Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.
Bu barədə Baki-baku.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.
Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılmışdır. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.
“Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi İdarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır”, – məlumatda qeyd olunub.