi: 1913-cü ildə kasıb ailələrdən olan uşaqlara təmənnasız və pulsuz yardım göstərdiyinə görə, Bakı neft sənayeçiləri şurasının qərarı ilə Gindes Qaraşəhər xəstəxanasından işdən çıxarıldı.
1918-ci il 26 dekabrdan 1919-cu il 14 martadək Gindes Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri vəzifəsində çalışıb. Qısa müddətdə o, bir neçə pulsuz xəstəxana açmışdı ki, həmin xəstəxanalarda uşaqların müalicəsinə xüsusi diqqət yetirilirdi. Həmin xəstəxanalarda müayinələr aparılır, ağır xəstələr müalicə olunur, sağalan uşaqlar isə maddi dəstəklə ailələrinə qaytarılırdı.
Qarışıq və çətin şəraitdə o, həmçinin Uşaq həkimləri Assosiasiyasını yaratdı. Bu qurum pediatriya problemlərinin müzakirəsi və xəstəliklərin qarşısının alınması ilə məşğul olurdu. Sonralar o, həyatının bu dövrünü gizlətməyə məcbur oldu. Onu təqiblərdən və Stalin repressiyalarından qoruyan isə Gindesin tanınmış uşaq həkimi olması və Bakıda qazandığı böyük hörmət oldu.
1918-ci ilin faciəli hadisələri zamanı valideynlərini itirmiş uşaqlara yardım bürosuna rəhbərlik etdi. Tanınmış pediatrın iştirakı ilə minə yaxın uşağı qəbul edə bilən sığınacaqlar yaradıldı. Yay aylarında “Nina” adlı barjada üzən koloniya təşkil edildi. Orada vərəm xəstəsi olan uşaqlar müalicə alırdı.
Bundan əlavə, Gindes uşaqların müdafiəsi liqasına rəhbərlik edirdi. Bu təşkilat yeniyetmələrin sosial bərpası və onların normal həyata qaytarılması ilə məşğul olurdu.
Həkim mətbuatda da fəal çıxış edir, Bakıda uşaqlar arasında xəstəliklərin yayılması və pis sanitar şəraitlə bağlı məsələləri qaldırırdı. Məqalələrində mövcud vəziyyəti tənqid edir, uşaq ölümünün yüksək olduğunu vurğulayır və müasir tibbi müəssisələrin yaradılmasının vacibliyini qeyd edirdi.

Sovet hakimiyyəti dövründə o, Azərbaycan Xalq Cümhuriyyəti vaxtında nazir işlədiyini gizlətmək məcburiyyətində olsa da, fəaliyyətini davam etdirdi. Gindes “Şamaxinka”da yerləşən uşaq xəstəxanasına rəhbərlik edirdi və 1922-ci ildən həmin xəstəxananın baş həkimi oldu.
150-dən çox elmi işin müəllifi olan Gindes 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru və professor adını aldı. O, həmçinin Azərbaycan Tibb İnstitutunda uşaq xəstəlikləri kafedrasına rəhbərlik edib və “Respublikanın Əməkdar həkimi” fəxri adına layiq görülüb.
Həyatının sonuna qədər öz peşəsinə, xalqına, xüsusilə də uşaqlara sadiq qaldı və həkim etikası prinsiplərinə ciddi şəkildə riayət edirdi. Onun fəaliyyəti yüksək qiymətləndirildi və bir sıra fəxri adlar, mükafatlar və medallar aldı.
1911-ci ildə Gindes fəhlə uşaqları üçün Zaqulbada sümük vərəmi sanatoriyası açdı. Bu sanatoriyanı vərəmdən vəfat etmiş oğlunun xatirəsinə yaratmışdı. Gindes bir müddət Almaniyada yaşamış, orada öz klinikasını açmışdı. Epidemiyalar zamanı gənc həyat yoldaşı ilə oğlunu itirmiş və bundan sonra hər bir uşağın həyatı uğrunda mübarizə aparacağına söz verdi.
Bu sanatoriya Rusiya imperiyasında üçüncü ictimai dənizkənarı sanatoriya sayılırdı. Sanatoriya əməliyyat otağı və gimnastika zalları ilə təchiz olunmuşdu. Üst mərtəbə uşaqlar üçün palatalardan ibarət idi: 14 çarpayılıq bir böyük palata və hərəsində iki çarpayı olan üç kiçik palata var idi. Bütün palatalar hündür, işıqlı və yaxşı havalandırılan idi, mebellər isə ağ rəngdə idi. Palataların pəncərələri dənizə baxırdı.


Aşağı mərtəbədə xidməti otaqlar yerləşirdi. Bina tam elektrik işıqlandırması ilə təmin olunmuşdu və su xətti fasiləsiz işləyirdi. Sanatoriyanın nəzdində ikinci dərəcəli meteoroloji stansiya da fəaliyyət göstərirdi.
Birdəfəlik 12 000 rubl ianə edən şəxslər və müəssisələr sanatoriya fəaliyyət göstərdiyi müddətdə bir çarpayının onların adı ilə adlandırılması hüququnu əldə edirdilər. Hər il 500 rubl ianə edənlər isə bu hüquqdan yalnız bir il müddətində yararlana bilirdilər.
Sanatoriyada həkim daimi olaraq yaşayır və fəaliyyət göstərirdi. Orada klinik və kimyəvi-bakterioloji müayinələrin aparılması üçün laboratoriya fəaliyyət göstərirdi. Eyni zamanda əməliyyat otağı və sadə tibbi cihazların, eləcə də protezlərin hazırlanması üçün xüsusi otaq mövcud idi. Bütün xəstələr qəbuldan əvvəl rentgen müayinəsindən keçirilir və onların fotoşəkilləri çəkilirdi.
Sümük vərəmi olan xəstələrin müalicəsində əsas yanaşma ortopedik və konservativ üsullara əsaslanırdı. Müalicə prosesində günəş, qum, hava və dəniz vannalarından geniş istifadə olunurdu. Xəstələrə gücləndirilmiş qidalanma təyin edilir, eyni zamanda onlar üçün nisbi istirahət şəraiti yaradılırdı.

Azərbaycan Tibb Muzeyində onun həyatı və fəaliyyətinə həsr olunmuş ekspozisiyalar nümayiş olunur.

1932-ci il 4 noyabr tarixində ona “Azərbaycan SSR-in Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verildi. Gindesin fəaliyyəti humanizm, mərhəmət və insanlara xidmətin rəmzinə çevrildi.
Yevsey Yakovleviç Gindes 5 sentyabr 1954-cü ildə həyatının böyük hissəsini həsr etdiyi Bakı şəhərində vəfat etdi.
Azərbaycan müstəqillik qazandığı dövrdə ölkədə çətin və qarışıq vəziyyət hökm sürürdü və bu, səhiyyə sistemində də problemlərə səbəb oldu. Sanatoriya binası uzun müddət istifadə olunmadı və baxımsız vəziyyətdə qaldı.
Vətəndaşlarımızın həyat və sağlamlığının qorunması məsələsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu üçün Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2019-cu ildə Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinə başlanıldı.

2022-ci ildə Prezident İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Qeyd edək ki, sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub.
Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərəcək. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir.

Azərbaycanın sosial siyasətində uşaqlara qayğı həmişə mühüm yer tutur. Bu sahədə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən görülən işlər də xüsusilə diqqət çəkir. Onlar tez-tez xəstəxanalara gedir, müalicə alan uşaqlarla görüşür, onlarla ünsiyyət qururlar.

Bu görüşlər rəsmi ziyarətdən daha çox, səmimi münasibət kimi yadda qalır. Xəstəxanalarda şəraitin yaxşılaşdırılması, yeni avadanlıqların alınması və uşaqlar üçün daha rahat mühitin yaradılması istiqamətində işlər görülür. Bu da onların daha yaxşı müalicə almasına kömək edir. Ümumilikdə, bu qayğı təkcə sözlə deyil, real addımlarla hiss olunur və cəmiyyətdə müsbət qarşılanır.

Yevsey Yakovleviç Gindesin həyatı göstərir ki, bir insan öz işinə həqiqətən bağlı olsa və özünü deyil, insanları düşünsə, çox böyük işlər görə bilər.
Bu gün də bu qayğı davam edir: müasir tibbi müəssisələr tikilir, müalicə şəraiti yaxşılaşdırılır, uşaqlara daha çox diqqət və dəstək göstərilir. Bütün atılan addımlar uşaqların daha tez sağalmasına və özlərini daha yaxşı hiss etməsinə kömək edir.
Nəticə etibarilə görünür ki, uşaqlara qayğı sadəcə sözlər deyil, cəmiyyətin gələcəyi üçün atılan və xüsusi əhəmiyyət kəsb edən konkret addımlardır.
Hacı Cavadov